525.Az

Qulam Məmmədli təzkirəsinin ilk nəşri


 

Qulam Məmmədli təzkirəsinin ilk nəşri<b style="color:red"></b>

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun
direktor əvəzi, filologiya elmləri doktoru   

Görkəmli jurnalist, tədqiqatçı, dəyərli salnamələr müəllifi Qulam Məmmədlinin (1897-1994) ədəbiyyat, mədəniyyət tariximiz qarşısındakı ən böyük xidməti ömrü boyu səbr və təmkinlə saysız-hesabsız mənbələri araşdıraraq oradakı məlumatları ortaya çıxarmasından, bunların əsasında samballı əsərlər yazmasından ibarətdir. Əziz Şərifin sözləri ilə desək o, həmişə “ölçüsüz ağır işlərin altına girmiş”, həmişə qarşısına qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlmişdir. Q.Məmmədli Təbrizdə doğulmuş, ehtiyac üzündən bir müddət Aşqabadda yaşamış, oradan Bakıya gəlmiş, II Dünya müharibəsi illərində Sovet Ordusunun tərkibində Təbrizə gedərək Cənubi Azərbaycanın mədəni tərəqqisində iştirak etmiş, sonra yenidən Bakıya qayıtmış, ömrü boyu ədəbiyyatımıza, mədəniyyətimizə dair mənbələri araşdıraraq bir-birindən dəyərli tədqiqat əsərləri yazmışdır. Onun ədəbiyyat tariximizə dair ilk ciddi tapıntısı 1942-ci ildə Təbrizdə bir dəftərdə aşkar etdiyi istedadlı satirik şair Mirzə Əli Möcüzün əsərləri olmuşdur. O, Sabir ədəbi məktəbinin o vaxta qədər naməlum qalmış bu nümayəndəsinin əsərlərini ilk dəfə Sovet-İran Mədəni Əlaqələr Cəmiyyətinin köməyi ilə nəşr etdirmiş, ön sözdə şairin yaradıcılığını təhlil etmişdir. Tədqiqatçının Təbrizdəki digər dəyərli tapıntısı məşhur kolleksiyaçı Hacı Məhəmməd Naxçıvaninin kitabxanasından aşkar etdiyi XVI-XVII əsr anadilli abidəmiz olan Fədai adlı şairimizin “Bəxtiyarnamə” poemasıdır. Q.Məmmədli əsəri 1945-ci ildə Təbrizdə ön sözdə nəşr etdirərkən əlyazmanın başdan, ortadan düşmüş vərəqlərinin mətnini Vəhid Dəstgərdi tərəfindən farsca çap edilmiş “Bəxtiyarnamə”dən tərcümə edərək “bərpa etmişdir”. O, Təbrizdə Hacı Məhəmməd Naxçıvaninin kitabxanasındakı əlyazma əsasında XVIII-XIX əsrlərdə yaşamış şairimiz Heyran xanım Dünbülinin əsərlərini də ilk dəfə çap etdirmiş, kitaba 10 səhifəlik maraqlı ön söz yazmışdır.

Təbrizdə Q.Məmmədli milli hərəkata həsr olunmuş, 1942-ci il hadisələri, “Tudə” partiyasının fəaliyyəti və S.C.Pişəvərinin mübarizəsinə həsr olunmuş “Xiyabani” əsərini yazmışdır.

Sonrakı illərdə Bakıya qayıdan tədqiqatçı özü ilə Təbrizdən çoxlu sayda sənədlər, əlyazmalar, mətbuat nümunələri gətirmiş, bunların araşdırılması ilə məşğul olmuşdur. Onun hal-hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivi öz zənginliyi ilə diqqəti cəlb edir. Ədibin şəxsi arxivində Azərbaycanın nəşr tarixinə, tear tarixinə dair topladığı materiallar, elm, tarix, ədəbiyyat, incəsənət və s. sahələrdə çalışmış 182 adda Azərbaycan ziyalısına həsr edilmiş yazılar, vaxtı ilə “Molla Nəsrəddin” məcmuəsində nəşr etdirdiyi satirik hekayə və lətifələr, şifahi xalq ədəbiyyatı nümunələri, qəzet və jurnalların biblioqrafiyası və digər materiallar vardır.

Q.Məmmədli arxivində C.Məmmədquluzadənin həyat və yaradıcılığına dair materiallar, ona aid mətbu və qeyri-mətbu yazılar, məqalələr, resenziyalar, məktublar, xatirələr toplanmış, Bakıda və ondan kənarda – Naxçıvan, Şuşa, Tiflis, Aşqabad, İrəvan, Həştərxan, Daşkənd, Moskva, Orenburq, Təbriz, İstanbul və s. şəhərlərdə çıxan qəzet və məcmuələrdən kəsilmiş məqalə və resenziyalar da yerləşdirilmişdir. O, bu materiallar əsasında 1966-cı ildə “Molla Nəsrəddin” adlı əsərini çap etdirmişdir.

Ədibin şəxsi arxivini nəzərdən keçirərkən görürük ki, onun işıq üzü görmüş “Hüseyn Ərəblinski (aktyorun həyat və fəaliyyətinə dair sənədlər toplusu)”, “Azərbaycan teatrının salnaməsi”, “Cahangir Zeynalov”, bir çox digər əsərləri üçün topladığı materiallar burdadır. Qulam Məmmədlinin şəxsi arxivində onun uzun illər ərzində apardığı axtarışlarının, topladığı materialların bəhrəsi olan təzkirəsi çap edilməmiş qalırdı. Altı cild halında toplanmış “Qulam Məmmədli təzkirəsi (Azərbaycanlı alim, yazıçı, şair və başqa görkəmli xadimlər haqqında biblioqrafik materiallar)” adlı əsəri çapa hazırlamaq o qədər də asan məsələ deyildi. Əsərdə adların əlifba sırası ilə düzülüş qaydası pozulmuş, bir sıra səliqəsizliklərə, təkrarlara yol verilmişdi ki, bunların öhdəsindən səbrlə gəlmək lazım idi. Əlyazmalar İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimova qarşısında duran çətinliklərin öhdəsindən ləyaqətlə gələrək Qulam Məmmədli təzkirəsini “Elm və təhsil” nəşriyyatında çap etdirmişdir. Kitaba yazdığı ön sözdə tərtibçi Qulam Məmmədlinin həyat və yaradıcılığı barədə məlumat vermiş, təzkirənin əhəmiyyətini nəzərə çatdırmaq üçün ədəbiyyatımızda təzkirəçilik tarixini nəzərdən keçirmişdir. A.Rəhimova yazır ki, müəllif Azərbaycan ədəbiyyatına, mədəniyyətinə dair əksər təzkirələrdən bəhrələnmiş, məlumatları müqayisə etmişdir, ən diqqətəlayiqi isə budur ki, təzkirəsini ana dilində yazmışdır. O, təzkirənin nəşrə hazırlanması prosesi barədə yazır: “Əsərin istər transfoneliterasiyası, istərsə də üzərində apardığımız kornektə, redaktə işi zamanı mətnşünaslıq qaydalarından kənara çıxmamağa çalışırıq. Lakin cüzi olsa da mətnə müdaxilə etmək məcburiyyətində qalmışıq. Əsərdəki şəxsiyyətlər haqqında verilən təkrarlar, yəni bir şair haqqında iki və ya bir neçə dəfə verilən eyni məlumatlar aradan götürülmüş, cümlələrdəki üslub xətalarına düzəliş verilmiş, müəllif tərəfindən tərtib olunmuş naqis adlar göstəricisi yenidən əlifba sırası ilə düzülərək tamamlanmışdır. Təzkirənin özü isə əlifba prinsipi əsasında yenidən qurulmuş, şairlərin sonda olan təxəllüslərinin yeri dəyişdirilərək ad və soyadlarından önə keçirilmişdir”. A.Rəhimova təzkirədə adları çəkilən müəlliflərin adlar göstəricisini tərtib edərək kitaba əlavə etmişdir.

F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları”, İ.Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi”, Salman Mümtazın “Azərbaycan ədəbiyyatı (el şairləri)”, Ş.Saminin “Qamusül-elam”, “Sicilli-osmani”, “Şəqaiqün-Nemaniyyə” kitablarından, S.Əfşarın “Məcməül-xəvas”, Ə.Bağdadinin “Gülşəni-şüəra”,  L.Azərin “Atəşkədə”, M.M.Nəvvabın “Təzkireyi-Nəvvab”, M.Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirələrindən, “Övraqi-nəfisə”, “Şəfəq”, “Azərbaycan” və s. dərgi və qəzetlərdən toplanmış materiallar əsasında tərtib edilmiş bu təzkirə ədəbiyyatla bərabər incəsənət, tarix, fəlsəfə, coğrafiya və başqa elmləri də əhatə edir.

Q.Məmmədli təzkirəsinə qədim dövr ədəbiyyatından nümunələr, orta əsrlərdə, XVI-XX əsrlərdə yaşamış şairlərimiz barədə məlumatlar və onların yaradıcılığından nümunələr salınmışdır. Əsərdə tanınmış şəxsiyyətlərlə bərabər ayrı-ayrı dairələrdə tanınıb ümumxalq səviyyəsində məşhur olmayan insanlar haqqında da məlumatlar əksini tapmışdır.

Qulam Məmmədli təzkirəsi ədəbiyyat və mədəniyyət tariximizə dəyərli töhfədir. Görkəmli ədibimizin uzun illərdən bəri arxivdə əlyazma halında qalmış əsərini nəşr etdirərək geniş oxucu kütləsinə təqdim edən Aybəniz Rəhimovanın əməyini xüsusi olaraq qeyd etmək istərdik. Əminik ki, Qulam Məmmədlinin bu təzkirəsi ədəbiyyat tariximizlə məşğul olan tədqiqatçıların hərtərəfli araşdırma obyektinə çevriləcəkdir.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Azadə Musabəylidir.

 





20.05.2013    çap et  çap et