525.Az

İki pyesin fərqli modeli (2-ci yazı)


 

İki pyesin fərqli modeli <b style="color:red">(2-ci yazı)</b>

professor    

Mötəbər mənbələrə müraciət etməklə Azərbaycan dövlətçiliyi tarixindəki müstəsna mövqeyi ilə xalqın yaddaşında silinməz yer tutaraq şifahi xalq ədəbiyyatının çoxsaylı folklor nümunələrində də yaşayan Cavad xanla bağlı müxtəlif məqamları nəzərdən keçirmək mümkündür. Belə ki, “Kartli-Kaxetiya çarı II İraklinin 1752-ci ildə digər xanlarla birgə əsir götürdüyü, Şəki xanı Hacı Çələbinin sayəsində azad olunan atası Şahverdi xanın”  oğlu olan Cavad xanın hakimiyyəti yaxın Şərqdə və Qafqazda geosiyasi vəziyyətin gərgin olduğu, 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın Tiflisə hücumunda iştirakı ilə Qafqazda dini qarşıdurma zəminində yeni bir ziddiyyətin əsasını qoyduğu tarixi bir dövrə təsadüf edir. Kərim xan Zəndlə daxili çəkişmələrlə bağlı ordusunu geriyə çəkən Qacarı cəzalandırmaq niyyətinə düşən çar hakimiyyətinin cənub siyasəti yeni mərhələyə qədəm qoyur. I Pyotrun başa çatdırmadığı Şərqin işğalı siyasətini həyata keçirmək istəyən II Yekaterinanın general V. A. Zubovun (1771-1804) otuz minlik ordusu ilə Dərbənd, Şamaxı, Bakı, Səlyan, Gəncə və digər şəhərləri tutması birinci rus işğalını gerçəkləşdirsə də, anasının ölümündən (06.11.1796)  sonra taxta çıxan I Pavel bu yürüşü dayandırdı. Rusiyaya birləşdirilən, Şərqi Gürcüstandan asılı olan Qazax, Borçalı və Şəmsəddil sultanlıqlarının da işğal altında qalması ilə 9 yanvar 1803-cü ildə: “Bütün Gəncə erməniləri rus ordusunun gəlişini səbirsizliklə gözləyirlər” (Ziya Bünyadov Azərbaycan tarixi. B., 1994. s. 571) yazan rus generalı P.D. Sisianovun həmin ilin yazında Alazan çayını keçərək Car-Balakən ərazilərini də tutması işğalı genişləndirir. 29 noyabr 1803-cü ildə P.D. Sisianovun Şəmkirdən Cavad xana yazdığı: “Gəlmişəm ki, şəhərinizi Avropa adəti üzrə tutam. Sizdən ikicə söz tələb edirəm, birini seçin: Hə, yaxud yox”  məktubuna cavab olaraq uğurun Allahın əlində olduğunu bildirməklə: “Gəncəyə yalnız mən öləndən sonra girə bilərsən” deyən Cavad xanın: “Əslində bədbəxtlik səni Peterburqdan izləyə-izləyə bura gətirib” (Ziya Bünyadov Azərbaycan tarixi. B., 1994.s.571) fikri sərkərdənin qətiyyətini səciyyələndirir.

3 yanvar 1804-cü ildə P.D. Sisianovun başçılıq etdiyi işğalçı rus ordusuna qarşı döyüşdə oğlu Hüseynqulu ağa ilə birlikdə həlak olmaqla misilsiz qəhrəmanlıq nümunəsi göstərən Cavad xandan sonra 11 may 1805-ci ildə Kürəkçay müqaviləsinə əsasən Qarabağ, on gün sonra Şəki xanlıqlarının müstəqilliyini itirərək rus çarının vassalına çevrilməsi ilə 27 dekabr 1805-ci ildə Şamaxı xanlığının da Rusiyanın tərkibinə daxil edilməsi baradə I Aleksandra raport göndərərək öz qoşunu ilə Bakıya istiqamət götürən P.D. Sisianovun İçəri şəhərin Şimal-Şah Abbas darvazası yaxınlığında Bakının açarlarını qəbul edərkən Rusiya ilə Azərbaycan xanlıqları arasındakı danışıqlara münasibətdə: “Qartal milçəklə danışığa girməz” deyə təhqiredici mövqedə dayanan P.D. Sisianovun Hüseynqulu xanın bibisi oğlu İbrahim bəy Dərbəndini qətlə yetirməsi (08.02.1806) Cavad xanın: “Əslində bədbəxtlik səni Peterburqdan izləyə-izləyə bura gətirib” (Ziya Bünyadov Azərbaycan tarixi. B., 1994.s.571) öngörənliyini təsdiqlədi.

Xüsusən müstəqilliyimiz əldə olunduqdan sonra dövlətçilik ideyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan Cavad xan fenomeninin davamlı olaraq gündəmdə saxlanması dövrün tələbidir. Sabir Rüstəmxanlının ssenarisi əsasında rejissor Rövşən Almuradlının 2009-cu ildə lentə aldığı “Cavad xan” filmi də dövlətçilik ideyası zəminində həllini tapdı. Bununla belə, dövrün mənzərəsini yetərincə yaradan romantizm cərəyanı çərçivəsində mövcud olub Cavad xanın öngörənliyinin əksər epizodlara tətbiq olunması lüzumsuz göründü. Aradan üç il keçmiş Cavad xan mövzusunun səhnəyə gəlişi məmnunluq doğursa da, yenidən tarixi keçmişlə öyünməklə müasir dövrdə gecikmiş görünən romantizm cərəyanının tətbiqi ilə yanaşı bir daha hansısa tarixi kitabın simvola çevrilməsi və öngörənliyin cənub küləyinin yaratdığı üşütmə ilə əvəzlənməsi təkrarçılığın altından xətt çəkdi.

Hüseynbala Mirələmovun pyesi əsasında Dövlət Dram Teatrında Bəhram Osmanovun tamaşaya qoyduğu “Gəncə Qapıları” tarixi dramının ilk epizodunda 1748-ci ildə Gəncədə anadan olub Qarabağ hakimi İbrahim xanın xeyir-duası ilə otuz yeddi yaşında xanlıq taxtına çıxdığını, indi isə təkləndiyini bildirən Cavad xanın öz mətnində dövrünün geosiyasi vəziyyətini canlandırmaq cəhdindən sonra arvadları; üç oğul doğmuş kəndli Şükufə, İrəvan xanı Məhəmməd Həsən xanın bacısı, dünyaya dörd qız gətirmiş Mələknisə, milliyyətcə erməni, sonsuz Astagül xanımın saraya gəlmə tarixçələrinin üzə çıxması romantizm cərəyanına məxsus şəxsi motivi ön plana çəkir. Növbəti epizodda əslən gürcü olub yeddi minlik qoşunu ilə Tiflisə daxil olan Pavel Dmitriyeviç Sisianovun yavəri Portnyaka canının heç qızmadığını söyləməsi, gürcü çarı Georginin qızı Nonanın yüzillərdi cənubdan, yəni Gəncədən əsən soyuq küləklərin bütün Gürcüstanı üşütdüyünü bildirməsi simvolçuluğu önə çəkir. Cavad xanın qaynı, Astagülün qardaşı, dəyirmançı Lorisin atasının qorumağı vəsiyyət etdiyi Vartapet Foma  Metsopskinin “Teymurləngin tarixi” kitabını əvvəldən axıra kimi yaxşı-yaxşı oxumağa qərar verməsi, o cümlədən  göyçəli Vəli xanla irəvanlı Məhəmməd xanın mövqe seçə bilməmələri, sona qədər missiyası müəmmalı qalan Hacıməliyin kişiliyin qanunundan danışması gözönü hadisəsizlik sistemində dəyişməz qalan növbəti personajları struktura qoşur. Nəhayət ki, yuxu səhnəsində ağ tuman-köynəkdə, gücü tükənmək üzrə olan Cavad xanın kəndirləri darta-darta arxasınca 1139-cu ildə gürcü çarı birinci Dmitrinin, Şəmsəddin döyüşündən sonra hərbi qənimət kimi aparıb Heart monastrında  saxladığı ağır Gəncə darvazasını dartması tamaşanın mövzusunu cücərdən rüşeymini diqqət mərkəzinə gətirir. Cavad xanın Gürcü çarı Georgiyə məktub göndərib Helati monastrında saxlanılan Gəncə qapılarını istəməsi obrazlaşdırılan əşyanın dramaturji struktura qoşulması sosioloji baxımdan da suallar doğurur.

Həmişə döyüşdə qələbə  çalanda rus kimi tərifləndiyini, məğlub olanda isə qabiliyyətsiz gürcü kimi məzəmmət olunduğunu bildirməklə imperiya siyasətini səciyyələndirən Sisianovun tatarların təkcə kişilərinin deyil, arvadlarının da igidliyini vurğulayan Dmitriyə xanlıqlar arasındakı ziddiyyətlə bərabər erməni xəbisliyindən, xainliyindən, satqınlığından istifadə etməyi məsləhət görməsi imperiya siyasəti ilə bağlı I Pyotrın vəsiyyətini dolayı yolla struktura gətirir. Vartapet Foma Metsopskinin tərcümeyi-halını danışan Lorisin gecə, xoruz banına qədər Gəncədə Cavad xanın sarayının darvazasını bərkdən döyərək hamilə gəlinin doğuş məqamında onu Qafqazın yeni sərdarı Sisianovun əmri ilə Tiflisə aparmaq istəməsi gözönü hadisəyə sanki təkan verir. Lakin Cavad xanın əllərini göyə qaldıraraq duasında Vətənini, xalqını hifz etməyi rəbbindən təmənna etməsi dini motivi qabardır. Lorislə söhbətində Cavad xanın sarayında əsirlikdəki yüz gürcünün knyaz nəslindən olduqları iddiasının üzə çıxması, işğal şərtləri fonunda Gəncə xanlığının Rusiyanın himayəsinə keçməyinin qətiyyətlə bildirilməsi müstəqilliyin qorunacağı iddiasını vurğulayır.

Şəmsəddin mahalının Gürcüstana verilməyəcəyini deyən Cavad xana oğlu Hüseynqulu ağanı Tiflisdə  Sisianovun yanında əmanət qoymaq şərtini qoyan Lorisə orada qoşa Gəncə qapıları kimi iki qiymətli əmanət saxlanıldığının bildirilməsi, çar Georgiyə, Sisianova çox da arxayın olmamağın məsləhət bilinməsi ilə döyüş yolunun seçilməsi tarixi faktı önə çəkir. Paralel olaraq Nonanın mətnində Gürcüstanın hansısa itirilmiş torpaqlarının taleyindən söz açması əks mövzunu müəmmalı şəkildə qabardır. Sisianovun sirr saxlamağı bacarmayan Avar hökmdarı Əhməd xana yazdığı məktubda əzazilliyindən söz açmaqla, insan kəllələrinin yerdə alma kimi diyirlənməsindən, çaylardan su əvəzinə qan axmasından həzz aldığını bildirməklə guya Cavad xanı qorxuya salmaqla təxribat yaratması da müəmmalı görünür.

Çar Georginin sarayında ələ keçiriləcək  Şəmşəddin, Qazax, Gəncə mahallarında kilsələr tikmənin vacibliyindən söz açmaqla imperiya siyasətinin də xaç yürüşünün tərkib hissəsi olduğunu önə çəkən Keşiş Sisianovun onun yanına təşrif buyurmadığını söyləməklə bu maraqlı müddəanın üzərinə kölgə salır. Övladları Uğurlunun uşağının “adqoyma” mərasiminə çağırdığı xanları Azərbaycanın qurtuluşu naminə səfərbər etməyi vacib sayan Şükufə xanımın bütün mahalla birgə qardaşlarının da ayağa qalxacağını bildirməsi Vətəni müdafiənin mənzərəsini yaradır. Sarayda “adqoyma” mərasiminə yığışaraq memar Sadığın tikdiyi Cümə məscidindən, kəsilən gümüş pullardan danışan xanların rusların Gəncəyə yürüşünə hazırlaşmalarından söz açmaları fonunda sülh, əmin-amanlıq naminə İrandan, Qarsdan köçürülən  erməniləri İrəvan xanlığında yerləşdirən, hətta kilsə tikdirməyə belə icazə verən Məhəmməd xanın: “Amma indi görürəm ki, düz etməmişəm. Belə getsə əmin – amanlıq naminə deyəsən hər şeyi verəcəyik” cümlələri gələcəyi səciyyələndirə bilir. Stabilliyi dəyərləndirən hakimiyyətə öyrəşəndən sonra onu heç vəchlə itirmək istəmədiyini boynuna alan Vəli xanın vaxtilə işğalçı Zubovla olduğu kimi indi də, Sisianovla dost olmağı məsləhət bilməsi təslimçiliyi vurğulasa da, Cavad xanın müqəddəs dövlətçilik uğrunda ölümə hazır olduğunu bildirməsi ideyanın təntənəsinə çevrilir. Gəncədən əsən cənub küləyindən büzüşüb üşüyən, qadınları çoxdan unutduğunu söyləyən, beş yüz əsgərinin qarın ağrısına tutulduğu bilinən Sisianovun Ramazan bayramında müsəlmanların hazırladıqları plovun ətrindən bihuş olub qazanların ağzının  açılmamasına qərar verməsi məntiqsiz görünsə də, üfüqdə Bakının görməsi, məhz o şəhərdəki son döyüşdə hərbi karyerasını başa vuracağını söyləməsi vacib tarixi faktın struktura gətirilməsinə zəmin yaradır. Döyüşqabağı dəyirmançı Lorisin Gəncənin xəritəsini işğalçı orduya hədiyyə verməsi, bacısından övlad əmələ gətirmədiyindən gələcəkdə onlara vəzifə, var-dövlət çatmayacağına görə  Cavad xana düşmən kəsildiyini bildirməsi ilə, üç mindən artıq olmayan döyüşçüsü ilə gürcülərin də əlavə olunduqları yeddi minlik rus ordusuna məğlubiyyəti səhnə arxasında qalan Cavad xanın yoxluğundan sonra Sisianovun Gəncəni alması, dükan-bazarı talaması, yanan evlərin alovunun, ağlaşma sədalarının ərşə dirənməsi, camaat canını qurtarmaq üçün qaçıb girdiyi Şah Abbas məscidinə də od vurulması, adamların diri-diri yanıb kül olması barədə kəndli Hacıməliyin balaca oğlunun informasiyası məğlubiyyətin mənzərəsini yaradır.

“Teymurləngin tarixi” kitabı ilə səhnəyə çıxan Lorisin oxuduğu sətirlərdəki: “Teymurləng bütün  haykazyan, yəni erməni xalqını pərən-pərən salandan sonra qəddar hakimlərini çağırıb soruşdu: “Əvvəlki padşahlardan bir kəs bu cür şücaət, mərdlik göstərmişdirmi?  Onlar cavab verdilər: “Xeyr, sən peyğəmbərdən də   çox ehtiram və şənə layiqsən. Allah etdiyin bütün günahları bağışlamışdır. Hələ  bundan sonra yeddi il də qan tökə bilərsən. Sən – cənnətdə, düşmənlərin  isə cəhənnəmdə olacaqlar!”. (Kitabı örtür) Hm, belə çıxır ki, bu dünyada olduğu kimi, o dünyada da bizim işimiz fırıqdır...” (Hüseynbala Mirələmov. Gəncə Qapıları. s.27)  cümlələri ilə öz qövmünü ələ salması müəllifin qalibiyyəti sözdə təmin etmək istəyindən irəli gəlir.

Ağ  tuman-köynəkdəki Cavad xanın ruhunun Gəncə darvazalarını arxasınca dartmaq cəhdi yuxu ilə bağlı mövzu-fantaziyanı finalda canlandırmaqla əsərin məhəlli ideyasına işləyən bədii çərçivəni mexaniki yolla olsa da tamamlayır. Ruhların görüşündə Cavad xanın ruhunun düşmənindən başının harada olduğunu soruşması, başını Hüseynqulu xanın  Bakıda – qala divarları önündə kəsdiyini, yalnız bədəninin dəfn edildiyini bildirən Sisianovun arxasınca nə apardığını soruşduqda “Gəncə qapıları...” cavabını alması əsəri mövcudluğunu hissiyyat gerçəkliyinə söykənən, maksimum şəxsi, minimum ictimai motivi ilə müasir cəmiyyət kontekstindən kənarda qalan romantizm cərəyanında qoruyan ideya müstəvisində bitirir.

Qeyd etmək lazımdır ki, dövrün diqtəsi sayılan cərəyansız ədəbiyyat və sənətin mövcudluğunun mümkünsüzlüyü, o cümlədən teatrımızın yaranışından irreallıq-reallıq seçimi qarşısında qalması, vaxtilə Cəfər Cəfərov və Şıxəli Qurbanov arasında da mübahisə obyekti olan romantizm – modernizm məsələsinin gündəmə gəlməsi  bu gün də aktualdır. Müasir aktyor məktəbinin də romantizm, realizm, absurdizm, psixologizm istiqamətindəki inkişafda ləngiməsi də danılmaz faktdır. Qarabağ probleminin kapitalizm quruculuğu ilə eyni vaxta düşdüyü dolaşıq bir zamanda realist ruhlu “Vicdanın hökmü”, “Xəcalət” pyesləri ilə torpaq azadlığı mövzusunu vətəndaş mövqeyindən gündəmdə saxlayan Hüseynbala Mirələmovu hansı cərəyanda yazmaqda günahlandırmaq olmaz. Əlbəttə ki, müasir mərhələdə demokratiya və bazar iqtisadiyyatının sənət ekvivalenti sayılan modernizm cərayanına məxsus əsərlərə tələbat yarandığından seçim də rejissora məxsusdur. ADMİU-da qonaq olarkən “Tbilisinin üç məşhur meydanında rejissorların heykəlinin olduğunu” söyləyən Robert Sturuanın “repertuarı ümummilli maraqlara yönəltməklə, yalnız dövlətçiliyə xidmət edən gürcü teatrının ictimai fikrə fəal təsir göstərən tribuna mövqeyində qalmasını” xatırlamaq gərəkdir. Sözsüz ki, ideyanın maddiləşmə forması olub materialı deyil, müəllifi əhatələndirən üslubun peşə cəbbəxanasına bələdçilik dərəcəsi əsasdır. Bununla belə demokratiyanın yaratdığı imkan daxilində qoyulan problemə öz dərdini qata bilən müəllif fərdi üslubunu meydana çıxarır.

 





20.05.2013    çap et  çap et