525.Az

Doktor Cavad Heyətin sonsuz Azərbaycan sevdası və Bakı vurğunluğu


 

Doktor Cavad Heyətin sonsuz Azərbaycan sevdası və Bakı vurğunluğu    <b style="color:red"></b>

Adını və qazandığı şöhrəti 1990-cı ilin mart ayında - Novruz bayramı günlərində Araz çayını Culfa körpüsündən keçərək (körpüdəki həyəcanımızı təsvir etməyə söz yetməz) Təbrizə yol aldığımız zaman Mərənd şəhərindən olan bir müəllimdən eşitdiyim və o zamandan görüşmək həsrətində olduğum Doktor Cavad Heyətlə ilk dəfə 1993-cü ilin axırlarında Naxçıvan Dövlət Universitetində yaxından tanış olmaq qismət oldu və həmin vaxtdan başlanan və mənim onun uca şəxsiyyətinə dərin ehtiramımdan qaynaqlanan səmimi ünsiyyətimiz 2014-cü ilin yayınadək davam etdi.
 
Həmin ilin avqust ayının 12-də Cavad Heyət uzun və mənalı ömrünü xidmətinə sərf etdiyi Azərbaycan xalqının müstəqil dövlətinin paytaxtında, hər il sevə-sevə gələrək dostlarına və fikirdaşlarına mənəvi qida, xəstələrinə şəfa verdiyi Təbriz qədər sevdiyi doğma Bakı şəhərində qısa xəstəlikdən sonra 89 yaşında vəfat etdi. Ukraynada ölkəmizin fövqəladə və səlahiyyətli səfiri idim, çətinliklə olsa da, özümü mənim üçün, eyni şəkildə, yəqin ki, minlərcə həmvətənimiz üçün doğma olan bu dəyərli şəxsiyyətin yüksək dövlət səviyyəsində keçirilən dəfn mərasiminə çatdıra bildim.
 
Təsəllim bu idi ki, ağayi doktorun (Ona İrandakı müraciət qaydasına uyğun mən də belə müraciət edirdim) "ölüm arzusu" istədiyi kimi yerinə yetmişdi. Hələ keçən əsrin 90-cı illərində artıq dostlaşıb tez-tez getdiyim Tehranın Şəhrəke Qərb bölümündəki evində, yaxud bizim evimizdə etdiyimiz söhbətlərdə Cavad Heyət vətəni İranı, doğma Təbrizı həddindən artıq sevdiyinə baxmayaraq, bu taya gəlib-gedəndən sonra Bakıya ürəkdən bağlandığını, burada Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev kimi ürək dostları ilə bərabər, onlarla məslək dostlarının olduğunu, onun şəxsiyyətinə, tibbi və ədəbi fəaliyyətinə həm xalq tərəfindən, həm də Azərbaycan dövləti tərəfindən dəyər verildiyini vurğulayırdı.

Bir gün ikilikdə söhbət etdiyimiz zaman dedi ki, Eynulla can, Allahdan arzum budur ki, Bakıya səfərlərimin birində mən bu dünyaya vida edim və məni Bakıda dəfn etsinlər. Doğrusu, mən o zaman Cavad Heyətin sözünü zarafata salaraq "ağayi doktor, belə olmasın, axı bizlər və Sizin iyirmi ildir ki, yaradıb-yaşatdığınız "Varlıq" dərgisi yetim qalarıq" - deyərək bu arzunu uzaq gələcəyin öhdəsinə buraxmağı xahiş etdim. İllər keçəndən sonra bir axşam mənə - Pakistana zəng etdi, həyacanlı bir səslə "Eynulla can, nə oldu, bilirsən! Prezident İlham Əliyev bu gün məni qəbul etdi, ehtiram göstərdi və mənə yeni binada geniş bir ev verdi, həm də Nizami Gəncəvinin adını daşıyan küçədə, şəhərin düz mərkəzində". Vaxtilə Tehranda mənə söylədiyi arzusu yadıma düşdü, dedim ki, yadınızda bir gün Bakıdaykən ölməyi arzulayırdınız, indi Prezidentimiz Sizə ev bağışlayıb, ev də ölmək üçün yox, yaşamaq üçün verilib, buna görə innən belə daha neçə-neçə illər yaşamaq artıq Sizin vəzifənizdir. Sonralar məzuniyyətə gəldiyim hər dəfə Bakıda idisə, doktoru artıq ürəyi kimi geniş mənzilində ziyarət edirdim. Həm özü, həm də həyat yoldaşı olduqca mehriban və lütfkar Fəridə xanımla Tehrandan başlanan ailə dostluğumuz az-az görüşmək nəsib olsa da davam edirdi.

"CƏRRAHLIQ PEŞƏM, ƏDƏBİYYAT EŞQİMDİR..."

Həkimliklə ədibliyi ahəngdar birləşdirən Cavad Heyət məhz belə deyirdi. Onu yaxından tanıyanlar və yaradıcılığına bələd olanlar zərrə qədər də bu ürəkdən gələn sözlərə şübhə etmirdilər. Cərrahlıq sahəsində dərsliklər yazan, ürək cərrahlığında bir sıra ilklərə imza atan, dünyaca ad qazanan, peşəsində yüzlərlə yolunu davam etdirəh həkimlər yetişdirən Cavad Heyət Azərbaycan, eləcə də digər türk xalqlarının dil və ədəbiyyatının yorulmaz tədqiqatçısı, mahir bilicisi, milli və mənəvi irsimizin sayıq keşikçisi idi. Bu sahədə yüzlərlə əsər və məqalələr yazan, çıxışlar və məruzələr edən, müsahibələr verən Cavad Heyət İranın dövri mətbuatında, elmi-kütləvi dərgilərdə, eləcə də yaxın-uzaq dünya nəşrlərində xalqımızın tarix və mədəniyyətinə xor baxan, ona hər vəchlə qara yaxan, Pəhləvi rejimindən miras qalmış paniranist ideologiyaya nökərçilik edən müəlliflərə qarşı yorulmadan yüksək elmi səviyyədə mübarizə aparırdı. Yeri gəlmişkən, vurğulamaq istərdim ki, Cavad Heyətin bu sahədəki ardıcıl və məqsədyönlü fəaliyyəti ayrıca bir elmi tədqiqatın mövzusudur. Çünki xalqımızın bədxahlarını, onların ruh verənlərini və onlara züy tutanları elmi məntiqinin gücü, tarixi və ədəbi qaynaqların dili ilə qətiyyətlə təkzib edir və həmin mövzular barəsində geniş ictimai rəy formalaşdıra bilirdi. Onun bu və ya digər əsər və məqalə haqqında tənqidi qeydləri, iradları heç vaxt nəzakət çərçivəsini aşmaz, tərəf müqabilini sadəcə təkzib etmək yox, onun özünü həmin fikirlərinin doğrudan da yanlış olduğuna inandırmaq niyyəti daşıyırdı.

Cavad Heyət olduqca həqiqətpərəst və haqsevər şəxsiyyət idi. Nə qədər dərin milli hissiyata sahib olsa da, haqqı və həqiqəti həmin hisslərin ayağına verməzdi, etnik mənsubiyyətindən asılı olmayaraq, insanı, bəşəri dəyərləri uca tutar, bütün insanların, eləcə də xalqların öz təbii haqlarına malik olmalarını istəyirdi. Məsələn, M.Füruğinin İrandakı qeyri-fars dillərini aşağılayan "Fars dilini qoruyaq" məqaləsi ilə əlaqədar 1998-ci ildə yazdığı və "Varlıq"dərgisində nəşr etdirdiyi geniş və əhatəli yazını "Fars dilini qoruyaq, lakin İranın türk və ərəblərinin də ana dilini əzməyək" adlandırmışdı. 

QARABAĞ SAVAŞINA DƏSTƏK                       

1996-cı ilin əvvəllərində İranın Təbriz şəhərində Prezident Heydər Əliyev tərəfindən ölkəmizin Baş Konsulu vəzifəsinə təyin edilən və Tehranda Azərbaycan səfirliyində beş il müşavir vəzifəsində işləyən şəxs kimi inamla deyə bilərəm ki, Tehranda səfirliyimizin açıldığı ilk gündən etibarən C.Heyət müdrik məsləhətləri ilə o zaman çox da diplomatik təcrübəyə malik olmayan səfirliyimizə dəstək vermiş, Azərbaycan Respublikası ilə İran İslam respublikası arasında siyasi-mədəni əlaqələrin möhkəmlənməsində şəxsi nüfuzu ilə təqdirəlayiq xidmət göstərmişdir. Ermənistanın Azərbaycana təcavüzünü, qaçqın və köçkünlərin ağır vəziyyətini İranda hər zaman gündəmə gətirmiş, "Varlıq" dərgisinin əksər saylarında Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, Ermənistanın işğalı nəticəsində Qarabağda və ətrafındakı yeddi rayonda etnik təmizləmə siyasəti aparıldığını, islam dininə aid müqəddəs yerlərin, məscid və abidələrin barbarcasına dağıdıldığını İran ictimaiyyətinə və yetkililərinə çatdırırdı. Onun 1993-cü ildə Türkiyə Cumhuriyyətinin Prezidenti Süleyman Dəmirələ ünvanladığı kədər dolu məktubunu həyəcansız oxumaq mümkün deyildi. Cavad Heyət Qarabağın erməni işgalına qarşı müharibədə yaralanan qazilərimizə Tehranın və Təbrizin xəstəxanalarında müalicə və sağlamlığın bərpa xidmətlərinin göstərilməsində maddi və mənəvi imkanlarını əsirgəməyib, onlarla ağır yaralıya şəfa bəxş etmişdi.Yeri gəlmişkən, həmin ağır illərdə İran dövlətinin tam bir blokada şəraitində aclıq və ehtiyaclarla mübarizə aparan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və Ermənistanın hərbi təcavüzü nəticəsində tarixi ata-baba yurdlarını tərk etmiş qaçqınlarımıza göstərdiyi qardaşlıq köməyini də minnətdarlıqla qeyd etməyi lazım bilirəm.

NƏCİBLİK, ALİCƏNABLIQ NÜMUNƏSİ

Dünyanın bir sıra ölkələrində tibb elmi sahəsində görkəmli cərrah olaraq haqlı nüfuz sahibi olan, Vətəni İranı candan sevən, İranı yüksək beynəlxalq elmi kürsülərdə ləyaqətlə təmsil edən Cavad Heyət nəcib və tanınmış bir ailənin yetirməsi idi. Atası Mirzə Əli Ağa mükəmməl ali dini təhsil almış, hələ gənc yaşlarından ictimai-siyasi fəaliyyətlə məşğul olmuş tanınmış şəxsiyyət idi. 1919-cu ildə Təbrizdən Qacar vəliəhdi Məhəmməd Həsən Mirzənin fərmanı və Tehranın razılığı ilə Azərbaycanın Naxçıvan əhalisinin müraciətini yerində öyrənib məlumat vermək üçün bir heyət başında Naxçıvana gəlmiş, genişlənən erməni təcavüzü ilə əlaqədar ölkəsinə hesabat hazırlamışdı, elə bu missiyadan sonra o, "Heyət" təxəllüsünü götürmüşdü. O zaman erməni təcavüzünə qarşı dura bilmək üçün Naxçıvanda əhalinin İrana və Türkiyəyə müraciətləri olmuşdu və bu barədə elmi ictimaiyyətimiz məlumatlıdır. Sonralar İrandövlətində bir sıra məsul vəzifələr tutmuş, o cümlədən, ölkənin Baş prokuroru və iki dəfə ədliyyə naziri olmuş Mirzə Əli Heyət Tehran Tibb universitetində təhsil alan oglu Cavad Heyəti Bakı Universitetində təhsil almağa göndərməyi arzulasa da, ikinci dünya müharibəsi illərində kommunist rejimli bir ölkədə buna imkan yox idi, buna görə onu Türkiyəyə göndərmişdi. Bunlar barəsində Cavad Heyətin bu yaxınlarda Tehranda fars dilində nəşr edilmiş "Mənim və atamın xatirələri" kitabında ətraflı məlumatlar vardır. Yeri gəlmişkən , təqribən on il bundan əvvəl qələmə alınmış, yalnız vəfatından sonra qədirbilən ardıcılları tərəfindən indi çap edilmiş həmin kitabda bu sətirlərin müəllifinin Tehrandakı diplomatik fəaliyyəti, orada meydana gələn çətinliklər və problemlərlə əlaqədar bəzi təfsilatlar da yer almışdır ki, bunun üçün ustad Cavad Heyətin ruhuna minnətdaram. Həmin kitabın Azərbaycan dilinə tərcümə edilib nəşr edilməsinin cənublu-şimallı müasir tariximizin bəzi məsələlərinə işıq tutacağını zənn edirəm.

Cavad Heyət İranda yaşayan otuz milyondan çox azərbaycanlının, həmçinin digər İran türklərinin qəbul edib mənəvi ağsaqqal saydığı müdrik şəxsiyyət idi, eyni zamanda, müstəqil Azərbaycan Respublikasında da onun könüllərdə yeri var idi, mətbuatda, o cümlədən, televiziya kanallarında çıxışları həmişə maraq doğururdu, xalq yazıçısı Bəxtiyar Vahabzadə, tibb professoru Nurəddin Rzayev (hər ikisi ilə Cavad Heyətin yanında tanış olub görüşmək mənə nəsib olmuşdu və bu nurlu şəxslərin xatirəsi mənim üçün əzizdir), professor Yaşar Qarayev, akademik İsa Həbibbəyli, professor Nizami Xudiyev, dəyərli naşir-yazıçı Bəhruz Axundov (bu yaxınlarda haqqın rəhmətinə qovuşdu, ruhu şad olsun!) və başqa bir çox tanınmış ziyalılarımızla məslək və könül dostluğu var idi.

"TEHRANDAN NAXÇIVANA DİZİN-DİZİN SÜRÜNƏRDİM"

Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyev Cavad Heyətin şəxsiyyətinə və fəaliyyətinə xüsusi münasibət bəsləyirdi. Ulu öndərlə ilk görüşü Cavad Heyətə özünün qeyd etdiyi kimi, qol-qanad vermiş, onu ölkəmizə daha tez-tez gəlməyə və burada tibbi və elmi fəaliyyətlə məşğul olmağa sövq etmişdi. Heydər Əliyevin onu qəbul etməsini və uzun sürən səmimi söhbət etməsini, bu söhbətin bəzi təfərrüatlarını Cavad Heyət Tehranda mənə məhrəmanə şəkildə danışmışdı və bu sözlər indi də hafizəmdədir, ona görə deyildiyi tərzdə hörmətli oxuculara təqdim edirəm. Cavad Heyət dedi: "Heydər Əliyev məni səmimiliklə qəbul edib ehtiram göstərdi, mənim haqqımda və İrandakı elmi-ədəbi fəaliyyətim, xüsusilə də "Varlıq" dərgisi barəsində xoş sözlər deyərək həm bilgisi, həm də göstərdiyi yaxınlıq hissləri ilə məni heyrətləndirdi. Onun nə qədər xəlqi və milli bir siyasət xadimi olduğunu özüm üçün dərhal və tam qəbul etdim. Birdən gülümsər bir ifadə ilə soruşdu ki, Cavad bəy, mən bir neçə il idi ki, Naxçıvanda idim, sən niyə mənimlə görüşməyə gəlmədin? Bu iradı gözləmirdim, çox xəcalət çəkdim, açığını deməyi doğru saydım. Dedim ki, möhtərəm Heydər bəy, orada bizlər Sizi əvvəllər əmniyyət generalı və kommunist kimi, sonra da Şurəvinin başında duran yüksək şəxslərdən biri kimi tanıyırdıq. Əgər Sizin bu qədər milli, azərbaycançı olduğunuzu, eyni zamanda mənim şəxsimi və fəaliyyətimi bildiyinizi zənn etsəydim, Sizinlə görüşmək üçün Tehrandan Naxçıvana dizin-dizin sürünüb gələrdim".

Cavad Heyət ulu öndərlə elə birinci görüşündən sonra əmin olmuşdu ki, Heydər Əliyev üçün azərbaycançılığın, milli ruh və düşüncənin, milli tarix və mədəniyyətin, dil və ədəbiyyatın dövlət sərhədləri yoxdur. Sonrakı illərdə ulu öndərlə vaxtaşırı görüşən, ölkəmizin müxtəlif ictimai, mədəni tədbirlərində iştirak edən Cavad Heyət hər görüşdən yüksək mənəvi qida aldığını məmnunuyyətlə vurğulayırdı.

"VARLIQ"I YARADAN VƏ YAŞADAN BÖYÜK ƏDİB

Cavad Heyətin yaxın həmkarları ilə birlikdə 1979-cu ilin aprelində, İran islam inqilabından az sonra təsis etdiyi və günümüzədək türk (Azərbaycan) və fars dillərində nəşri fasiləsiz davam edən "Varlıq" dərgisi İranda Azərbaycan kimliyinin, Azərbaycan milli varlığının qorunub saxlanmasında əvəzsiz rol oynamışdır. "Varlıq" İranda o zaman meydana çıxan, açılıb-bağlanan, qısa ya nisbətən üzun ömürlü bütün türk (Azərbaycan) dilli, yaxud qarışıq dilli mətbuat vasitələri üçün müəllim və məktəb idi. Cavad Heyətin yazdığı məqalələr xalqımızın zəngin tarixinin və mədəniyyətinin ən mühüm məsələlərinə işıq salmaqla bərabər, minlərlə oxucu və araşdırıcı üçün yol göstərirdi, bu yol isə milli varlığın dərk edilməsindən keçirdi. Arabir bu sətirlərin müəllifinin də yazılarının yer aldığı "Varlıq"ın müəllifləri və mövzuları da Arazın hər iki tayı, bütün türk dünyası ilə bağlı olsa da, bu dərgidə İran Turan qarşılaşdırması yoxdur, İran və türk dünyasının qırılmaz bağlarının daha da möhkəmlənməsinə töhfə verən məqalələrdə zərrə qədər də bölücülük, ayrımçılıq yoxdur, lakin hər səhifəsində İran üçün canını verən, qan axıdan, İranın baş tacı olan Azərbaycan nəfəsi vardır. Tarix dəfələrlə sübut etmişdir ki, İranda türk varlığı elə İranın varlığıdır, onun güc və qüdrət mənbəyidir. XX əsrdə bu ölkədə baş verən demokratik-milli hərəkatların önündə məhz Azərbaycan getmişdir, hər zaman İranın imperializmin, müstəmləkəçi dövlətlərin təsir və təzyiqlərindən azad, müasir demokratik bir ölkəyə çevrilməsi üçün Azərbaycan oğulları fədakarlıq göstərmişlər.

Bədxahların əsassız qarayaxmalarına baxmayaraq, Azərbaycan yalnız özü üçün deyil, bütünlükdə İran üçün azadlıq mücadiləsi etmişdir. Pəhləvi rejimini həmişəlik süpürüb atan İran islam inqilabında da Azərbaycan və azərbaycanlıların müstəsna rolu olmuşdur. Məgər inqilabdan sonrakı mürəkkəb siyasi şəraitdə, 1981-1987-ci illərdəki İraq-İran müharibəsi dövründə İranın Prezidentinin və Baş nazirinin azərbaycanlı olmaları, yüksək dövlət vəzifələrində və orduda azərbaycanlıların üstün mövqelərə malik olmaları bunun təsdiqi deyilmi? Cavad Heyətin əsərlərində, məqalə və çıxışlarında İran tarixində Azərbaycanın və azərbaycanlıların mühüm roluna istinad edilməklə yanaşı, Azərbaycan xalqının İran Konstitusiyasında təsbit edilmiş təbii haqqlarının yerinə yetirilməsinə şərait yaradılması tələbi də hər zaman qızıl xətlə keçir.

"Varlıq"ın sağlam bünövrəsini qoyan, "baş börksüz, fars türksüz olmaz" qədim məsəlinə uyğun mövqedə, ayıran yox, birləşdirən Cavad Heyət ömrünün sonuna kimi bu dərginin nəşrini bir milli vəzifə olaraq yerinə yetirdi, yalnız və yalnız həkimlikdən qazandığı halal vəsaitlə bu dərgini yaşatdı, yad ideya təsirlərindən, böhtan və iftiralardan mətanətlə qorudu. Hətta yıxılıb ayağını sındırdığı və üç ay həkimlik fəaliyyəti ilə məşğul ola bilmədiyi vaxtda da, "Varlıq"ın nəşri üçün heç bir yardımı qəbul etmədi. Məhz Cavad Heyətin İran vətənçiliyi və Azərbaycan millətçiliyi mövqeyinə görə "Varlıq"da ifratçılara, eləcə də milli dönüklərə yer verilmədi, əksinə, elələrinə qarşı haqlı və əsaslı, möhkəm və ötkəm bir mövqe bərqərar oldu. Bu mövqe də Cavad Heyət ömrünü "Varlıq"da daim yaşadacaqdır. Heyət ailəsinin gənc və istedadlı üzvü, Cavad Heyətin sağlığında onun ən yaxın köməkçisi və doğması, indi isə mənəvi varisi olan Məhəmməd Rza Heyət fədakar varlıqçılarla birgə Doktor Cavad Heyətin "Varlıq"ını yaşadır. "Varlıq"ın işıq üzü görən hər yeni sayı Cavad Heyətə bir abidədir.

 





11.08.2017    çap et  çap et