525.Az

UNEC-də böyük layihələr gerçəkləşdirilir


 

UNEC-də böyük layihələr gerçəkləşdirilir<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təkrar ali təhsil və Yenidənhazırlanma təhsilinə qəbul prosesi sentyabrın 10-a kimi davam edəcək.

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevin dediyinə görə, UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin fəaliyyətinin istiqamətlərindən biri də əlavə təhsillə bağlıdır.
 
Hazırda UNEC-də bu istiqamətlərdən ikisi - kadrların yenidən hazırlanması və təkrar ali təhsil istiqamətləri reallaşdırılır. Bu iki istiqamət üzrə təhsil alan şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir: "Təkrar ali təhsil ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda seçilən təhsil istiqamətidir.

Yəni, tamamən ayrı-ayrı sahələr olanda bu təhsili almaq mümkündür. Məsələn, jurnalistika üzrə təhsil alan şəxs maliyyə ixtisasına yiyələnmək istədiyi halda təkrar ali təhsil istiqamətini seçə bilər. Kadrların yenidənhazırlanma təhsili isə müraciət edən vətəndaşın ilkin baza təhsili proqramları ilə yenidən əldə etmək istədiyi ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mümkündür. Yəni, bu, bir sahənin daxilində ayrı-ayrı ixtisaslara yiyələnmək istəyən şəxslər üçün əlverişlidir. Məsələn, mühasibat uçotu ixtisası üzrə təhsil almış şəxs müraciət edib, maliyyə ixtisasına yiyələnə bilər. Təkrar ali təhsildə təhsil əyani və qiyabi formalarda həyata keçirilə bilər. Tədris isə adətən ikinci kursdan başlanır. Bu, ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqdən asılıdır. Fənlərin fərqi imkan verdiyi halda, yəni təkrar ali təhsili təqdim edən ali təhsil müəssisəsi tərəfindən baza ixtisas təhsilinin proqramı ilə yeni əldə etmək istənilən ixtisas proqramının fənn, saat və fənlərin məzmunu fərqi müəyyənləşdirilən zaman fərq sayı çox olmazsa, tələbə təhsilə üçüncü kursdan da başlaya bilər. Yenidənhazırlanma təhsilində isə tədris müddəti bir ildir. Dərslər Azərbaycan dilində və ancaq əyani formada aparılır".

O bildirib ki, son üç ildə UNEC-də tədris prosesində müasir və innovativ texnologiyaların tətbiqi, tədrisin elektronlaşdırılması istiqamətində böyük layihələr reallaşdırılmaqdadır. Artıq ikinci tədris ilidir ki, vahid elektron idarəetmə platforması olan "Elektron Universitet Modeli"nin və EDUMAN sisteminin istifadəsinə başlanılıb ki, burada da əsas hədəf şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır.

UNEC-də görülən bütün bu işlər əlavə təhsilə qəbul prosesində də öz əksini tapıb və 2014-cü ildən başlayaraq əlavə təhsil və əcnəbi vətəndaşların universitetə qəbulu prosesi tamamilə elektronlaşdırılaraq internet vasitəsilə həyata keçirilməyə başlanıb. Hazırda mərkəzdə əlavə təhsillə bağlı sənəd qəbulu üçün iki elektron platforma fəaliyyət göstərir. Əlavə təhsillə maraqlanan istənilən şəxs www.kabinet.unec.edu.az linkinə daxil olmaqla özünə şəxsi kabinet açaraq tələb edilən sənədləri birbaşa oraya yükləyə bilər. Bu, həm vaxta qənaət edir - istənilən vətəndaşın əlavə təhsil almaq üçün ucqar bir kənddən, başqa bir şəhərdən, ölkədən yol qət edib universitetə gəlməsinə ehtiyac qalmır, müvafiq sənədlər elektron formada göndərilir, həm də qəbul prosesinin tam şəffaf və obyektiv aparılmasını təmin edir, subyektiv və kənar pozucu təsirlərin aradan qaldırılmasına tam şərait yaratmış olur.

S.QARAYEVA

 

 





11.08.2017    çap et  çap et