525.Az

BSU-da çex dili və Mədəniyyəti Mərkəzinin kitabxanası açıldı


 

BSU-da çex dili və Mədəniyyəti Mərkəzinin kitabxanası açıldı<b style="color:red"></b>

Bu gün BSU slavyan xalqlarının dillərini tədris və təbliğ edən unikal tədris ocağıdır.

  Bu dillər sırasında çex dili də var. Belə ki, universitetdə artıq 1996-cı ildən “Çex dili” və 2000-ci ildən isə “Çexiyaşünaslıq” ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilir. BSU-da həmçinin 2010-cu ildən çex dili və Mədəniyyəti Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Çexiya arasında mədəni əlaqələrin inkişafına yardımçı olmaq, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə çexşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Mərkəzdə Çexiyanın tarixi və mədəniyyəti ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər, mühazirələr, seminarlar təşkil edilir. Çexiya Respublikasının nüfuzlu ali təhsil ocaqları ilə də BSU-nun sıx əlaqələri var.

20 may tarixində BSU-da çex dili və Mədəniyyəti Mərkəzinin kitabxanası açıldı. Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin maliyə  dəstəyi ilə nəfis şəkildə təmir və texniki avadanlıqlarla təchiz olunan  kitabxana otağında  çex dili və mədəniyyətini daha mükəmməl öyrənmək üçün əlverişli şərait yaradılıb. Kitabxanaya Çexiya Respublikasının Parlamentinin senatoru Martin Tesarjik tərəfindən 45, BSU-nun sıx əməkdaşlıq etdiyi Çexiyanın Ostrav Universitetinin Fəlsəfə fakültəsindən isə 200  kitab hədiyyə edilib. Bura bədii ədəbiyyat nümunələri, Çexiyanın tarixi, iqtisadiyyatı, coğrafiyası və çex dili üzrə nəşrlər, lüğətlər və ensiklopediyalar daxildir.

Açılışda  qonaqları salamlayan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev universitetdə boqemistikanın inkişafına hər zaman yaxından kömək göstərdiyinə görə cənab səfirə xüsusi təşəkkürünü bildirdi: “Həm çexiyalı dostlarımız, həm də biz, siz tələbələrin yüksək ixtisaslı kadrlar kimi yetişməsi üçün əlimizdən gələni etməyə hazırıq.  Böyük hörmət və məhəbbət hissi ilə həyata keçiridiyimiz bu işdə bizə yaxından dəstək olduğuna görə cənab səfir R.Matulaya və ölkəmizin Çexiyadakı səfiri T. Tağızadəyə dərin minnətdarlığımı bildirirəm. Mən çox sevinirəm ki, bizim Çexiya ilə əlaqələrimiz daha da güclənir və inkişaf edir. İnanıram ki, bu kitabxana sizin biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq”.

Hər zaman BSU tələbələri ilə görüşdən zövq aldığını bildirən Çexiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Radek Matula çex dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq çexşünas mütəxəssislərinin hazırlanmasında gördüyü böyük işlərdən danışdı: “İnanıram ki, fəaliyyətə başlayan kitabxana sizin biliklərinizin artmasına yardımçı olacaq”.  BSU ilə hazırki əməkdaşlıqdan razılığını dilə gətirən R.Matula universitetdə çex dili və mədəniyyətinə göstərilən dəstək və qayğıya görə rektora dərin təşəkkürünü bildirdi.

Sonda səfir çex dili və Mədəniyyəti Mərkəzinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Günay ƏLİYEVA

 





21.05.2013    çap et  çap et