525.Az

Uşaq qatili Sarkisyan cinayətlərini davam etdirir


 

"İŞĞALÇI ÖLKƏYƏ QARŞI CƏZA TƏDBİRİ GÖRƏCƏK YEGANƏ QÜVVƏ AZƏRBAYCAN ORDUSUDUR"

Uşaq qatili Sarkisyan cinayətlərini davam etdirir<b style="color:red"></b>

Ermənistan qoşunları növbəti dəfə dinc azərbaycanlıların yaşadığı əraziləri atəşə tutub.

İşğalçılıq siyasətini davam etdirən, beynəlxalq konvensiyalara məhəl qoymayan Serj Sarkisyan rejimi bu dəfə Tovuzun Qaralar kəndində yaşayan 13 yaşlı Ramin Yusifovun yaralanmasına səbəb olub.
 
Avqustun 7-də baş verən bu hadisə ötən ayın əvvəli Füzulinin Alxanlı kəndində baş verən erməni vandalizminin növbəti dəfə təzahürüdür. İyulun 4-də 2 yaşlı Zəhra Quliyeva və onun 51 yaşlı nənəsini qətl edən, 52 yaşlı Sərvinaz Quliyevaya xəsarət yetirən düşmən Qaralar kəndində törətdiyi növbəti vəhşiliklə, xüsusilə uşaqlara qarşı cinayətkarlığını sistematik şəkildə davam etdirmək niyyətini ortaya qoyur. Açıqlanan statistik rəqəmlərdən də məlumdur ki, atəşkəs dövründə 33 azərbaycanlı körpə-uşaq erməni terrorunun, vandalizminin qurbanı olub. Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, işğalçı ölkə bu çirkin əməllərindən nəticə çıxarmaq fikrində olmadığını tez-tez nümayiş etdirir.

Mülki insanların, o cümlədən, uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın rəhbərliyinin yürütdüyü terrorizm siyasətinin nəticələridir. 25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. 2016-cı ilin aprel ayında da Ermənistan rəhbərliyinin törətdiyi hərbi təxribat nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanıb, arasında uşaq olmaqla 6 nəfər həlak olub. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirib, düşmənin atəş məntəqələrini susdurub və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad edib. Müşahidə olunan son vəziyyət isə onu deməyə əsas verir ki, işğalçı ölkə himayədarlarına arxalanaraq regionda sabitliyi təhdid altında saxlamağa davam edir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına imkan vermir. Bütün bunlar isə Cənubi Qafqazda münaqişənin yalnız hərbi variantla həllini labüd və qaçılmaz edir. Ona görə də Azərbaycan dövlətinin istənilən vaxt həyata keçirəcəyi təmizləmə əməliyyatlarında məsuliyyət yalnız Ermənistanın cinayətkar rəhbərliyinin üzərinə düşəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan üçün nə beynəlxalq hüquq, nə də insani dəyərlər mövcuddur: "İşğalçı ölkənin dinc sakinləri atəşə tutması düşmənin həm azğınlığından, həm də zəifliyindən xəbər verir. Onlar Azərbaycan əsgəri ilə üzbəüz gəlməkdən qorxurlar".

A.Mirzəzadə hesab edir ki, düşmənin alçaqlığı cəzasız qalmamalıdır: "Ermənistan Azərbaycan uşağını yaralamağın bədəlini ödəməlidir".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan Rusiyaya güvənərək Tovuz və Qazax istiqamətdə bizim mövqeləri vurur, insanlarımızı hədəf alır: "Mütləq bunun cavabı elə həmin istiqamətlərdə verilməlidir. Əks halda, İrəvan elə biləcək ki, biz Rusiya-Ermənistan hərbi qoşun birliklərindən çəkinirik".

Politoloqun sözlərinə görə, o, "Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır" deyərkən elə bu günü nəzərdə tuturdu: "Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə, gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq ərazisində ABŞ-la yanaşı, Türkiyənin hərbi bazalarını yerləşdirdi. O ki qaldı, Tovuzda yaralanan uşağa, bunun cavabı Qarabağda deyil, məhz elə həmin istiqamətdə verilməlidir".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sahib Alıyev isə qeyd edib ki, uşaq qatili Serj Sarkisyan İrandan dönər-dönməz onun başında durduğu xunta növbəti təxribata əl atıb: "Tovuzun ön xətdəki Qaralar kəndini iri çaplı silahlardan atəşə tutaraq 13 yaşlı Ramin Yusifovu yaralayıblar. Əgər işğalçı ölkə rəhbəri İranda gülərüz qarşılanmasaydı, ondan ikiyaşlı Zəhranın və nənəsinin niyə öldürüldüyünün hesabı sorulsaydı, ermənilər təqribən bir ay bundan öncə Füzulidə törətdikləri vəhşiliyi Tovuzda təkrarlamağa cəsarət edərdilərmi?"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü, deputat Elman Məmmədov isə hesab edir ki, ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilərin xalqımıza qarşı tarix boyu həyata keçirdiyi təxribat hərəkətlərinin davamıdır. O, "Trend"ə bildirib ki, ermənilərin dinc sakinlərimizə qarşı silahdan istifadə etməsi birinci hal deyil: "Ermənilər həmişə dinc azərbaycanlılara qarşı kütləvi soyqırımlar həyata keçirərək körpə uşaqları, qadınları, qocaları qətlə yetiriblər. Onların xalqımıza qarşı terror siyasəti bu gün də davam edir. Son 2-3 ildə ermənilər nə qədər körpə uşaqlarımızı, dinc insanlarımızı qətlə yetirib, evləri dağıdıblar. Niyə bunun qarşısı alınmır?"

E.Məmmədov vurğulayıb ki, bugünə qədər ermənilərin törətdiyi təxribatlarla bağlı nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər sərt reaksiya verməyiblər: "Əksinə, erməniləri qoruyurlar. XX əsrin sonlarında ermənilər Xocalı soyqırımını törədiblər, 613 nəfər dinc insan qətlə yetirilib, Qaradağlıda və başqa yerlərdə də soyqırımlar törədiblər. Buna görə ermənilərə bir cəza tətbiq olundumu? Xeyr. 25 ildən çoxdur ki, bir milyondan artıq insanımız qaçqın və məcburi köçkün vəziyyətindədir, torpaqlarımız işğal altındadır. Buna görə ermənilərə qarşı sanksiya tətbiq olunubmu? Xeyr. Ermənilər də bu cəzasızlıqdan ruhlanırlar, havadarlarına arxayın olurlar və təxribat əməllərini artırırlar. Biz gözləsək ki, hansısa beynəlxalq təşkilat ermənilərin bu əməllərinin qarşısını alacaq, bu, sadəlövhlük olardı. Ermənilərə qarşı cəza tədbiri görəcək yeganə qüvvə Azərbaycan ordusudur".

Ceyhun ABASOV

 





09.08.2017    çap et  çap et