525.Az

Mənim üçün Mopassan...


 

Mənim üçün Mopassan...<b style="color:red"></b>

Uzun illər öncəydi - hələ onda məktəbli idim - anamın işlədiyi məktəbin kitabxanasında kitabların yenilənmə işləri gedirdi.

Kitabxanaçı sinif yoldaşımın anası olduğundan mənim kitablara düşkünlüyümü bilirdi. Ona görə də anama xəlvəti demişdi ki, Şahanəyə denən gəlsin köhnə kitablardan ürəyi istəyəni seçib aparsın, onsuz da zibilliyə atılacaq. Bunu mənə deməkmi olar?! İki gün anamın şagirdləri ilə birgə evə kitab daşıdıq, özü də nə az-nə çox, üç yüzdən artıq...

... Onunla ilk tanışlığım da yarıqaranlıq, kitabları yerlə bir olmuş, toz iyi kitab qoxusuna qarışıb boğanaq bir ab-hava yaratmış həmin kitabxananın gözdən uzaq bir küncündə oldu. Əvvəllər onu heç görməmişdim, nə yalan deyim, heç adını da eşitməmişdim. O isə çox yaşlı idi. Bir küncdə sakitcə büzüşüb qarışıqlığa baxırdı, bəlkə də, ona nə zaman növbə çatacağını gözləyirdi. Kitabların arasında gözlərimin dumanlandığı, başımı itirdiyim halda onun necə fərqinə vardım bilmirəm. Ancaq nəysə məni özünə çəkdi elə bil. Görünür, kitabxanaçı onu çox yaxşı tanıyırdı. Diqqətlə ona baxdığımı görüb dedi:

- Mopassandır...

- Necə? - nə dediyini başa düşməmişdim.

- Deyirəm ki, Mopassandır. Gi de Mopassan - fransız yazıçısı... Çox maraqlı hekayələri var, istəyirsən onu da götür.

Həvəslə ona yaxınlaşdım, əlimi uzadıb götürmək istəyirdim ki, əlim havadan asılı qaldı: üstündə balaca bir kağıza həmin məktəbdə işləyən bir müəllimin adı yazılmışdı. Deyəsən, gecikmişdim, məndən öncə kiminsə diqqətini çəkmişdi artıq. Əlimi geri çəkdim:

- Bunu götürüblər. Mopassandan yenə də var?

- Yox, təəssüf ki, elə bir dənədi.

Böyük xəyal qırıqlığı ilə kitaba baxdığımı görüb sakitcə pıçıldadı:

- Götür qoy kitablarının arasına, soruşan olsa, bilmirik. O qədər kitab var ki burda, mən nə bilim kim götürüb? - gülümsəyib göz vurdu.

“Kitab və qələm oğurluğu haram sayılmır” təskinliyi ilə qırmızı üzlü kitabı götürüb öz kitablarımın arasına qoydum...

Həmin kitabxanadan gətirdiyim kitablar arasında ilk oxuduğum da məhz o oldu -  fransız yazıçısı Gi de Mopassanın Sovet dövründə nəşr olunmuş “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş “Seçilmiş əsərləri”...

Əvvəlcə kitabın mündəricatı ilə tanış olanda gördüm ki, sən demə, Mopassan xırda hekayələr yazırmış. Bir az da araşdırmadan sonra öyrəndim ki, romanları, povestləri olsa da, Mopassan bütün dünyada hekayə və novella janrının ustası hesab olunur.

Onun yaradıcılığından ilk oxuduğum hekayə “Gombul” oldu. Sonra “Eybəcərlər anası”, “Həsirçi qadın”, “Boyunbağı”, “Ehtiras”, “Şkaf”, “İntizar”, “Ay işığı”, “Daş-qaş”, “Dəli”, “Simonun atası”, “Bir yaz axşamında”, “Qol” və başqa hekayələri səhifələri çevirdikcə bir-birinin ardıyca düzülürdü. Daha sonralar “Həyat” və “Əziz dost” romanları da Mopassan qələmi haqqında mənə çox şeylər dedi.

Fransız klassiki Gi de Mopassan dünya ədəbiyyatında ən romantik müəlliflərdən biri hesab olunur. Onun, demək olar, bütün əsərləri yalnız bir mövzuya - ehtiraslı və hər şeyi unutduran sevgiyə həsr edilib. Mopassanın əsərlərinin qəhrəmanları həyatda gerçək sevgi axtarır və bəzən hətta ağıllarını itirəcək dərəcədə güclü sevgiyə təslim olmaqdan qorxmurlar.

Bu baxımdan diqqətimi çəkən və illər keçməsinə baxmayaraq, heç zaman unutmadığım hekayə “Həsirçi qadın”, yaxud başqa adla “Əbədi sevgi” hekayəsidir. Hekayənin əsas ideyası elə ilk cümlələrdən aydın olur: insan bir, yoxsa bir neçə dəfə sevə bilər? Bu hekayədə sevgiyə aid bir neçə tərif, fikir səslənir. Məsələn, “Sevgi içki kimidir. Bir dəfə dadan əbədi köləsinə çevrilir. Bu, ehtiras məsələsidir”. Və ya “Sevginin bir dəfə baş çəkdiyi qəlblər elə viran qoyulmuş, məhv edilmiş olur ki, orda başqa heç bir hiss kök sala bilməz, hətta arzular belə”. Hekayənin sonrakı inkişafında isə on bir yaşından başlamış əlli beş il boyunca, yəni, ta ölənə kimi bir qadının bir kişiyə olan qarşılıqsız sevgisindən söhbət açılır. Yəni, əbədi sevmək də mümkündür.

Bu hekayədə təsvir olunan hadisə və səslənən fikirlər bir az da Mopassanın öz həyatını xatırladır. Həyatının bütün dövrlərində müxtəlif qadınlarla eşq macəraları yaşayan yazıçının ömründə heç zaman unutmadığı bir qadın olur. Ermina adlı ailəli qadını sevən yazıçı çox uzun illər bu sevgisinə sadiq qalmış, heç zaman qovuşmadığı məhəbbətini ürəyinin ən dərin qatlarında qoruyub saxlamağı bacarmışdı. “Çox az adam bilir ki, yazıçı bir çox povest və hekayələrində Erminanın obrazını yaradıb. Onların münasibətləri Mopassanın sonuncu romanı “Bizim ürəyimiz”də xüsusilə faciəvi notlarla təsvir olunub”.

Mopassan yaradıcılığında məni özünə çəkən başlıca amil ən xırda həyat hadisəsindən bir neçə səhifəlik mükəmməl bir hekayəni yarada bilməsidir. Biri var əsəri yazmaq, qələmə almaq, biri də var yaratmaq... Mənə görə, Mopassan əsər yaradan yazıçılardandır.

Sonradan universitet illərində bizə onun “Gonbul” hekayəsi tədris olundu. Əsər Fransa-Prussiya müharibəsinin təsviri ilə başlayır. Prussiyanın qələbəsi ilə başa çatan müharibə özündən sonra dağıdılmış evlər, xarabazara dönmüş küçələr, əzilmiş ordu, ölü sükutuna qərq olmuş şəhər, var-yoxdan çıxmış, olan-qalanını qəsbkarlara yağmaladan bədbəxt fransızlar qoyub. Ancaq hadisələr irəlilədikcə müharibənin yaratdığı xarabalığın insanların bir-birinin ürəyində yaratdığı xarabalıqlardan dəfələrlə zərərsiz olduğunu görürük.

Düşmən tərəfindən zəbt olunmuş şəhəri tərk edən on nəfərlik qrupda şəhərin əsilzadə, zadəgən ailələri, sayılıb-seçilən xanımları ilə yanaşı, vaxtından əvvəl kökəlib yumrulandığına görə hər kəsin “Gonbul” adlandırdığı əxlaqsız qadın da var. Bütün yol boyunca bu əxlaqsız qadını özlərinə layiq bilmədikləri üçün üzünə baxmayan, saya salmayan əsilzadə xanımlar tələsik çıxdıqları yola yemək götürmədiklərini biləndə Gonbulun süfrəsində çörək kəsməyə məcbur olurlar. Daha sonra Prussiya əsgərləri yarı yolda onların karetini saxladıb Gonbula tamah salarkən həmin zadəgan xanımlar və nüfuzlu bəylər düşmən zabiti ilə bir gecəyə razı olması üçün onu dilə tuturlar, yalvarırlar. O isə baxmayaraq ki, bir çox kişi ilə birlikdə olub, bir növ “sənəti” budur, ancaq yenə də düşmən əsgəri ilə gecə keçirməyə razı olmaq istəmir. Onlar isə “sənin üçün nə fərqi var axı?”- deyərək öz mənafeləri uğruna onu qurban verirlər. Sonrasımı? Sonra isə bu qədər insanın düşmən əlində məhv olmasına göz yuma bilməyən əxlaqsız qadın onları azad etmək üçün həmin zabitlə bir gecəyə razılıq verir. Nəticədə hər kəs qurtulur, ancaq həmin o hörmətli, əxlaqlı xanımlar və bəylər onları azad etmək üçün yalvarışlara dözməyib özünü fəda edən qadının bu hərəkətini də əxlaqsızlıq adlandırıb ondan üz çevirirlər...


Mən çoxlarından fərqli olaraq Mopassanı hekayələri ilə tanıdıqdan sonra haqqındakı maraqlı məlumatları öyrənmişəm. Məsələn, bir çoxunuzdan Mopassanın kim olduğunu soruşsaq, “Eyfelə nifrət etdiyi üçün hər səhər yeməyini Eyfeldə - Eyfelin görünmədiyi tək məkanda yeyən yazıçı” cavabını verərsiniz, ya da onun həyatı haqqındakı ən yaxşı bilinən fakta - qadınlara düşkünlüyünə diqqət çəkərsiniz. Mənim üçün isə Mopassan bunların heç biri deyil.

Mənim üçün o, otuz yaşında yaradıcılığa başlayıb çox qısa ömür içərisində - cəmi 10 il müddətinə oxucularına, ümumilikdə dünya ədəbiyyatına çox zəngin irs qoyub gedən məhsuldar yazıçıdır. 43 yaşında həyata gözlərini əbədi yuman nasir üç yüzə yaxın novella, hekayə və altı romanın müəllifidir. 

Mənim üçün Mopassan sözü lakonik ifadə etməyin abidəsidir.

Mənim üçün Mopassan XIX əsr Fransa cəmiyyətinin və fransız insanının psixologiyasının ən mahir bilicisi və təsvirçisidir.

Mənim üçün Mopassan sevginin nə olduğunu hiss edən və hiss etdirən nadir yazıçılardandır.

Mənim üçün Mopassan qadını duyan kişidir.

Mənim üçün Mopassan romantik çalarlar fonunda həyatı realistcəsinə qələmə almağı bacaran söz ustasıdır.

Mənim üçün Mopassan aydın, səlis, dinamik və axıcı dildir. Adətən, dünya yazıçılarının dilini xarakterizə etmirəm. Çünki təəssüf ki, onları orijinaldan deyil, tərcümədən oxumaq imkanımız olur. Ancaq tərcümənin bu qədər axıcı, aydın və insanın könlünü oxşayan tərzdə olması orijinal dilin yüksək keyfiyyətinin xəbərçisidir. Burada yazıçının bir çox hekayələrinin tərcüməçiləri İsmayıl Şıxlı, Azad Yaşar və Hamlet Qocanı sayğı ilə yad edirik...

Və intihara cəhd etmiş, psixi problemlər yaşayan bir insanın bu qədər sakit, həzin və “ağlıbaşında” əsərlər yaratması mənim üçün hər zaman bir sirr və müəmmadır.

Beş avqust haqqında danışdığımız bu dahi yazıçının doğum günüdür. 1850-ci ilin bu günündə dünyaya təşrif buyuran və cəmi 43 il ömür sürən Gi de Mopassan artıq iki əsrə yaxın zamandır, yaşayır. Hələ bundan sonra da uzun, çox uzun illər yaşayacağına isə heç kimin şübhəsi olmadığını tam əminliklə deyə bilərik.

 

 





07.08.2017    çap et  çap et