525.Az

Tiflisdə Anarın gürcü dilində nəşr edilmiş “Dədə Qorqud” kitabının təqdimatı olub


 

Tiflisdə Anarın gürcü dilində nəşr edilmiş “Dədə Qorqud” kitabının təqdimatı olub<b style="color:red"></b>

Mayın 17-də Gürcüstan paytaxtında ARDNŞ-in dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın gürcü dilində nəşr olunan “Dədə Qorqud” kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri təqdimat mərasiminin təşkilatçılarından olan “Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası”nın vitse-prezidenti Tamar Lamparadze açıb. Sonra Gürcüstan Yazıçılar İttifaqının sədri Mağvala Qonaşvili, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, “Rustaveli” Fondunun rəhbəri David Şemaoxvereli, “Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov, AYB-nin katibi Nazim İbrahimov, “Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası”nın Azərbaycan üzrə nümayəndəsi Cavanşir Hadıyev və gürcü rəssamı Rezo Adamiya çıxış ediblər.

“Dədə Qorqud” Fondunun rəhbəri və “Azərbaycan Dünyası” beynəlxalq jurnalın baş redaktoru Eldar İsmayılov Azərbaycan-Gürcüstan arasında dostluğun, mədəni əlaqələrin inkişafında misilsiz xidmətlərinə görə “Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası”nın vitse-prezidenti Tamar Lamparadzeni “Dədə Qorqud” Fondunun və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsis etdiyi “Mehriban Ana” ordeni ilə, AYB-nin sədri Anarı isə “Vətən övladı-Dədə Qorqud” ordeni ilə təltif edib. Sonra E. İsmayılov 25 nəfər gənc gürcü rəssamına “Dədə Qorqud” əsərinə çəkdikləri rəsmlərə görə diplomlar verib.

Tədbirdə gürcü və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, rəssamların “Kitabi-Dədə Qorqud” dastanına aid çəkdikləri rəsm əsərlərinin sərgisi keçirilib.

Sonda AYB-nin sədri Anar çıxış edərək “Dədə Qorqud” kitabının tərcümə və nəşrində əməyi olanlara təşəkkürünü bildirib.

Anar jurnalistlərə açıqlamasında “Dədə Qorqud” kitabının 3 dəfə Moskvada, 3 dəfə Türkiyədə, bir neçə dəfə Azərbaycanda, İranda və digər ölkələrdə nəşr edildiyini deyib.

 





21.05.2013    çap et  çap et