525.Az

... Bu şeir xurma kimidir, götür, orucunu açarsan - Şeirlər


 

... Bu şeir xurma kimidir, götür, orucunu açarsan - <b style="color:red">Şeirlər</b>

Çayxor çöllər qənimidir, ay dədə,
körpülərin altdan axan çayların.
Mən burda vurnuxuram, o tərəfdən səs gəlir:
arvad-uşaq sahibidir vallah sənin tayların.

Gün də yanmır bu çöllərə, ay dədə,
ha baxırsan, dərisini yandırır.
Artırmadan yenə tanış səs gəlir:
dəstəmaz almalıyam, hanı mənim çəliyim -
tez tap gətir andırı.

Yaşamağa qoymurlar ki, ay dədə,
qanmıramsa gəlin məni qandırın.
Bax, gecənin bir aləmi qarellə istəyirəm,
Nolar, nolar, cəmi beşcə dəqiqəlik
meşələrin işığını yandırın.

Yenə, yenə sübh çağıdır, ciyərlərim kef eləyir,
kəndimizin bəstəsidir: qoyun-quzu mələşir.
Qonum-qonşu tezdən qalxıb atını yəhərləyir,
bir şair də,
formasını bilmədiyi şeirin üstə əlləşir.

Eheey Çoban! Sən də qəşəng bilirsən,
gün yandırmaz dağları.
Nəyə görə öz papağını dağın başına qoymusan?
Bir də, bir də,
anasını sevmədiyim o qıza bir sözüm var:
bə sən niyə özünü (y)endiribsən,
dağın başına qoymusan...

lll

Pulu-parası olmur,
onçün arası olmur kənd balasının
yolboyu düzülmüş gözəlçələrnən.
Nə sözünnən dönər, nə qılığı var,
Qəribə bir doğmalığı var
daşnan öldürdüyü gölməçələrnən.

Ay oğul,
kənddə palçığa batırsan,
şəhərdə günah dizdəndi.
O qapqara, çəlimsiz oğlan
hara gedir getsin, bizdəndi!
Za lımın oğlu,
atamnan çox səhvlərim döyüb məni,
onların əliynən ağıllanmışam.
Biletlər bahadı, cəhənnəmə ki,
şəhərdən çıxmağın bircə yolu var,
ölümlər ucuzdur,
maraqlanmışam.

İş də qurtarıb,
görməyə nə var ki, bircə yuxudu,
uşaqlar evində yaş da qurtarıb,
hamının gözünnən yetimlik yağır.
İlahi! Deməyə biraz çəkinnəm,
heç kimə demərəm sənin canına,
yanında iş olsa məni də çağır.

...Baş alıb gedirdim bir kəndirinən,
məni saxlamadı çəkil, ay bala.
Göy üzü nə vaxtdı yaman tərpənir,
altında qalarsan, çəkil, ay bala.

lll

Düşünün...
əsgərlərin silahınnansa,
silahların çaxmağınnansa,
o göy üzündəki kişinin 
Şimşəyinin çaxmağını sevirəm...
Kişi!
kim nə deyir desin mənə,
camaat özünə gülür.
kimnən çıxır çıxsın, əşi,
Günəşin çıxmağını sevirəm!

Nəyin ki ağıl heç nəyə yaramır ta,
hətta dəlilik dahiyanədir.
Ağıllı adamlara deyin ki,
suların ən axmağını sevirəm...

lll

Tale var ki, dumanında dağ azır,
bayrağ hazır, tabut hazır, ağ hazır:
ölüm elə bu vətəni hey yazır,
əsgər-əsgər cilidləyir nə vaxtdı.

Solan gördüm yaz günündə gülləri,
səngər içir o qırmızı gölləri.
Göy üzünə açdığımız əlləri,
tanrı tutub kilidləyir nə vaxtdı.

Sərhəd boyu dəmir-dəmir ağaclar,
heç nə demir, heç nə demir ağaclar.
Neçə vaxtı çiçəkləmir ağaclar,
bizim torpaq şəhidləyir nə vaxtdı.

lll

Ay kənd qoxulum, kənd yazım,
özümü sənə bənd yazım.
Hər telinə bir bənd yazım,
saçının ucunu açarsan.

Tabım çatmır, tab gəzirəm,
gecələr şərab gəzirəm.
Ürəyimə qab gəzirəm,
desəm, ovucunu açarsan?

Dərd ləş düşüb bu gəncinən,
bu sakitnən, bu dincinən,
Açar boyda sevincinən
bu ağrı-acını açarsan.

Ömrüm bir sınıq sinidir,
kinin lap dəvə kinidir.
Bu şeir xurma kimidir,
götür, orucunu açarsan.

lll

Nə sirrdi?
Hələ də əsirdi!
Mükafata yazdığımız şeirdi Laçın,
qonorara yazdığımız nəsrdi...

Qulağı səsdədi!
ilk günnən son nəfəsdədi...
həkimləri bizik - naşıyıq, Laçın
qanaxması dayanmayan xəstədi.

Halınnan xəbər almadıq,
dillənmədi a rınnan.
bizi bağışlamaz, 25 ildə
bir məktub almadı balalarınnan.

Laçın....
Ay camaat! Qaçın!
yetimin kimi var sizdən savayı,
gedin, heç olmasa qapısın açın...

lll

Nəsə buralarda həyat başqadı,
hər gün darıxmağım nə gizli, nə sirr...
axı buralarda küləkdən qabaq,
ürəklər adamın içində əsir...

Yağışlar adamın içinə yağır,
küləklər evlərin çölünü tutmur...
Onsuz da uşaqkən dəcəl olmuşam,
bu gecə aləmi qarışdırım, bax...
Söküb şəhərdəki plakatları,
yerinə şəklini yapışdırım, bax!
Cinayətdirsə də, narahat olma,
onsuz da polislər dəlini tutmur...

Götürüb ən gözəl şeirinnən vurur,
üstündə başqa bir ətir gəzdirmir.
Tutqun havalarda, qış aylarında,
noolsun, özüylə çətir gəzdirmir,
açır ürəyini şeir sevən qız,
bu yağan yağışlar Əlini tutmur.

lll

Sal əlini aşağı,
bir də qoynuna qoyma.
Keçmiş günahlarını,
mənim boynuma qoyma!

Ömrünün astarından
üzü nə qədər çıxıb?
Günlərinin qarası
üzünə qədər çıxıb.

Bax, səni gətirmişəm,
di, dur, özünü tanı!
Bəs əlimdə tutduğum
şəkildəki qız hanı?

İndi o qız yoxdusa,
qadın olmusan demək.
Eh... Qadın olmusansa,
yadın olmusan demək.

Sal əlini aşağı,
bir də qoynuna qoyma.
Keçmiş günahlarını
mənim boynuma qoyma!

lll

Gözüm bir məzarın sehrinə dalıb,
Görürəm başdaşı ölüyə yükdü...
Bu adam daşından balaca qalıb,
Bu daş yiyəsindən yaşca böyükdü.

Hərənin bir daşa qarışıb başı,
Mən elə bilirəm burda hamı var!
Hər kəsin özünün öz doğma daşı,
Hər daşın özünün öz adamı var...

Daşlar bir-birinin ardına düşməz,
Elə nə vaxt baxsan duruxan olar...
Hardasa bir adam heç yada düşməz,
Hansısa daş üçün darıxan olar...

Kişilər kişiynən, qadın qadınnan,
Yollara boylanar adam başları...
Gör necə dönərmiş adam adamdan,
Gör necə sevərmiş adam daşları...

Nə bilim, bəlkə də desəm, yeridi,
Vaxt keçir, qazanır daşla şan adam.
Bir ömür boyunca sənə yer edir,
Bir göz qırpımında daşlaşan adam...

İlahi hərəyə bir daş bağışlar,
Yazıb taleləri daşa, göndərib.
Bu soyuq baxışlar, bu daş baxışlar
Mənim ürəyimi daşa döndərib...

Yenə öz sirrində qal da, razıyam,
Üzünü göstərmə, bir səs ver, Allah!
Mənim nəfəsimi al da, razıyam,
Sən bu baş daşına nəfəs ver, Allah!

lll

İsa Sevərə susmaq əvəzi

Dünyaya açılmış qoşalülədi,
gözləri... gözləri süzgün şairin.
Qayğılar yığılıb qayığnan gəlir,
üzür o baş-bu baş üzgün şairi.

Qəflətən gün batır, bir tufan qopur,
əyrilik dünyanın canına hopur:
Yüzillik ağaclar kökündən qopur,
yenə əyə bilmir düzgün şairi.

Lap təzdən qayıdın, lap təzdən gəlin,
Gəlin, gecikməyin, lap tezdən gəlin,
Görəndə biraz da görməzdən gəlin,
Küsdürün bu kəndin küsgün şairin.

 





12.08.2017    çap et  çap et