525.Az

Kənd təsərrüfatının inkişafı Azərbaycanın ixrac potensialını artıracaq


 

"PREZİDENT TEXNİKİ BİTKİLƏRİN İSTEHSALININ ARTIRILMASI ÜÇÜN YOL XƏRİTƏSİ MÜƏYYƏNLƏŞDİRİB"

Kənd təsərrüfatının inkişafı Azərbaycanın ixrac potensialını artıracaq<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Balakən, Zaqatala və Qaz rayonlarında həyata keçirilən sosial-infrastruktur tədbirləri, abadlıq və quruculuq işləri ilə yerində tanış olub, Qaxda respublika müşavirəsi keçirərək bölgədə kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları, həyata keçirilən fəaliyyəti qiymətləndirib.

Prezident çıxışında ölkənin ümumi iqtisadi inkişaf perspektivlərindən danışaraq bildirib ki,  Azərbaycan iqtisadiyyatı inkişaf edir: "Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir".

Ölkə başçısı qeyd edib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ölkə tarixində çox böyük rolu var: "2004-cü ildən bugünə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməyib. Bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra edilib və Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. 30-a yaxın yeni elektrik stansiyasının tikilməsi sayəsində bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və xaricə də elektrik enerjisi ixrac edir".

Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsinin daha da aşağı düşəcəyinə əminliyini ifadə edən ölkə başçısı deyib ki, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılıb: "Bütövlükdə 2004-cü ildən bugünə qədər 1 milyon yarım iş yeri açılıb ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Son iki il ərzində kənd təsərrüfatı, sənaye sahələrində görülmüş çox böyük işlər sayəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək".

Bu mənada, prezident gələcək dövr üçün qarşıya bir sıra vəzifələr qoyub, səfərdən qayıtdıqdan sonra sosial-infrastruktur tədbirlərinin arcıdıl şəkildə davam etdirilməsi üçün müvafiq sərəncamlar imzalayıb. Ölkə başçısının qəbul etdiyi qərarlara görə, Balakən-Qazbinə-İtitala, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yollarının, Balakən Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi həyata keçiriləcək, habelə Zaqatala və Qaxda abadlıq-quruculuq işləri,  Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdiriləcək.

Prezidentin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatları, atılan addımları yüksək qiymətləndirən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Qaxda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirib. O, "Trend"ə bildirib ki, tütün, barama və fındıq istehsalının artırılmasının diqqət mərkəzində saxlanılması təsadüfi deyil: "Bu sahələrdə istehsalının artırılması böyük gəlir gətirə bilər. Nəzərə almaq lazımdır ki, bu məhsullara xarici bazarlarda böyük tələbat var. Bu məhsulların ölkəmizdə istehsalı hazırda mövcud potensialdan aşağıdır. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən addımlar isə bu sahədə canlanma yaradıb. Prezident İlham Əliyevin respublika müşavirəsində bildirdiyi kimi, bu sahənin inkişafı üçün xüsusi dövlət proqramının qəbul edilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, habelə əlavə təşviqedici addımların atılması bu sahənin sıçrayışlı inkişafına gətirib çıxaracaq. Dövlətin böyük dəstək göstərməsinin əsas səbəblərindən biri də, bu sahənin əmək tutumlu olmasıdır".

A.Hüseynov qeyd edib ki, bu sahəyə sahibkarların daha çox maraq göstərmələri bir o qədər çox yeni iş yerlərinin açılması deməkdir: "Digər tərəfdən, bu məhsullar istər daxili bazarda, istərsə də xarici bazarlarda kifayət qədər yüksək qiymətə satılır. Elə buna görə də sahibkarların bu sahəyə daha böyük marağı olacaq. Üstəlik, dövlət sahibkarlara öz məhsullarını xarici bazara çıxarmaq üçün də bütün zəruri dəstək göstərir. Bu istiqamətdə sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün ardıcıl addımlar atılır. Dövlət başçısının bölgəyə səfərinin ardından həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin aparılması üçün imzaladığı sərəncamlar da xüsusi vurğulanmalıdır. Çünki kənd yollarının yenidən qurulması iqtisadi inkişafın təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir".

Deputat vurğulayıb ki, infrastrukturun yüksək səviyyədə olması, özəl sektorun həmin bölgəyə marağının artmasına gətirib çıxarır: "Bu sahələrin inkişafı ölkənin ticarət dövriyyəsinə müsbət təsir edəcək. Azərbaycanın siqaret tələbatının əksər hissəsi idxal hesabına ödənilir və bu tələbatın ödənilməsi üçün hər il xaricə xeyli miqdarda vəsait gedir. Biz bu sahəni inkişaf etdirməklə, nəinki bu vəsaitin xaricə getməsinin qarşısını alarıq, həm də ixrac potensialımızı artıraraq ölkəyə xeyli valyuta gətirə bilərik. Barama və fındıq ixracı da ölkəyə böyük miqdarda xarici valyuta axınını vəd edir".

Deputat Siyavuş Novruzov isə qeyd edib ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük işlər gedir. O, SİA-ya bildirib ki, prezidentin göstərişlərinə və tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatının yeni bir mərhələsi artıq öz işinə başlayıb: "Kənd təsərrüfatının inkişafına qoyulan vəsaitlər, investisiyalar özünü doğrultmaqdadır. Artıq qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq istər emal müəssisələri, istər kənd təsərrüfatı məhsulları, istərsə də ayrı-ayrı konserv zavodları və bu kimi zavod və fabriklərin açılması, yeni iş yerlərinin yaradılması, insanların yenidən ərazilərdə əkin-biçinlə məşğul olması ən aparıcı istiqamətlərdən birinə çevrilib. Məhz bunun nəticəsi olaraq həm insanların gəlirləri artır, həmçinin ölkənin ərzaq təhlükəsizliyi məsələsi həll olunur, eləcə də Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları ölkəyə valyuta gətirir. Bu gün tək Azərbaycan bazarları deyil, eləcə də ayrı-ayrı ölkələrin bazarlarında da Azərbaycan məhsulları çox yüksək qiymətləndirilir. Həm ekoloji cəhətdən təmiz, həmçinin keyfiyyətli olan məhsullar kimi də qəbul olunur və alınır. O baxımdan da kənd təsərrüfatına qoyulan investisiyalar qısa müddət ərzində həm özünü doğruldacaq, həmçinin də yeni gəlirlər əldə olunacaq".

S.Novruzov bundan öncə Sabirabad rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qoyulan investisiyalardan da danışıb: "Təbii ki, rayonun kənd təsərrüfatının inkişafına qoyulan investisiyalar da öz bəhrəsini verib. Müxtəlif mövsümi dövrlərə uyğun olaraq istehsal olunan məhsulların müşavirələri keçirilir. Burada da ciddi şəkildə istehsal olunan məhsulların miqdarı, onların gətirəcəyi gəlirlər, onlara qoyulan investisiyalar və s. məsələlər öz həllini tapıb. Məhz bunun nəticəsində yüksək göstəricilərlə məhsul istehsal olunur. Məsələn, əgər ötən il baramaçılıqla bağlı (ümumi Azərbaycan üzrə) 20 ton məhsul istehsal olunmuşdusa, artıq bir rayonun özündə 27-28 ton barama məhsulu istehsal olunur. Eləcə də yeni ağacların əkilməsi ilə ipəkçiliyə geniş ehtiyaclar yaranır. Bunun təminatı nəticəsində də həm ölkənin daxilinə, həm də xarici bazarlara məhsulların çıxmasına əlavə stimul yaradır. Azərbaycanda olan 12 iqlimdən 9-u Azərbaycanda olduğuna görə, tütün, meyvəçilik, tərəvəzçilik, pambıqçılığın inkişafı üçün əlverişli zəmin yaranır. Azərbaycan aqrar sahədə çox böyük uğurlar əldə edəcək".

Ceyhun ABASOV

 





11.08.2017    çap et  çap et