525.Az

Dünya birliyi erməni vandalizminə qarşı səylərini birləşdirməlidir


 

ERMƏNİSTAN CƏZASIZLIQ MÜHİTİNDƏ TERROR MAHİYYƏTLİ SİYASƏTİNİ DAVAM ETDİRİR

Dünya birliyi erməni vandalizminə qarşı səylərini birləşdirməlidir<b style="color:red"></b>

Məlum olduğu kimi, ermənilər növbəti dəfə dinc azərbaycanlıların yaşadığı əraziləri atəşə tutublar.

İşğalçı ölkə bu dəfə Tovuzun Qaralar kəndində yaşayan 13 yaşlı Ramin Yusifova xəsarət yetirib. Avqustun 7-də baş verən bu hadisə ötən ayın əvvəli Füzulinin Alxanlı kəndində baş verən erməni vandalizminin davamıdır. İyulun 4-də 2 yaşlı Zəhra Quliyeva və onun 51 yaşlı nənəsini qətl edən, 52 yaşlı Sərvinaz Quliyevanı ağır yaralayan düşmən Qaralar kəndində törətdiyi növbəti vəhşiliklə, xüsusilə uşaqlara qarşı cinayətlərini sistematik şəkildə davam etdirdiyini göstərir. Açıqlanan statistik rəqəmlərdən də məlumdur ki, atəşkəs dövründə 33 azərbaycanlı körpə-uşaq erməni terrorunun, vandalizminin qurbanı olub. Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, işğalçı ölkə bu çirkin əməllərindən nəticə çıxarmaq fikrində olmadığını tez-tez nümayiş etdirir. Mülki insanların, o cümlədən, uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin siyasi iradəsizliyi isə düşmənin cəzasızlıq mühitində terror mahiyyətli siyasətini davam etdirməyə imkan verir.

25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. 2016-cı ilin aprel ayında da Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanıb, arasında uşaq olmaqla 6 nəfər həlak olub. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirib, atəş məntəqələrini susdurub və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad edib. Müşahidə olunan son vəziyyət isə onu deməyə əsas verir ki, işğalçı ölkə himayədarlarına arxalanaraq regionda sabitliyi təhdid altında saxlamağa davam edir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına imkan vermir.

Bütün bunlar isə Cənubi Qafqazda münaqişənin həllini yalnız hərbi variantla labüd və qaçılmaz edir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanlıların yaşadığı kəndlərdə mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür. O, "Trend"ə bildirib ki, bununla Ermənistan sərhəddə yaşayan dinc sakinlərimizi qorxutmağa çalışır: "Eyni zamanda, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələri, ilk növbədə Rusiyanı bu işə cəlb etmək istəyir, diqqəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlardakı vəziyyətdən yayındırır".

Deputat vurğulayıb ki, Ermənistanın bu hərəkəti göstərir ki, düşmən ölkə əsas hədəf kimi mülki əhalini seçir: "Bu isə Ermənistan hakimiyyətinin siyasətinin mahiyyətini göstərir. Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür".

Deputat Elman Nəsirov isə qeyd edib ki, ermənilərin Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusibovun ağır qəlpə yaraları alması göstərir ki, Ermənistan silahlı qüvvələri cinayətkar qruplaşmalardan ibarətdir: "Bu ölkədəki siyasi rejimin mahiyyətindən irəli gələrək erməni əsgərləri uşaqları, qadınları, qocaları hədəfə alırlar". Deputatın sözlərinə görə, bu təxribatlar faşist xislətindən irəli gələn addımlardır: "Həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar. Ermənistan isə növbəti dəfə dinc əhalini hədəfə almaqla, gözlənilən danışıqlar prosesinin üstündən indidən xətt çəkməyə cəhd edir ki, danışıqlar baş tutmasın. Bu, Ermənistanın növbəti cinayətkar hərəkətidir. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu bu hadisə ilə bağlı lazımi ölçü götürməsələr, heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməyəcək, aprel döyüşləri təkrarlanmayacaq. Tovuz rayonunda ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır və bu hadisədən nəticə çıxarmağın vaxtı artıq çoxdan çatıb".

Deputat Azər Badamov isə qeyd edib ki, Azərbaycanın apardığı düzgün beynəlxalq siyasət sayəsində son vaxtlar işğalçı kimi tanınan və nüfuzdan düşən Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə, dinc sakinlərinə, uşaqlara atəş açmaqla yenidən gündəmə gəlmək istəyir. O,  SİA-ya bildirib ki, hamı artıq erməni əsgərinin "gücünün" ancaq dinc sakinlərə, azyaşlı uşaqlara çatdığını görür: "Onlar hələ də başa düşmürlər ki, azyaşlı uşaqlara xəsarət yetirməklə dünyada özlərinə nifrəti artırırlar. Həm də erməni quldurları Azərbaycan ordusunun gücündən xəbərdardır və bilirlər ki, bizim hərbi qüvvələrimiz istiqamətində hər hansı təxribat törədəndə özləri ağır itkilərə məruz qalırlar. Ona görə də ermənilər mülki insanları hədəf seçirlər. Bunu beynəlxalq təşkilatlar görməli və Ermənistana qarşı ciddi tədbir görməlidir. Çox təəssüf ki, insan haqlarından, demokratiyadan, haqq-ədalətdən danışan bu təşkilatlar heç səsini də çıxarmırlar. Ermənilər də bundan istifadə edərək yaşayış məntəqələrimizi mütəmadi olaraq atəşə tutmaqda davam edirlər. Azərbaycan əsgəri heç vaxt mülki insanlara atəş açmayıb. Əgər ermənilərin yaşayış məntəqələrimizi hədəfə alması davam edərsə, Azərbaycan da ermənilərin yaşayış məntəqələrini hədəfə almağa məcbur olacaq və onda ermənilərin daşı-daş üzərində qalmayacaq".

Ceyhun ABASOV 

 

 





10.08.2017    çap et  çap et