525.Az

Professor Xəqani Məmmədov ABŞ-da səfərdə olub


 

Professor Xəqani Məmmədov ABŞ-da səfərdə olub<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin “Azərbaycan tarixi” (təbiət fakültələri üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Xəqani Məmmədov Amerika Birləşmiş Ştatlarından səfərdən qayıdıb. Professor Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyevin dəvəti ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmsının 90 illik yubileyinə həsr edilmiş elmi konfransda iştirak etmək üçün ABŞ-a səfər edib. Səfər çərçivəsində mayın 10-da Nyu-Yorkda Türk Mədəni Mərkəzində keçirilən konrfansda Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, bir sıra türkdilli ölkələrin BMT yanında daimi nümayəndəliyinin səfirləri və konsulları, Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan Diaspor Cəmiyyətlərinin, dağ yəhudiləri diaspor cəmiyyətinin üzvləri və başqaları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan səfir Aqşin Mehdiyev ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının yaradılmasında və möhkəmləndirilməsində onun daxili və xarici siyasət strategiyasının müəyyənləşdirilməsində misilsiz xidmətlərindən bəhs edərək, onun xüsusilə xarici ölkələrdə Azərbaycan diasporasının yaradılmasında və inkişafında böyük xidmətlərini qeyd edib. Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film konfrans iştirakçılarına təqdim edilib.

Professor Xəqani Məmmədov elmi konfransda “Heydər Əliyev müstəqil Azərbaycan Dövlətinin banisidir” mövzusunda məruzə ilə çıxış edib. O, Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs edərək ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın gələcək müstəqilliyi üçün lazımi sosial-iqtisadi, mədəni-mənəvi əsaslar yaratdığını, 1982-1987-ci illərdə onun Sov. İKP MK siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə də daim doğma Azərbaycanla sıx əlaqə saxladığını və Azərbaycanın inkişafına hərtərəfli qayğı göstərdiyini qeyd edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycan Respublikasının azad bazar iqtisadiyyatına doğru düşünülmüş, sosial-iqtisadi, siyasi və mədəni inkişaf strategiyasının hazırlanmasında misilsiz xidmətləri barədə danışan natiq Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanaraq daha da möhkəmləndiyini və dinamik inkişaf yoluna çıxdığını vurğulayıb.

Heydər Əliyevin siyasi-iqtisadi, sosial-mədəni və mənəvi sahələri əhatə edən dinamik inkişaf strategiyasının müasir dövrdə onun siyasi varisi ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla inkişaf etdirildiyini diqqətə çatdıran professor çağdaş Azərbaycan tarixinin ən parlaq simalarından biri olan dahi şəxsiyyət Heydər Əliyevi ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük möcuzəsi adlandırıb. O, qeyd edib ki, nə qədər Azərbaycan xalqı yaşayacaq, müstəqil Azərbaycan dövləti inkişaf edəcək, Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

May ayının 12-də Nyu-York şəhərində fəaliyyət göstərən və bu şəhərdə yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən diaspor təşkilatı olan “Azərbaycan Nyu-York Assosiasiyası”nın mənzil qərargahında professor Xəqani Məmmədovun Bakı Dövlət Universitetinin dosenti Nuru Məmmədov ilə birgə yazdığı “Erməni iddiaları və azərbaycanlıların soyqırımı” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə iştirak edən “ANA” Cəmiyyətinin prezidenti Əli Nəsibov, cəmiyyətin məsul katibi və həftəsonu məktəbinin müəllimi Minəvvər Vahabova və başqaları ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları və soyqırım siyasətini ifşa edən bu kitabın böyük əhəmiyyətini qeyd ediblər və belə kitablara onların böyük ehtiyacları olduğunu bildiriblər.

Professor X.Məmmədov cəmiyyət üzvlərinə son iki əsrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri dəhşətli soyqırım siyasəti barədə ətraflı məlumat verərək özünün müəllifi olduğu digər kitabları da cəmiyyətə hədiyyə edib. “ANA” Cəmiyyətinin prezidenti Əli Nəsibov cəmiyyət üzvləri adından ətraflı məlumat və hədiyyələrə görə professor X.Məmmədova dərin təşəkkürünü bildirərək, ona “Azərbaycan  Nyu-York Assosiasiyası” Cəmiyyətinin diplom və medalını təqdim edib.

AQİL

 





21.05.2013    çap et  çap et