Rəşid Faxralı
Bircə gün Bakının küləyi kəsə
Bircə gün Bakının küləyi kəsə,
Bircə gün saçını mən sığallıyam.
Gözəlim, saçını yarıya bölüb
taraz sığallıyam, tən sığallıyam.
Yarpaqlar bir səhər külək yerinə
Ruhumdan süzülən səsimi uda.
Yer göyə, göy yerə boylana, yenə
şehli bənövşəni bir gülmək tuta.
Təzə şikəstəyə köklənən anda
Uçunan səsimdən tutub gələsən.
Əlindən ağ yellər tutmuşdu onda,
İndi nəfəsimdən tutub gələsən.
Göylər üzə gülür...
Göylər – gümüşü,
Sən gələn yollara gur işıq düşə.
Sənin gülüşünlə göyün gülüşü
Göz açıb yumunca qarışıq düşə.
...Göyün kürlüyünü gün batan çağı
savaba tən olan xata biləsən.
Bu boyda, biçimdə xeyirxahlığı
Sevgimə ad olan buta biləsən.
Bircə gün Bakının küləyi kəsə,
Bircə gün səsimdən tuta biləsən...
Nə deyir bizə?!
Yamyaşıl çəməndə şehli güllərin
Xumarı varıymış, məsti varıymış.
İndi anladm ki, ötən illərin
Rəşid Faxralıynan qəsdi varıymış.
Sərin külək əsə yuxularında
yanan ocaqların odu sönməmiş.
Gözləri ovula intizarın da,
Qərib qəriblikdə daşa dönməmiş...
Yox, yox, yük olmayıb illərə inan,
Qoymayıb izini yellər daraya...
Yellər də bilib ki, əlindən tutan
yolu hardan gəlib, gedir haraya.
Göyün göy üzündə görünən dolu
kimi hədələyir göz görə-görə?
Üzü astarına çevrilən yolu
gileyə bələyir göz görə-görə.
Bir haray hönkürür gecələrində,
Bir haray hönkürür qulağı səsdə.
Ömrünü dağlayır gecələrin də;
Durna qatarına dönən diləyi
içindən köç edir dəsdəbədəsdə.
Bu haray nə vaxtdı durubdu qəsdə,
Elə bil göyün də çatmır havası.
Beş addım o yanda bir daşın üstə
döşəli qalıbdı bir quş yuvası...
Elə bil çatıbdı, axır saatdı,
Ağac da, budaq da bihuş görünür.
Dağılan yuvanın çöpləri altda
qanadı qırılmış bir quş görünür.
...Ömrün payızını demirəm...
Bu an
Payızın küləyi nə deyir bizə?!
Yuvası daş üstə döşəli qalan
bu quşun taleyi nə deyir bizə?!
Quzu
Gülürsən, güləyən quzu,
Gülüşüylə dan yerini
Büküb-bürmələyən quzu,
Göy üzünün göylüyünü
yerə kürmələyən quzu,
Gülərüz üzləri görüb
şirincə mələyən quzu,
Bilmirsənmi başın üstə
Domokl qılıncı durur.
Səni bunca əzizləyən
taleyinə tələ qurur.
Səni əzizləyən səni
yamaca, döşə çəkəcək.
Başına sığal çəkənlər
ətini şişə çəkəcək...
Səbr çiçəyi
Müəllimim, professor Cahangir
Məmmədliyə sevgilərlə
İllərdi incəliklə
dilində dincəlir söz.
Könlündən şəbnəm içib
bir az da incəlir söz.
Könlün – Əmrə ocağı,
Dilin – təkbir çiçəyi.
Hər ömür – bir bilməcə...
Kükrədi, əsdi yellər,
İlin-günün bu vaxtı
necə tələsdi yellər...
Necə soldurdu, necə
təkbir-təkbir çiçəyi...
Təzə görüb elə bil
Təzə qəbir çiçəyi...
Ömürləşən illərin
nə ağırmış
şələsi.
Hər ölüm – vaxtsız ölüm,
Yığvalsız, baxtsız ölüm
gecənin dan üzünə
qurtuluşsuz tələsi...
Ustadımız, ustadım,
Ömrün bundan beləsi
sənə səbr çiçəyi...
Heyif...
A baxtavar, elə bilmə
yadam mən Akif Səmədə.
Akif Səməd
Təbərrik edə bilmədik
o anı Akif Səmədə.
Üzərrik edə bilmədik
amanı Akif Səmədə.
Neçə yoxu var elədi,
Duyduğunu car elədi,
Öz kəlamı dar elədi
dünyanı Akif Səmədə.
Yolu bürüsə də çisək,
Mənzil yordu çitək-çitək,
Tanrı vermişdi butatək
irfanı Akif Səmədə.
Ölüm bir sınaq elədi,
Nə boyda günah elədi!..
Görən kim urcah elədi
Şeytanı Akif Səmədə?
Nə bilirik, incə bilək,
Ruhu dillənincə bilək...
İndən belə İncə* bilək
zamanı Akif Səmədə.
–——————————
* İncədərəsi anılır.
Biz görüşən yerdəki gül
Yadındamı, bir sən idin,
bir mən idim, bir də ki, gül.
Göyü yerə səsləyirdi
biz görüşən yerdəki gül.
Niyə günüləyir bizi? –
Yox, belə deyildi yağış.
Yağdı, qoşa izimizi
birdəfəlik sildi yağış.
Göylər bizi aldatmadı,
Gördük ki, gümüşdü yağış...
Yarpaqları islatmadı,
Aramıza düşdü yağış.
Yolumuzu gözləmədə
Yol-iz, çəmən, bir də ki, gül.
Xal cücərdib ləçəyində
biz görüşən yerdəki gül...
Daş düşəydi kaş...
Dənəbir-dənəbir qar yağa...
Gülüm,
Saçında dincələ qar dənələri.
Əl əldə isinə, xatırlayaydıq
ilk görüş gününü, sonra nələri...
Neçə illər keçib...
Bir vaxtlar sən də
Ömrümə çökürdün qar dənəsitək.
Elə bilirdim ki, göyün üzündə
bu biçim qar daha görünməyəcək.
...Qar yağa...
Hər tərəf ağ paltar geyə,
Sovruq da tələsik ötüşəydi kaş.
Ürkəcək qar yağa...
Qar əvəzinə
Görüş yerimizə daş düşəydi kaş...
Dan yeri sökülməsin
Gecədir...
Gecə vaxtı
Mən oyağam,bir də ki
Şeirlərim oyaqdı...
Ləngiyən saatların
Ömrünü içir gecə.
Dəqiqələr keçincə
canından keçir gecə...
Gecənin can köynəyi
İlmə-ilmə sökülür,
Yenə çılpaq yuxusu
hara gəldi tökülür,
Gözlərimə çırpılır
dan yerinin qoxusu...
Yenə pəncərənizin
gözünə gün düşəcək.
Səni aparıb gedən
yollar düyün düşəcək.
İçin-için güləcək
həsrət gecə uzunu.
Şeirlərim siləcək
dan yerinin üzünü.
Yenə ləngiyəcəksən,
Yollar tünlük olacaq.
Ağ ümidim qəfildən
çilik-çilik olacaq.
...Gecə – intizarımın
təklənən güman yeri...
Belə söküləcəksə,
Sökülməsin dan yeri...
Gəl...
Küsüb getdin,
Ümidimin ilməsini
Birdəfəlik üzüb getdin,
Küsənim, gəl,
Qərənfilim,
yasəmənim,
süsənim, gəl.
Sular kimi axıb gedən,
Yellər kimi əsənim, gəl...
Gəl ki, göylər,
Gəl ki, yerlər
“Gözün aydın!” deyə bilsin
taleyinə gün doğana.
Göy üzünün göy qurşağı –
Göyqurşağı
yeri-göyü qucaqlasın
Günbatandan Gündoğana!..
Yol gedirəm
Ürəyimdən enib yanar,
Dindirməsən dinib yanar,
Sözüm oda dönüb yanar
Ürəyimdən diliməcən.
Kim deyir uzağam, yadam,
Özünə yad olmaz adam.
Əl uzadan çoxdu, atam,
Kösöyümdən külüməcən.
Əridəmməz ömürü qəm,
Dərdinə dönən mürüdəm.
Yol gedirəm, ömürümdən
içimdəki ölüməcən.
lll
Qədər dedik axıb gedən axına da,
Sinəmizin çalın-çarpaz dağına da,
Qardaş olduq uzağa da, yaxına da,
Ağır sınaq səninkidi, mənimkidi.
Dərə boyu dərə boyda daş axıdan,
Daş axıdan, tərs axıdan, çaş axıdan,
Sənin, mənim əvəzimə yaş axıdan
axar bulaq səninkidi, mənimkidi.
Yoldan-izdən daş qopardıb dizlərimiz,
Yuxumuza dar gəlibdi gözlərimiz.
Dilimizdə közə dönüb sözlərimiz,
Çatan soraq səninkidi, mənimkidi...
Axın-axın hara gedir bu köç belə
Yol-yolağı dizləriylə silə-silə.
Necə uyub, niyə uyub şirin dilə,
Sönən ocaq səninkidi, mənimkidi.
Bizsiz qalan ata yurdu üşüyəcək,
Haylamaqdan dilinə ağ bəz düşəcək...
Dözə-dözə dözümü də üyüşəcək,
Ağlar qınaq səninkidi, mənimkidi.
lll
Görən yuxu görürmü heç
Gecələr gözləri açıq
yatmışlara gülən adam.
Gecələr dirilər kimi
Görən yuxu görürmü heç
Ölmüş adam, ölən adam?
Ölüm bir ayrı çək-çevir,
Ölüm bir ayrı qan-qada,
Nələr çəkir ölən adam? –
yanında bir kimsəsi yox
ki, gördüyü yuxusunu
Tələsik yuya, danışa...
Su yoxdu suya danışa,
Son nəfəsindən ayrılan
Ruhunu almır yaxına
Bu daracaq, bu dar kaha.
Əli çatmır salavata,
Dili dönmür bismillaha...
Ömür bir az unutdurur
Qəbirdəki yuxuların
yozumsuzluq qorxusunu...
Bəlkə elə Allah yozur
Ölənlərin yuxusunu?..
... o tək palıd, bir də ki, mən
Bu dağ həminki dağ deyil,
Həminki dağ deyil bu dağ.
Yamacdakı tək palıdı
Yerə dartışdırır budaq.
Yaddaşımda qımıldanır,
Palıd, palıdın kölgəsi;
Günçıxandan günbatana
Palıd dağın köləsiydi,
Biz ağ kölgənin köləsi.
Bizi görcək boy verərdi,
Sovuşardı əndişəsi.
Qoymazdı ki, üstümüzə
Yağış yağsın, Gün döşəsin.
...İllər keçib...
Yaş altımış,
Unutmaram o ərki mən.
Gülüm, səni yaşadacaq
o tək palıd, bir də ki, mən...