525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət


 

Din və məhəbbət - <b style="color:red">faciələrə aparan ziddiyyət</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Sonralar Megginin ailəsində faciə baş verdi. Eyni gündə yanğında atası Peddi öldü və onun meyitini tapan oğlu Styuartı isə vəhşi qaban parçaladı.

Onların yanına gələn Ralf ata Meggini qucaqlayıb öpdü. Bu vaxt o, ağrını da, kilsəni də unutmuşdu. Allah da unudulmuşdu. Bir qədər sonra onları tərk edərkən anasından xahiş etdi ki, qızını ərə getməyə həvəsləndirsin, Meggiyə isə yalvardı ki, onu unutsun.

Artıq Ralf yepiskop idi. Meggi bu vaxt Meridən miras qalmış iri sürüdəki qoyunları qırxmaqla məşğul olub, muzdla işləyən Lyuka ərə gedəndə onun 23 yaşı var idi. Daha çox pul qazanmaq naminə şəkər qamışı biçmək üçün Lyuk cavan arvadı ilə birlikdə başqa əyalətə yollandı. Lakin əri ona diqqət göstərmirdi. Yepiskop Ralfı isə bir müddətdən sonra Romaya, papa yanına işə dəvət etdilər. O, artıq kardinala çevrilmişdi.

Lyuk pul qazanmaq dəlisi idi, Meggi hamilə olanda onu ərdən və şikəst arvaddan ibarət olan bir ailəyə qulluqçu düzəltdi. Onların nikahı saxta əsaslar üzərində qurulmuşdu. Burada məhəbbətdən heç bir əsər-əlamət yox idi. Lyuk onun pulunu ələ keçirmək istəyirdi. Meggi isə Ralfı yenidən əldə etmək üçün ondan uzaq qaçmağı qət etmişdi. Belə cansıxıcı şəraitdə qız tez-tez Ralfa nifrət bəsləyirdi.

Meggi körpə qızı doğulanda Ralf onun yaşadığı evə gəldi. Burada ev sahibəsi Annaya dedi ki, Meggi mənə mənəviyyatı görməyə kömək edən bir güzgüdür. Onun dilindən daim Meggini sevdiyini eşitdikdə, həmin qadın bunun hər ikisi üçün faciəli olacağını dedi.

Meggi Lyukdan doğduğu körpə qızı sevmirdi. O, hələ də protestant keşişlərin evləndikləri halda, katolik keşişlərin evlənə bilmədiklərindən dəhşətə gəlirdi, axı bu zalım qayda Ralfı onun əlindən almışdı.

Xeyirxah ev sahibləri olan ər-arvad doğuşdan sonra Megginin çox zəif olduğunu nəzərə alıb, onu Metlok adasındakı kurorta yola saldılar. Bu ada Droqhedadan və yaşadığı yerdən tam fərqli idi. Laqunadakı mərcan rifi sakit suya əlavə gözəllik verirdi. Yenidən Meggiyə baş çəkməyə gələn Ralf ata, onun harada olduğunu öyrənib, adaya yollandı. Onlar görüşdükdə Ralf qızın məhzun gözlərində işıq gölməçəsini gördü. O, artıq fiziki cəhətdən də qızı istəyirdi. Ona görə də onu qucaqladıqda, ağlının iradəsi bütünlüklə bədəninin iradəsində söndü. Və o, ilk dəfə özünün kişi olduğunu, heç vaxt Allah olmadığını dərk etdi. Bu, şəhvət idi. Qızın qolları və əlləri canlı kəndir kimi ona sarılıb işgəncə verirdi. Uzun illər atəşi sönməyən məhəbbətdən sonra qızı özününkü etmişdi. Meggi ağla sığmayan dərəcədə xoşbəxt idi. Onların intim yaxınlığı bədən poeması idi, nəhayətsiz həzdən xəbər verirdi. O, məhəbbətin alovunda yanan kimi görünürdü, lakin bundan şikayətlənmirdi, axı uzun illər bu anları arzulamışdı. O, Ralfla yaxınlıqdan qeyri-adi ləzzət alırdı. Onun bədən daşqını üzərindəki səbir limiti arxada qalmışdı. Ralfın da ağrısında bir ədalətlilik var idi. Onlar bədən yorğunluğunu deyil, könül yorğunluğunu hiss edirdilər.

Müharibədən sonra məğlubiyyəti, təslim olmağı, sülhü anlamaq olduqca şirindir. O, Meggiyə yaxşı döyüş vermişdi. Keşiş qürurunun saxta olduğunu isə həyat özü göstərmişdi, Lutsifer kimi (Lutsifer - yıxılan mələk, şeytan - məqalə müəllifi) o, Allahın tək olduğunu göstərmiş və Lutsifer kimi də yıxılmışdı.

Ralfa elə gəlirdi ki, bu vaxta qədər o, dünyanı görməmiş, anlamamışdı. Bu qızın özü də, ümumiyyətlə, adi adam deyildi, ona xeyli yaxşı təsir göstərmişdi. Bir neçə gündən sonra Ralf adanı tərk etdi, bundan sonra o, Romada, bəlkə də, Megginin bütün qalan ömrü qədər yaşayacaqdı. Ona görə də gedəndə onun gözlərindən kədər yağırdı.

Dünyada ikicə yer var idi ki, Allah qarşısında Ralf Meggiyə məxsus idi - bu, kurort adası və Droqheda idi. Lakin Megginin başqa imkanları da meydana gəlmişdi. Ona Ralfla yaxınlıqdan hamilə olduğu məlum olduqda, Lyukun yanına getdi ki, son dəfə onunla yatsın ki, uşağın ərindən olmadığına şübhə yaranmasın. O, düşündüyünə də nail oldu və Droqhedaya qayıtdı. Orada o, oğlan uşağı doğdu və adını Den qoydu. Uşaq hər şeydə Ralfa oxşayırdı.

Romada isə vəziyyət ürəkaçan deyildi. İl Duçenin qara köynəkliləri küçələrdə ağalıq edirdi. Qarşıda çətin dövrün olacağını Ralfı əhatə edən din xadimləri hiss edirdilər. Hitler 1939-cu ilin sentyabrında Polşaya müdaxilə etdi. Bir qədər sonra İkinci Dünya müharibəsi başlandı. Avstraliyalılar da bu müharibədə Müttəfiqlər tərəfdə iştirak edirdilər. Megginin iki qardaşı Afrikanın şimalındakı İkinci Alameyn döyüşündə almanlara qarşı vuruşmuş, sonra salamat vəziyyətdə Droqhedaya qayıtmışdılar. Nəhayət, 1945-ci ilin sentyabrında altı aqoniya ilindən sonra İkinci Dünya müharibəsi başa çatdı, on milyonlarla adam həlak oldu, tarixdə görünməmiş nəhəng sayda ailələr bədbəxt taleyə nəsib oldu.

Megginin dünyasının isə öz parametrləri var idi. O bilirdi ki, Ralf Allahdan heç vaxt imtina etməyəcəkdir. Den onun oğlu olduğundan Meggi Ralfın bir hissəsini özündə saxlamağı qət etmişdi. O, oğlunu, bəlkə özündən də çox istəyirdi. Qardaş və bacı artıq Sidneydəki məktəbdə oxuyurdular.

Ralf katolik kilsəsinin mərkəzi iyerarxiyasına daxil olmaqla, papa siyasətini həyata keçirirdi, az sayda mühüm adamlardan birinə çevrilmişdi. O, müharibə nəticəsində qaçqın düşmüş minlərlə adamın əcnəbi ölkələrdə sığınacaq tapmasına köməklik göstərmiş, Avstraliyaya immiqrasiya proqramının həyata keçirilməsində çox iş görmüşdü. O, qısa müddətə Avstraliyaya gələndə Droqhedaya, Meggigilə baş çəkdi. Onu qarşılayan Den və bacısı ilk dəfə kardinalla əyani tanış oldular.

Meggi ilə görüşəndə isə onlar qucaqlaşdılar. Ralf Denin Lyukun oğlu  olduğunu güman edirdi. Meggi də onda hansısa bir şübhə oyanmasına imkan vermirdi. Ancaq oğlan kardinalın çox xoşuna gəlmişdi. Megginin artıq 41 yaşı var idi və Ralfla onun tanışlığından 30 il keçirdi.

Meggi Ralfa dedi ki, Droqhedada sən mənimkisən. Söhbətlərinin birində isə qaratikan quşu barədə Kelt əfsanəsini sevdiyini söylədi. Bu quş ürəkdən oxuyub, öldü. Həyatda da hər kəs özünün kiçik şərqisini oxuyur, bununla da başqalarını inandırmağa çalışır ki, onun oxuduğu, dünyada heç vaxt eşidilməmiş bir nəğmədir. Biz öz qaratikanımızı yaradırıq və heç vaxt ona görə ödəyəcəyimiz haqqın qiymətini hesablamağı dayandırmırıq. Bütün edə bildiklərimizin hamısı, əslində, ağrı əzabıdır və özümüzə deyirik ki, bu ağrı ona layiq idi. Meggi Ralfa dedi ki, bu ağrının nə olduğunu Allahdan soruş, axı ağrı üzərində də hakimiyyəti olan odur. O, bütöv dünyanı yaratmışdır, ona görə də, o, həmçinin ağrı paylayır. Ralf da öz inamında şübhələrə yol verirdi, öz sevinc mənbəyini az qala sitayişlə bərabər olan hesab edirdi. O, Meggi ilə eşqə dalanda, onu Messa (Katolik kilsəsində Allaha başlıca ibadət-məqalə müəllifi)  tək bir müqəddəslilik sehrliliyi kimi qəbul edirdi.

Den isə kardinal Ralfdan uzaqlaşmırdı, o, Droqhedanı tərk edəndən sonra bir gün anasına dedi ki, keşişdən başqa, heç nə olmaq istəmir. O, oğlunun keşiş olmasını heç cür istəmirdi. Oğlu isə fikrindən dönmədi və dini kollecə daxil oldu. Anası yumşalıb, onu kardinal de Brikassarın yanına göndərəcəyini vəd etdi.

Əri öldükdən sonra onlarda yaşayan Annaya Meggi öz oğlunu itirdiyini dedi, axı oğlu keşiş olmağı qət etmişdi. Sonra əlavə etdi ki, mən Ralfı Allahdan oğurlamışdım, indi bunun haqqını oğlumla ödəyirəm. Axı o, Ralfa Den barədə nəsə deməmişdi. Ralf da öz növbəsində Denin onun oğlu olduğunu anlamamışdı. Meggi isə oğlunu artıq onun yanına göndərirdi. Anna ona dedi ki, sən Allahların necə qısqanc olduqlarından halisənmi? Onlar sənə hələ çox şey edə bilərlər. Meggi isə cavab verdi ki, onlar mənə bundan artıq daha nə edə bilərlər?

Ralf Romada Deni əziz Megginin oğlu olduğuna görə özünün əzizi hesab edirdi, ancaq heç ağlına da gəlmirdi ki, bu, onun öz oğludur. Meggi Ralfa məktubunda oğlu üçün məsuliyyəti onun üzərinə qoyduğunu yazırdı və əlavə etmişdi ki, mən oğurladığımı geri qaytarıram, bu, məndən tələb olunurdu. Qoy, gözün onun üstündə olsun, o, birinci növbədə mənə məxsusdur, indi onu sənə verirəm.

Den olduqca mömin gənc idi. Kardinal Ralfa bildirdi ki, Allahın naminə ölümlə üzləşməyə, həbs olunmağa, ac qalmağa da razıdır. O, Allahı çox sevməklə daim ona xidmət edəcəkdir.

Avropanı ilk dəfə görən Den İtaliyanı gəzdikdən sonra Yunanıstana keçdi, orada Fermopil keçidində bizim eradan əvvəl 480-ci ildə nəhəng Persiya ordusu ilə vuruşda həlak olmuş 300 spartalının şərəfinə qoyulmuş abidəni ziyarət etdi. Spartalılara çar Leonid başçılıq etmişdi. Sonra o, Krit adasına gəldi. Bir gün o, Aralıq dənizində çimirdi. Tufan qabağı dənizdə axın xeyli güclənmişdi. Lakin o, yaxşı üzgüçü olduğundan, heç bir təşviş hissi keçirmirdi.

O, dənizdə çimən iki alman qadına ehtiyatlı olmağı qışqırıb desə də, az sonra qadınların batdığını gördü. O, üzüb qadınlara yaxınlaşdı, onları xilas edə bilsə də, özü yorulduğundan dənizdə batdı. O, heç də ölmək istəmirdi, ancaq dəfələrlə Sahibə müraciət edərək, bildirmişdi ki, ağrı səninkidir, mən onu qəbul etməliyəm, Sənin iradənlə mən mübarizə apara bilmərəm. Öləndə qışqırdı: Mənim Allahım, artıq mən səninəm! Mən Səni sevirəm!

Kritlilər meyitə baxıb, artıq xoşlarına gəlmiş bu oğlanın ölümünə heyfisilənirdilər. Aktrisa olan bacısı Londondan Droqhedaya zəng vurub, bəd xəbəri anasına çatdırdı. Meggi bu xəbəri eşitdikdə elə bil ki, dərin uçuruma düşmüşdü, axı Den onun üçün hər şey idi. Allahları gərək şirnikləndirməyəsən, onlar bunu sevirlər. O, axırda başa düşdü ki, haqqı ödəməli imiş. Tərslikdən, bu vaxt Yunanıstanda inqilab baş vermişdi, bu ölkə ilə əlaqə saxlamaq da çətin idi. Meggi şikayətlənməyə başladı ki, acgöz Allah, yaxşı olanları yığıb aparırsan, qalan bizlərlə isə dünyanı çürüməyə qoyursan.

Meggi Romaya, Vatikana gəlib, Ralfla görüşdü. Axırıncı dəfə onlar 13 il əvvəl görüşmüşdülər. Kardinal Ralf onu güclə tanıdı. Meggi ona Denin öldüyünü dedi. Ralf özünü itirmişdi, təkrar edirdi ki, o, ölə bilməz. Sonra Göyə müraciət etdi: Ey əziz Allah! Meggi bu sözləri eşidəndə qeyzlə dedi: “Ralf, sənin əziz Allahın barədə narahat olma! Mən sənə kömək barədə xahişə gəlmişəm, sənin dərdinə şərik olmağa yox!” Bildirdi ki, sənin dərdin mənə təsir etmək gücündə deyil, oğlum Kritdə dəfn olunmuşdur, ancaq onun cəsədini Droqhedada götürüb, orada dəfn etmək lazımdır. Ralf bu qərarın düzgün olduğunu bildirdi, axı o, özü də öləndə Droqhedada dəfn olunmağını istəyirdi.

Meggi Ralfın onunla birlikdə Yunanıstana getməli olduğunu bildirdi, onun köməyilə oğlunu geri ala bilərdi. Ralf onun oğlunu öz doğma oğlu kimi sevdiyini dedi və əlavə etdi ki, çox mühüm konqress keçirildiyinə görə o, bu vaxt Romanı tərk edə bilməz.

Meggi cavabında dedi ki, Den həm də sənin oğlun idi, Metlok adasında mən hamilə olmuşdum. Den sənin idi, Lyukunku deyildi. Denin ölüsünə and içirəm ki, o, sənin oğlun idi. Ralf bu sözləri eşitdikdə, ağlamağa başladı. Meggi ona dedi: uzun illər idi ki, sənin oğluna malik idim, sən isə bunu bilmirdin, anam isə elə uşaq doğulan vaxt bunu bilmişdi. Denin təkcə saçı səninkindən fərqli idi, qalan hər şey səninki idi. Axı mən məktubumda yazmışdım: “Mən oğurladığımı geri qaytarıram”. Sonra əlavə etdi ki,sənin Allaha and içdiyini biz oğurlamışdıq və hər ikimiz haqqı ödəməli idik.

“Mən səni sevmişdim. Ralf, ancaq sən heç vaxt mənim olmamışdın. Den mənim səndən alacağım hər şeyin bir hissəsi idi. Mən onu sənə bir silah kimi verdim ki, özündən olduğunu biləsən. Artıq o, heç birimizə məxsus deyildir, Allaha məxsusdur”. Bu sözlər Megginin ağır kədərini və itirilmiş dünyasını ifadə edirdi.

Kardinal de Brikassar Meggi və onun qızı ilə Denin meyitini Kritdən Droqhedaya apardı. Bədbəxt Ralf Meggiyə olan məhəbbətinin taclandırdığı həmin şərəf barədə heç vaxt bir şey bilməmişdi.

Kitaba Kelt əfsanəsindən götürülmüş bir epiqraf seçilmişdir: “Bu ömründə bir dəfə oxuyan quş barədə əfsanədir. Bu quş öz ömründə yalnız bir dəfə oxuyur, Yer üzərində başqa heç bir canlı belə şirin oxumur. Hansısa bir an gələndə o yuvasını tərk edib, qaratikan kolunu axtarır, onu tapana qədər heç bir rahatlıq bilmir. Sonra yabanı budaqlar arasında oxuyub, özünü uzun, şiş uclu tikanın üstünə atır. Və öləndə o, öz aqoniyasından da yuxarı qalxır ki, nəğməsi ilə torağayın və bülbülün şən şərqilərini də ötüb keçsin. Bir fövqəl səviyyəli şərqi, qiymət qazanmağın mövcudluğu. Və bütün dünya sakit dayanır ki, onu dinləsin. Allah da öz  Göyündə buna gülümsəyir. Ən yaxşı olan bir şey yalnız böyük ağrı hesabına əldə edilir.

... Və ya əfsanə belə deyir”.

Əsər də əfsanədən gələn belə sözlərlə bitir: “Quş döşündəki tikanla dəyişilməz bir qanunla hərəkət edir. O bilir ki, heç nə hiss etməyəcəkdir və oxuya-oxuya da ölür. Bir müddətdən sonra tikan döşdə elə yerə girir ki, quş ölüm gələndə bundan hali olmur. O, sadəcə həyatı tərk edənə qədər axırıncı notu da vurmaqla oxuyur. Lakin biz tikanı öz döşümüzə sıxanda, bunu hökmən bilirik. Biz başa düşməklə yanaşı, indiyədək bunu edirik.”

(Əsəri məqalə müəllifi orijinaldan ixtisarla tərcümə etməklə, əsasən, eşq macərasının iki qəhrəmanının həyatına həsr olunmuş epizodlara diqqət yetirilmiş, romanın yaratdığı dolğun təəssüratı qəsa bir şəkildə qələmə almağa çalışmışdır.)  

(Ardı var)

 





07.08.2017    çap et  çap et