525.Az

Dörd il və ...qarşıdakı bir ömür


 

Dörd il və ...qarşıdakı bir ömür<b style="color:red"></b>

Universitet hər şeydən əvvəl tələbə həyatıdır. Bu qaynar tələbə həyatı universitetin məzmunu, mənasıdır. Bakı Dövlət Universiteti həm öz miqyası ilə, həm fakültələrinin və ixtisaslarının sayı ilə və həm də tələbələrinin miqdarı ilə Azərbaycan təhsil mühitinin aparıcı müəssisəsidir. Burada rəhbərlik-tələbə, müəllim-tələbə münasibətləri bir çox mənada ideal səviyyədə qurulub.
 
Və... etiraf edək ki, bu münasibətlərin ideallığı birbaşa universitetin rektoru, akademik Abel Məhərrəmovun həm pedaqoji yaradıcılığından, həm də rəhbərlik prinsiplərindən qaynaqlanır. Rektora görə universitetdə hər şey tələbə üçün, hər kəs tələbə üçündür. Hər il sentyabrın ilk dərs günündə rektorun birinci kurs tələbələri ilə görüşü universitetə ilk dəfə qədəm basan tələbənin  ömür yaddaşına çevrilir. Həmin gün, elə o ilk görüşdəcə hələ ağlında orta məktəbin isti münasibətlərinin nostalji hisslərini yaşayan bu gənclər rektorun səmimi, bir az kövrək, bir az lirik hisslərlə söylədiyi nitqindən dəqiq anlayırlar ki, bəlkə də indi daha doğma, daha səmimi bir mühitə düşüblər...

İllər keçir və bu tələbələr hər gün, hər saat rektorun qayğısını hiss edir, öz evləri, öz valideynləri qədər əziz və doğma universitet mühitinin səmimiyyətindən ayrılmaq istəmirlər. Və rektor haçansa-dörd il əvvəl birinci kursun birinci dərs günündə görüşlərinə gəldiyi bu tələbələri bir də dördüncü kursun sonunda – onların universitetdən ayrılmaq vaxtının  məqamında o tələbələrlə görüşə gəlir. Bu dəfə onları daha yaxşı dinləmək, problemlərini öyrənmək, xüsusilə qarşıdakı dövlət imtahanlarını uğurla başa vurmaq üçün ürəkləndirmək, tövsiyələrini vermək üçün. Bu görüşlərdə heç bir tələbənin sözünün ürəyində qalmaması üçün onlara iki gün vaxt ayırır: dəqiq elmlər fakültələri və humanitar elmlər fakültələri. Bu, bir ənənədir. Abel Məhərrəmov universitetdə yetişib boya-başa çatan tələbələrin – cəmi ikicə aydan sonra bir mütəxəssis kimi müstəqil iş həyatına qədəm qoyacaq bu gənclərin elmi, psixoloji, peşə hazırlığının nə yerdə olduğunu bir daha şəxsən özü öyrənmək istəyir.

Bu dəfəki ənənəvi görüş mayın 15-də və 16-da baş tutdu. Saat on birdir. Universitetin dəhlizlərində qəribə bir tələbə axını var. Kənardan bir reportyor gözü ilə baxıram və bu tələbə axını içimdə bir qürur hissi doğurur. Çünki universitetin son kursunda oxuyan,  yaxın günlərdə bu isti yuvanı tərk edəcək tələbələrin üzündə, gözündə hər şeydən – ölkədən, onun inkişaf sürətindən, yeni həyatdan və nəhayət, Azərbaycan deyilən bu məmləkətin qürur yerlərindən biri olan Bakı Dövlət Universitetindən bir razılıq, bir arxayınlıq ovqatı var...

Tələbələr universitetin böyük akt salonuna toplaşır və təyin olunmuş dəqiq vaxtda rektor görüşə çatır. Tələbələrin üzündə, gözündə müstəqil insanın, sözünü mütləq deyə biləcək adamın arxayınçılıgı var. Rektor əvvəlcə özü qısa bir nitq söyləyir. Onun bu nitqində sabah istehsalata yollanacaq bu tələbələrin müstəqil Azərbaycan deyilən gözəl bir Vətənləri olduğunu, bu Vətəni Heydər Əliyev kursu ilə sabaha inamla aparan Prezident İlham Əliyevin gənclərə bəslədiyi inamın, güvəncin böyüklüyünü, elmi, pedaqoji istiqamətdə fəaliyyət göstərmək istəyənlərə universitet qapılarının həmişə açıq olduğunu, bu son kurs tələbələrindən ayrılmağın şəxsən onun üçün də çətin olduğunu dilə gətirir. Rektorun nitqində qəribə kövrək hisslər var və bu kövrəkliyi onun aşağıdakı sözləri bir az da artırır:

– Universitet sizin həyatınızda silinməz iz buraxacaq. Burada təhsilə sərf etdiyiniz dörd il bundan sonrakı ömrünüzün təməli olacaq. Bu sonrakı ömür universitetdə aldığınız bilikdən çox asılı olacaq. İndi dünyanın aparıcı dövlətləri keçmişdəki  kimi silahlarının çoxluğu ilə deyil, elmi potensialının gücü ilə öyünməyə başlamışdır. Bu elmi gücü xalqa, millətə universitet verir. Universitet müqəddəs bir məbəddir, bu məbəd sizin yolunuzu nurla dolduracaq və həmişə – həyatınızın bütün anlarında sizin köməyinizə gələcək. Bu köməyin daha etibarlı, daha dayanıqlı olması üçün biz indi sizin dövlət imtahanlarından alınacaq qalıq biliklərinizi yoxlamaq istəyirik. Mən uzun illərin təcrübəsindən görmüşəm ki, dövlət imtahanları tələbələri daha məsuliyyətli olmağa sövq edir. Bilirsinizmi, universitet dörd möhtəşəm özül üzərində dayanan bir binaya bənzəyir. Bu özüllər ixtisas bilikləridir. Dövlət imtahanı sizə bu özülün nə qədər möhkəm olub-olmadığını göstərəcək. Heç nədən çəkinməyin, universitet rəhbərliyi, müəllimlər və şəxsən mən həmişə sizinləyəm.

Rektor daha bir çox ibrətamiz misallarla nitqini yekunlaşdırır:

– Mən bu görüşə sizi dinləmək üçün gəlmişəm. Kimin nə sözü var, buyursun!

Rektora sözü olan tələbələr səliqə-səhmanla salonun ortasında onlar üçün quraşdırılmış mikrofona yaxınlaşırlar. Hüquq fakültəsinin tələbəsi mülki hüquq kafedrasından dövlət imtahanlarına düşən sualların həddindən artıq çox olduğunu, digər kafedralarla müqayisədə tarazlığın gözlənilmədiyini bildirir. Rektor dərhal fakültənin dekanına sualları yarıya endirməyi tapşırır.

Valideynlərdən biri tarix fakültəsində oxuyan oğlunun həmişə imtahanlardan əla qiymətlər aldığını, lakin son bir imtahandan aşağı qiymətə görə fərqlənməyə düşmədiyini bildirir. Rektor dərhal prorektora göstəriş verir:

– Baxın, həqiqətən də o tələbə dörd il müddətində bütün imtahanlardan əla qiymət alıbsa, onun yenidən imtahan verməsinə şərait yaradın.

Jurnalistika fakültəsinin son kurs tələbəsi müəllimlərdən birinin (adını çəkir) ona qərəzli münasibət göstərdiyindən və ona qərəzlə aşağı qiymət yazdığından şikayət edir. Rektor məsələ ilə ciddi maraqlanacağını bildirir və elə tələbəni bu cəsarətinə görə də təqdir edir.

Daha sonra neçə-neçə tələbə tədris-təlimlə bağlı problemlərini dilə gətirir və rektor onların hər birini salonda oturmuş müvafiq qurum rəhbərlərinin yanına dəvət edib problemi dərhal – elə indicə həll etmək tapşırığını verir. İki saatdan çox davam edən görüşün birinci hissəsi bitmək üzrədir. Rektorun tələbələrin hər biri ilə şəxsən söhbətindən və bu söhbətin səmərəliliyindən çox razı qalan digər tələbələr bu razılıqlarını alqışlarla ifadə edirlər. Görüş çox səmimi keçir. Səmimiyyət o qədər güclüdür ki, görüş bitəndən sonra da tələbələr salonu tərk etmək istəmirlər.

Bir az keçir və salon boşalır. Hamı üçüncü mərtəbənin dəhlizinə çıxır. Ancaq dəhliz yenə də tələbə axını ilə üz-üzədir. Çünki bir neçə dəqiqədən sonra rektor daha beş fakültənin tələbələri ilə görüşəcək. Salona girənlərlə salondan çıxanlar arasında baş verən dialoqlarda ən çox eşidilən cümlə:

– Görüş çox səmimi keçdi. Gedin, nə probleminiz var rektora deyin. Hamısına çarə tapılacaq.

Könül NİFTƏLİYEVA
BDU-nun Jurnalistika fakultəsinin baş müəllimi
fəlsəfə doktoru

 





20.05.2013    çap et  çap et