525.Az

Xəzər regionunda yeni strateji tərəfdaşlar - Azərbaycan və Türkmənistan


 

BAKI-AŞQABAD ƏLAQƏLƏRİ YENİ MƏRHƏLƏDƏ: İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏR ƏN YÜKSƏK SƏVİYYƏYƏ QALDIRILIR

Xəzər regionunda yeni strateji tərəfdaşlar - <b style="color:red">Azərbaycan və Türkmənistan</b> Xəbər verdiyimiz kimi, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycana rəsmi səfər edib.

Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirib. Tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsilə bağlı danışıqlar aparıblar. Görüşün uğurlu nəticəsi olaraq Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi keçirilib. Xüsusilə qeyd etmək lazımdır ki, iki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamə imzalanıb. Bu da ümumilikdə görüşün, aparılan danışıqların olduqca yüksək səviyyədə keçdiyindən xəbər verir.

Daha sonra təşkil olunan mətbuat konfrasında prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir: "Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşayıblar, əməkdaşlıq, dostluq ediblər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçib".

Azərbaycan prezidenti bildirib ki, iki ölkə arasında imzalanan sənədlərdə birgə bəyannamə xüsusi yer tutur: "Bu, strateji tərəfdaşlıq haqqında imzalanan bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib".

Öz növbəsində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparılıb: "Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olunub, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edilib. İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik".

Q.Berdiməhəmmədov bildirib ki, Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir: "Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır. Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir. Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlər üzrə durmadan inkişaf edəcək. Bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verir, beynəlxalq proseslərin müsbət inkişafının güclü amilidir".

Mövzu ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Berdiməhəmmədov deyib ki, müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir: "Həqiqətən 15-20 il əvvəl iki ölkə arasındakı münasibətlərdə mövcud olan gərginlik yoxdur. SSRİ dağıldıqdan sonra Türkmənistanla Azərbaycan arasında gərginlik yaradan əsas səbəblərdən biri Xəzər dənizindəki "Kəpəz" yatağıyla bağlı idi.

Azərbaycan neftçilərinin kəşf etdiyi həmin yatağı Türkmənistan özününkü sayır və adını "Sərdar" qoymuşdu.

Azərbaycan münasibətləri daha da gərginləşdirməmək üçün həmin yataqda çalışmalara başlamadı. Bunun qarşılığında da Türkmənistan həmin yatağa olan iddiasını əvvəlki illərdə olduğu kimi sərt şəkildə gündəmə gətirmir".

E.Şahinoğlu hesab edir ki, Türkmənistan və Azərbaycan prezidentləri arasında görüşlərin intensivliyi artıb: "Təxminən bir aydan sonra sentyabrın 17-də Azərbaycan prezidenti Türkmənistana gedərək V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək".

Mərkəz sədri bildirib ki, Türkmənistan prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında bir neçə sənəd imzalanıb: "Bunlardan ən vacibi prezidentlərin imzaladıqları strateji tərəfdaşlıq haqqında bəyannamədir. Digər sənədlər də əməkdaşlığın inkişafına təkan verməlidir. Məsələn, iki ölkənin limanları ilə yük daşımaların artması barədə saziş imzalanıb. Bu yolla rəsmi Bakı tikintisi tamamlanan Bakı-Tiflis-Qars dəmiryolu üzərindən yük daşımaların artmasına nail ola bilər. Türkmənistanla Türkiyə bu dəmir yolu vasitəsilə ticarət mübadiləsini artırmaq imkanına malik olacaq".

Politoloq qeyd edib ki, Türkmənistanla Azərbaycan arasındakı əməkdaşlıqda ən vacib mövzu türkmən qazının Azərbaycan üzərindən Avropaya daşınmasını təmin etməkdir: "Prezidentlərin Bakı görüşündə mətbuata Xəzərin dibi ilə boru xəttinin çəkilişi haqqında konkret nəsə deyilməsə də, Qurbanqulu Berdiməhəmmədovun mətbuat üçün verdiyi açıqlamada bu sözləri diqqət çəkib: "Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik". Faktiki bu, o deməkdir ki, Türkmənistan öz qazının nəqli məsələsində Azərbaycanla əməkdaşlıq etmək istəyir".

E.Şahinoğlu əlavə edib ki, Türkmənistan öz qazını yalnız Rusiya ilə deyil, başqa marşrutlarla da dünya bazarlarına çatdırmaq niyyətindədir: "Rusiyadan asılılıq Türkmənistana baha başa gəlir, "Qazprom" şirkəti istəyəndə türkmən qazını alır, istəməyəndə isə boru xəttinin fəaliyyətini dayandırır. Bu isə Türkmənistanda iqtisadi vəziyyəti ağırlaşdırır. Buna görə də Aşqabadın Rusiyanın boru xətti asılılığından qurtulması üçün Xəzərin dibi ilə boru xəttinin tikintisinə razılaşması vacibdir. Ancaq Aşqabadın Avropaya ünvanlanmış "gəlin qazımı sərhəddən alın" təklifinə heç kim razılaşmayacaq. Xəzərin dibi ilə boru xəttinin tikilməsi üçün Türkmənistanın Avropa, Türkiyə və Azərbaycanla səylərini birləşdirməsi lazımdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli də qeyd edib ki, Türkmənistan prezidentinin Azərbaycana səfəri mühüm məqamlarla yadda qalıb: "Qardaş ölkələrin strateji tərəfdaşa çevrilməsi tarixi bir olaydır. Hər iki türk dövlətinin prezidenti bir-biri ilə öz ana dillərində - Azərbaycan və Türkmənistan türkcəsində danışıblar və üçüncü dilin köməyinə ehtiyac olmadan anlaşıblar. Azərbaycan prezidenti İlham Əliyev də bu mühüm məqamı xüsusi olaraq vurğulayıb".

E.Mirzəbəyli hesab edir ki, bu səfər və əldə olunan nəticə Azərbaycanın böyük uğurudur və türk dünyası üçün strateji əhəmiyyət daşıyan hadisədir.

Ceyhun ABASOV
 





11.08.2017    çap et  çap et