525.Az

Vahid Əziz- Sarı simnən...


 

Vahid Əziz- <b style="color:red">Sarı simnən...</b>

Ustad tarzən, Azərbaycanın Xalq artisti Ramiz Quliyevə ithaf olunur

 

Duyduqca ürəyim nur varaqlayar,

Dərər ümidlərim bar sarı simnən.

Elə pıçıldayar – kar da ağlayar,

Bayılar vicdanı kor – sarı simnən.

 

Asiman yoludur məğrur biləyi,

Pərdələr – muğamlı körpə bələyi,

Tardı millətimin Sevgi mələyi,

Hər qəlbin söhbəti var sarı simnən.

 

Ağlayan gözlərdə yaş dili bilər,

Çeşmələr dindirər, daş dili bilər,

Peyğəmbər xislətlim quş dili bilər,

Toxuyar al-əlvan xalları simnən.

 

Könüllər güldürər, qəmlər sildirər,

Dastanlar danışar, müjdə bildirər,

Ürəyi nəğməli ərlər-ərənlər

Yerinnən oynadar dağları simnən.

 

Xalqıma yad olan bəstələr, sürün!

Tar, sənə qurbanam, hər yerdə görün!

Mizrabda baxta bax! – sədəf ömrünün

Yaşana ən gözəl çağları simnən.

 

Gümüşü zildədir, qızılı bəmdə;

Hikmətlər görmüşəm yazılı simdə,

Qardaşım Ramizin tar sinəsində

Segaha çəkdirər ahları simnən...

30.04.2013

 

 





20.05.2013    çap et  çap et