525.Az

Azərbaycan Beynəlxalq Monodram Teatr Festivalında


 

BOLQARISTANDA ƏMƏKDAR ARTİST AYŞAD MƏMMƏDOVUN “İUDA” MONOPYESİ ƏSASINDA HAZIRLANAN TAMAŞANIN PREMYERASI KEÇİRİLİB

Azərbaycan Beynəlxalq Monodram Teatr Festivalında <b style="color:red"></b>

Avqustun 2-dən 8-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nümayəndələri ölkəmizi ilk dəfə Bolqarıstanın Varna şəhərində keçirilən “Ulduzlara doğru” (Ad Astra) Beynəlxalq Monodram Teatr Festivalında təmsil ediblər.

Azərbaycan Bolqarıstandakı Səfirliyindən verilən məlumata görə, sözügedən festival UNESKO nəzdində Beynəlxalq Teatr İnstitutunun himayəsi və Varna bələdiyyəsinin dəstəyi ilə hər il keçirilir.

“Ulduzlara doğru” Festivalı Bolqarıstanda monodrama həsr olunan ilk beynəlxalq festivaldır. Festivalın məqsədi görkəmli yerli və beynəlxalq teatr xadimlərini bir araya gətirməkdir. İndiyədək festivalda Danimarka, Polşa, Gürcüstan və digər ölkələrdən teatr nümayəndələri iştirak ediblər.

Festivalın Azərbaycana həsr olunan 6-cı günündə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ayşad Məmmədovun ssenari müəllifi olduğu ”İuda” monopyesi səhnəyə qoyulub.

Gecənin açılışında festivalın ənənəsinə uyğun olaraq Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən festival təşkilatçıları və iştirakçılarına ünvanlanmış müraciət oxunub.

N.Qurbanovanın məktubunda teatrın özünüifadə vasitəsi olması və beləliklə dünyada mövcud sivilizasiyalar arasında ünsiyyət aləti kimi qəbul olunması barədə bildirilir. Məktubda qeyd olunur ki, teatr cəmiyyətin güzgüdə özünü imtahan etməsi üçün mədəni məkandır və cəmiyyəti anlamaq üçün vacib incəsənət forması olaraq qalır. Müraciətdə Azərbaycanda teatr inkişafının qədim tarixə malik olması barədə məlumat verilir:

“O, öz kökünü açıq hava folklor tamaşalarının teatr elementləri, pəhləvanlar tərəfindən icra olunan zorxana oyunları, dini mərasim və rituallar, aşıq yaradıcılığından götürür. Peşəkar teatr Azərbaycanda 19-cu əsrin sonunda institusional mədəniyyətin bir hissəsinə çevrilib. 1850-1855-ci illərdə görkəmli Azərbaycan dramaturqu, filosofu və maarifçisi Mirzə Fətəli Axundov məşhur fransız yazıçısı Molyerdən ilhamlanaraq altı komediya yazır və beləliklə, milli dramaturgiyanın banisinə çevrilir”.

Məktubda həmçinin 10 mart 1873-cü il tarixində bir qrup Azərbaycan ziyalısı tərəfindən M.F.Axundovun “Hekayəti Vəziri Xani Lənkərani” komediyasının səhnələşdirildiyi və həmin tarixin ölkəmizdə Milli Teatr günü kimi qeyd olunduğu bildirilir. Bunun ardınca Bakı və Azərbaycanın digər bölgələrində həvəskar aktyor truppalarının meydana gəldiyi və bu prosesin Azərbaycanda teatrın inkişafına təkan verdiyi vurğulanır.

Daha sonra məktubda ölkəmizdə teatr sənətinə dövlət dəstəyindən bəhs edilir və qeyd olunur ki, son illər Azərbaycan teatrla bağlı bir sıra tədbirlərə ev sahibliyi edib. Bildirilir ki, 2010-cu ildən etibarən hər iki ildən bir Bakıda Beynəlxalq Teatr Konfransları keçirilir. 2011-ci ildə ölkəmizdə ilk Beynəlxalq Kukla Teatrı Festivalı təşkil olunub.

Müraciətdə sözügedən festivalın Azərbaycanın zəngin mədəniyyətinin Bolqarıstan sənətsevərlərinə çatdırılmasında bir vəsilə olduğu vurğulanır və bu baxımdan təşkilatçılara dərin minnətdarlıq ifadə olunur.

Aktyor A.Məmmədovun çıxışı bolqar teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bolqarıstanın İvan Vazov adına Milli Teatrının direktoru Marius Donkinin iştirak etdiyi premyerada aktyor A.Məmmədov festivalın mükafat və diplomu ilə təltif edilib.

Ceyhun ABASOV

 





10.08.2017    çap et  çap et