525.Az

Öz nəğməsini oxuyan yazıçı


 

MUSTAFA ÇƏMƏNLİNİN YAXINLAŞAN 70 YAŞINA

Öz nəğməsini oxuyan yazıçı<b style="color:red"></b>

Mustafa Çəmənlinin əsərlərindən birində oxuduğum bir fikir vaxtaşırı yadıma düşür: "Hər kəs içində öz nəğməsini oxuyur".

Bunu görkəmli nasir, publisist, muğam ifaçılığımızın yorulmaz tədqiqatçısı, onlarla bədii və publisistik əsərin müəllifi gəlişigözəl söz kimi deməyib, bu onun dərin inamıdır, çünki o özü də öz səsi, öz nəğməsi olan insandır. Yazıçı qələmi ilə o, gah zilə qalxır, gah bəmə enir, amma heç vaxt xaric oxumur. Çünki əlli ili əhatə edən yaradıcılığı dövründə Mustafa Çəmənli ona həmişə düzgün yol göstərən qəlbinin səsi ilə işləyib, tanıdığı-bildiyi mövzulara vicdanla yanaşıb, nə yazıbsa, ürəklə, canyanğısı ilə yazıb.

Nədir Mustafa Çəmənli yaradıcılığını ədəbiyyatımızda seçdirən əsas xüsusiyyətlər? İlk növbədə yazıçının çox çətin mövzulara müraciət etməsi və həmin mövzuların işlənməsində dərin qatlara enməsi, mövzunun təqdimatında yüngül belletristik effektlərdən qaçması, oxunmaq xatirinə zamanımızda dəbdə olan sensasiya xarakterli şouvari səhnələrdən yan keçməsi, həyat və təbiət lövhələrini gerçəkliyin özünə uyğun realist təsvirdə verməsi, yaratdığı qəhrəmanları qısqanc bir məhəbbətlə sevməsi və sevdirə bilməsi... Nəticə isə gözləniləndir, az vaxt ərzində, bakılılar demiş, "muşqulat" ədəbiyyatına alışmış oxucuların çox olmasına rəğmən, Mustafa Çəmənlinin əsərləri geniş oxucu auditoriyası qazana bilir.

Ömrünü yazıya həsr etmiş hər bir ciddi yazıçının yaradıcılığı müəyyən mərhələlərdən keçir, bu mərhələlərin hər biri yazıçının yaratdığı əsərlərin mövzu sanbalı, bədii keyfiyyəti, ədəbiyyatımıza gətirdiyi ab-hava ilə şərtlənir. Mustafa Çəmənlinin yaradıcılığında da belə mərhələlər mövcuddur. Bunlardan biri onun məşhur "Xallı gürzə" romanıdır.

Mustafa Çəmənli həmişə çiynini ağır mövzular altına verən, bir kitabı yazıb başa çatdırmaq üçün onlarla kitaba, tarixi məxəzə, yüzlərlə arxiv sənədinə müraciət edən zəhmətkeş yazıçıdır. Bəhs etdiyi dövrün mürəkkəbliyinə, genişliyinə, surətlərin və hadisələrin sayına, müxtəlifliyinə görə "Xallı gürzə" romanı sovetlərdən sonrakı keşməkeşli dövrün yaddaqalan, seçilən və sevilən tarixi əsərlərin ən yaxşılarındandır. İdeoloji basqılar və tələblər nəticəsində qəsdən qarışdırılıb təhrif edilmiş tarixi həqiqətləri saf-çürük edən yazıçı həqiqi tarixi üzə çıxarmış, naməlumların üzərinə işıq salmış, Qarabağın az qala unutdurulmuş qaranlıq tarixinin həqiqi mənzərəsini cızmış, onu ustalıqla və təmkinlə bərpa edə bilmişdir. Elə buna görədir ki, Qarabağ xanlığının əsasını qoymuş igid sərkərdə, müdrik dövlət xadimi, incə siyasi gedişləri ilə həmişə uğur qazanmış Pənahəli xan Cavanşirin siması romanda əzəmətlə boy verir və sevilir. Çoxsaylı oxucuların və tənqidin rəğbətlə qarşıladığı "Xallı gürzə" yazıldığı 1990-cı ildən bu günə kimi təkrar-təkrar nəşr edilmişdir. Hər bir yazıçının oxucu qıtlığı çəkdiyi bir vaxtda bu faktın özü çox şey deyir.

Mustafa Çəmənlinin yaradıcılığında həqiqətən bir mərhələ olan bu romanın uğurunu onun təkcə Qarabağ hadisələrinin aktual olduğu bir məqamda yazılması və Qarabağ xanlığının yaranma tarixindən bəhs etməsi ilə izah etmək insafsızlıq olardı, çünki mövzu nə qədər aktual olursa-olsun, onun bədii təqdimatı zəifdirsə, əsər uğur qazanmayacaq. Deməli, "Xallı gürzə"nin uğuru tək mövzu aktuallığı ilə bağlı deyil. Bu romanda yazıçının təbii dillə təqdim etdiyi şirin bədii təhkiyəsi, mövzuya və Qarabağ təbiətinə sevgi dolu bələdliyin doğurduğu zəngin milli kolorit, zamandan zamana yumşaq keçidlər, montaj üslubunda işlənmiş paralael səhnələr və epizodlar, dolğun, diri, relyefli surətlər, sevilən qəhrəmanlar, incə münasibətlər, rəssam baxışı ilə çəkilmiş geniş panoramlı lövhələr...

Romandan sitat gətirməkdən özümü saxlaya bilmirəm: "Bir vaxt köçürülmüş Cavanşirlər karvan-karvan, qatar-qatar, dəstə-dəstə vətənə qayıdırdı. Necə ki, bir vaxt getmişdi, eləcə geriyə qayıdırdı - kimi atlı, kimi piyada. Gedəndə zor gücünə getmişdilər, indi özləri qayıdırdılar... Kimisi sürü-sürü qoyunlarıynan, ilxı-ilxı atlarıynan, qatar-qatar dəvələriynən, incə beli qızıl kəmərli, suluq kimi ağappaq boynu mirvarili, barmaqları üzüklü, qulağı sırğalı, lalə yanaqlı xanımlarıynan, kimisi də ayaqyalın, başıaçıq, bir çətən külfətiynən, mitil-şitili bir qatır yükü, bir dağarcıq unuynan qayıdırdı..."

Mustafa Çəmənlinin yaradıcılığında daha əlamətdar bir əsər "Fred Asif" sənədli romanıdır. Əgər "Xallı gürzə" Qarabağla bağlı dərdlərimizin başlanğıc köklərinə bir münasibətdirsə, "Fred Asif" artıq Qarabağ uğrunda gedən xalq müharibəsinin, bu müharibədə məğlubiyyətlərimizin anatomiyasını bütün açıqlığı ilə nümayiş etdirən sənədli romandır. Ağrı-acı dolu bir roman, utanc gətirən yaxın tariximizin özü.

"Fred Asif" romanı üçün yazdığım ön sözdən bir məqam: "Xalqımızın ən böyük dərdi, faciəsi ondadır ki, Asif kimi qəhrəman igidləri ola-ola torpaqlarımız düşmən tapdağındadır. Ağdamın Şahbulaq karxanasının ağappaq daşlarından tikilmiş imarətlərini, üstü dəmir taxtapuşlu evlərini, meyvəli bağ-bağçalarını murdar düşmən yağmaladı. Bu daha çox Ağdam, Qarabağ uğrunda canından-qanından keçmiş qəhrəmanlarımızın faciəsidir. Əlinə silah alıb düşmənlə üz-üzə dayanmamış heç bir kəs bu ağrının dözülməzliyini o döyüşçülər kimi, qələbəyə doğru yürüş etmiş qəhrəmanlar sayağı dərindən hiss etməz, içindən keçirə bilməz. Fred Asifi də bu dərd öldürdü. Xəstəxanada ölüm yatağında olanda yaxınları, dostları Asifə təsəlli verib deyəndə ki, hər şey sülh ilə bitəcək, Ağdamı da, qalan torpaqlarımızı da geri qaytaracaqlar, yorğan-döşək dustağı olmuş, amma dəmir iradəsi qırılmaz bu igidin cavabını necə unudasan: "Ağdam döyüşnən alınmasa, mən heç vaxt ora qayıtmayacam!"

Mustafa Çəmənlinin xatirələrə söykənib kitaba gətirdiyi ağrı və hikkə dolu bu lakonik, güllə kimi sərrast cavab Asif Məhərrəmovu bir qəhrəman, bütöv, mərd və məğrur bir kişi kimi çox dəqiq səciyyələndirir. Bircə bu cavabla Mustafa Çəmənli qəhrəmanını sevdirə bilir ki, bu da hər bir əsərdə ən vacib olmalı keyfiyyətdir, çünki qəhrəman sevilməsə, rəğbət oyatmasa, əsər oxucuya heç bir cəhətdən təsir etməyəcək.

Mustafa Çəmənlinin Qarabağ hadisələri ilə bağlı daha bir əsəri tarixi romanlarına nisbətən yığcam ölçüdə olan "Ruhların üsyanı" povestidir. Bu, artıq Qarabağdan ayrı düşmüş, əli heç yana çatmayan insanın uzaq və yaxın keçmişlə bağlı yuxuları, xatirələri, düşüncələri, xəyallarıdır. Olub keçmişləri təhlil etmək, məğlubiyyətin səbəblərini daha çox mənəvi naqisliyimizdə axtarmaq, xəyallar qurmaq əsərin qəhrəmanının vətən nisgilini, torpaq xifətini sərgiləyən məqamlardır. Bu yerdə odu söndürüb külü ilə oynamaq məsəli yada düşür, çox təəssüf ki, Qarabağla bağlı indiki reallıq məhz belə təəssürat yaradır.

Mustafa Çəmənli tarixi mövzularda işləyəndə daha böyük uğur qazanır. Sözümün qüvvəti kimi yazıçının son əsərlərindən olan "Ölüm mələyi" romanının adını çəkməyə bilmərəm. Əgər "Xallı gürzə"də Mustafa Çəmənli bizi XVIII əsrə aparırsa, "Ölüm mələyi" romanında Azərbaycan tarixinin daha dərin qatlarına - XVI əsrə endirir.

I Şah Təhmasibin ömrünün axır günləri, hakimiyyət uğrunda mübarizə, II Şah İsmayılın səltənət taxtına çıxması romanın əsas süjet xəttini təşkil edir. Azərbaycan dövlətçiliyinin çox mürəkkəb bir dövrü gözlərimiz önündə canlanır.

Səfəvilər xanədanının böyük bir tarixi kəsimini əhatə edən bu romanda I Şah Təhmasib, II Şah İsmayıl, Pərixan bəyim, Gövhər bəyim, İbrahim Mirzə, Hüseynqulu Xüləfa kimi tarixi şəxsiyyətlər Mustafa Çəmənlinin yazıçı təxəyyülü ilə canlanır, ətə-qana dolub bədii obrazlara çevrilirlər. Bu romanda Mustafa Çəmənli bir nöqtədə dayanıb yerində sayan yazıçı olmadığını göstərir, eyni zamanda, o, bir sənətkar kimi artan ustalığını nümayiş etdirir. "Ölüm mələyi"nin yazılışında yazıçı öz yazı üslubuna xəyanət etmədən ehtiyatla müasir azərbaycan romanistikasının estetik tələblərinə uyğunlaşmağa çalışır və buna nail olur.

"Ölüm mələyi" kifayət qədər kəskin və iti süjet xəttinə malikdir, qəhrəmanları dediyim kimi canlı, diri, görünəndirlər. Yazıçı oxucunu uzun-uzadı döyüş səhnələri, ictimai-siyasi hadisələrin təfərrüatlı təsvirləri ilə yormur, müəllif ricətləri ilə hadisələrin sürətini azaltmır, əksinə daha çox dinamikaya, birnəfəsə oxunan saraydaxili intriqaların təsvirinə, hakimiyyət uğrunda aparılan ölüm-dirim mübarizəsini önə çəkir. Eyni zamanda, yazıçı  bu mübarizə və çəkişmələrin nə qədər xırda istəklərə, şəxsi mənafe motivlərinə kökləndiyini bacarıqla, həm də ürək ağrısı ilə göstərir. Bu bir həqiqətdir ki, uzaqdan çox möhtəşəm görünən hakimiyyət mənzərələri, çox vaxt yaxından xırda, rəzil və miskin mənafe ehtirasları uğrunda mübarizədən başqa bir şey olmadığını nümayiş etdirir. Bütün bunlar əsərə dərin mündəricə verməklə ona oxunaqlılıq gətirir ki, bu da istənilən əsər üçün, xüsusilə tarixi mövzuda yazılan roman üçün vacib məziyyətlərdən biridir. Bu, şübhəsizdir ki, "Ölüm mələyi" romanı Mustafa Çəmənli yaradıcılığına yeni nəfəs, yeni keyfiyyət və zənginlik gətirdi.

Mustafa Çəmənlinin yubileyi ərəfəsində yazdığım bu məqalədə onun geniş diapazonlu yaradıcılığının bütün istiqamətlərini əhatə etmək istərdim, təəssüf ki, bu, bir məqalənin daşıyacağı yük deyil, onun yaradıcılığı bir yox, bir neçə sanballı tədqiqat işinin predmeti və obyekti ola bilər,  bu da, əlbəttə, mənim yox, ədəbiyyatşünasların işidir, amma bu yazıda mən yazıçı dostumun yaradıcılığının Azərbaycan xalq musiqisinin, xüsusilə muğam ifaçılığının tədqiqinə həsr olunmuş  vacib bir qolunu qeyd etməyə bilmirəm.

Mustafa Çəmənli onlarla muğam ifaçısının sənətini qələmə alaraq sənədləşdirib, təhlil edib, məqalələr yazıb, kitablar bağlayıb, unudulmuş sənətkarları üzə çıxarıb, yazıları ilə onlara yeni həyat verib. Bütün bunları sadalamaq imkansız, amma bir kitab haqqında danışmaya bilmirəm. Bu da böyük Üzeyir bəyin "Leyli və Məcnun" operasının səhnə həyatına həsr edilmiş "Leyli və Məcnun" 100 il səhnədə" kitab-salnaməsidir. Gələn il artıq operanın 110 yaşı tamam olur. Dünyada deyə bilmərəm, amma Azərbaycan teatr tarixində, Üzeyir Hacıbəylinin təvazökarlıqla "primitiv opera" adlandırdığı "Leyli və Məcnun" yeganə əsərdir ki, yazıldığı gündən bu günümüzədək fəal repertuardadır.

Mustafa Çəmənlinin bu ensiklopedik kitabında "Leyli və Məcnun" operasının səhnə həyatı ilə bağlı nələr yoxdu! Üç yüzdən artıq nadir foto, operanın tamaşalarında bu və ya başqa şəkildə iştirak etmiş elə o qədər də yaradıcı insan haqqında informasiya, bir çoxları haqqında yüksək publisistik zövqlə yazılmış oçerklər, eləcə də, sənədlər, proqramlar, afişalar. Bütün bunları toplamaq, sistemləşdirmək, hansısa proqramda və ya afişada adı, soyadı getmiş, bu gün bizə heç nə deməyən insanların arxivlərdə, teatr gizlinlərində işləmək hesabına tapılması, kimin kim olduğunun müəyyənləşdirilməsi, sağ qalanlarla görüşlər, dünyasını dəyişmişlərin yaxınları ilə söhbətlər, bəzən unudulmuş insanların qohum-qardaşlarının təəccüb dolu baxışları ilə qarşılaşmaq... Bütün bunları bilib də heyrətlənməmək mümkün deyil.

Hər şeyin sürətlə dəyişdiyi bu hövsələsizlik zamanında dostum Mustafa Çəmənli "Xallı gürzə", "Ölüm mələyi" kimi daha bir roman yazmaq əvəzinə niyə özünü belə çətinliyə salır? Yazmağı o qədər də sevməyən mənim kimi yazıçı üçün bu eqoist sualın cavabını da kitabın ön sözündə tapdım: "Hər şeyin bir səbəbi, nədəni olur. Hərdən bu işin məsuliyyəti altına girməyimin mayasında duran, məni bu qədər aramağa, axtarmağa vadar edən o səbəbi düşünürəm, fikirləşirəm ki, məni bu işə həvəsləndirən dahi Üzeyir bəyə bəslədiyim sonsuz məhəbbət və ehtiramdır. Amma bütöv bir obrazlar qalereyası qarşısında durub bu qədər insanın həyat və yaradıcılığından soraq verən arxiv materiallarına bələd olduqca qəti qərara gəldim ki, xeyr, bu yalnız Üzeyir bəyin xatirinə atılan addım deyil. Burda xatirəsi önündə baş əyməli çox insan var".

Müəllif özü də bilmədən sualıma yazıçı səmimiyyətindən doğan bir təbiiliklə cavab verdi. Teatra bələdliyi olan bir yazıçı kimi, məlum olan bir fikri yada salmaq istərdim: bəstəkarın da, dramaturqun da, rejissorun da sənətinin tamaşaçıya çatdırılmasında ifaçılar ön cərgədədir. Böyük bəstəkarın "Leyli və Məcnun" operasını səhnədə 110 il yaşadan da yüzlərlə insanın istedadı və zəhməti olub ki, Mustafa Çəmənlinin kitabı həm də o insanların xatirəsinə ucaldılmış möhtəşəm abidədir.

"Yaşanılan hər gün tarix deyil, ağacların yarpaqlaması kimi bir şeydir, amma xalqımızın təqvimində anılası, bayram ediləsi şərəfli tarixi günlər çoxdur". Bu sözlər Mustafa Çəmənlinin "Leyli və Məcnun" Yüz il səhnədə" kitabına yazdığı ön sözdəndir. Mən dostumun icazəsi ilə bu fikri onun özünə səmt yönəldib deyirəm, insan həyatının da anılası, bayram ediləsi günləri var, o günlərdən biri faydalı və şərəfli ömür yaşamış insanın 70 yaşını tamam etdiyi gündür. Necə ki, sentyabrın 10-da Mustafa Çəmənli 70 yaşını başa vurur. Ömrün kamillik yaşına çatmış dostumu, görkəmli yazıçımızı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və yeni əsərlər arzu edirəm. Qoy, o hələ uzun illər də öz səsi ilə öz nəğməsini oxusun. Mən əminəm ki, o heç vaxt, heç bir şəraitdə xaric oxumayacaq.

 

 





09.08.2017    çap et  çap et