525.Az

Azərbaycan Dillər Universitetinin xarici dilləri təbliğ edən mərkəzləri


 

AKADEMİK KAMAL ABDULLA: “ADU-da OLDUĞU KİMİ, XARİCİ ÖLKƏLƏRİN UNİVERSİTETLƏRİNDƏ DƏ AZƏRBAYCAN DİLİNİ ÖYRƏDƏN, TƏBLİĞ EDƏN MƏRKƏZLƏR YARADILMALIDIR”

Azərbaycan Dillər Universitetinin xarici dilləri təbliğ edən mərkəzləri<b style="color:red"></b>

Ölkənin aparıcı ali təhsil müəssisələrindən biri sayılan Azərbaycan Dillər Universitetində (ADU) hazırda 20-dən çox dil mərkəzi fəaliyyət göstərir.

Bu mərkəzlər müxtəlif dillərin və həmin dillərin xalqlarının mədəniyyətini, tarixini, ədəbiyyatını Azərbaycanda təbliğ edir. Gələcəkdə universitetdə digər yeni mərkəzlərin yaradılması da nəzərdə tutulub. 

İSPAN DİLİ MƏRKƏZİ

İspan dili Mərkəzi 2012-ci  ildə ADU və İspaniyanın Türkiyədəki Səfirliyinin təşəbbüsü ilə açılıb. Mərkəzin yaradılmasında əsas məqsəd ispan dili ixtisası üzrə təhsil alan tələbələrə ispan dili və mədəniyyətinin öyrədilməsi, onların elmi araşdırmalarına dəstək olmaq, tələbələri kitabxana, audio və video vəsaitləri ilə təmin etmək, İspaniya və Azərbaycan arasındakı əlaqələrin inkişafında rol oynaya biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinə yaxından yardımçı olmaqdır. Mərkəzdə ispan, Azərbaycan və rus dillərində 690-a yaxın kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Azərbaycanda ispandilli ölkələrin rəsmi nümayəndəlikləri, səfirliklər mütəmadi olaraq mərkəzdə keçirilən tədbirlərdə fəal iştirak edirlər. 

BAKI AVRASİYA MƏRKƏZİ 

ADU-nun nəzdində fəaliyyət göstərən Avstriya Mərkəzi Avstriya Mübadilə Xidməti, ÖSD-alman dili kursları və ÖSD-imtahan mərkəzi və ÖB - Avstriya kitabxanasından ibarətdir. 2015-ci ildən ADU-nun nəzdində  rəsmi olaraq Avstriya Mübadilə Xidmətinin Bakı informasiya mərkəzi fəaliyyətə başlayıb. OeAD-ın funksiyalarına Avropa Birliyinin təşkil etdiyi  SOKRAT, Leonardo Da Vinçi və üçtərəfli əməkdaşlıq proqramlarının ölkədə dəstəklənməsi və tətbiqi, təqaüdlərin təşkili və tədqiqat işlərinin dəstəklənməsi, akademik mübadilələr, elmi-texniki əməkdaşlıq və Avstriya universitetlərində təhsil alan xarici tələbələr üçün hazırlıq kurslarının təşkili daxildir. Bakı informasiya mərkəzi tələbə mübadiləsinin inkişafı üçün Avstriya təhsil və təqaüd proqramları haqqında mütəmadi məsləhətləşmələr və Avstriya Kitabxanası ilə birgə Azərbaycan universitetlərində sərgilər, mühazirələr, film və musiqi tədbirləri, eləcə də Azərbaycanda keçirilə biləcək elmi konfranslar və simpoziumlar təşkil edir.

FRANSA İNFORMASİYA MƏRKƏZİ

Jorj Sand adına mediateka, Fransa İnformasiya Mərkəzi 1998-ci ildə Fransa səfirliyinin və ADU-nun dəstəyi ilə açılıb.  Mərkəzin yaradılmasında əsas məqsəd müəllim və tələbələri fransız dilinin tədrisi ilə əlaqədar lazım olan dərs vəsaitləri, Fransa haqqında müxtəlif kitab və ləvazimatlarla təmin etməkdir. Hal-hazırda mərkəzin resurs fondu 2000-dən çox kitab, jurnal və audio/video resurslardan ibarətdir.  Mərkəzdə müxtəlif tədbirlər, seminarlar və danışıq saatları təşkil olunur. Mərkəz Azərbaycan Fransız İnstitutu ilə də əməkdaşlıq edir və orada təşkil olunan tədbirlərə bizim universitetin tələbələri də cəlb edilir. 

SKANDİNAVİYA MƏRKƏZİ

2007-ci ildən universitetdə fəaliyyət göstərən Skandinaviya Mərkəzi ADU, Norveçin Azərbaycandakı səfirliyi və Norveçin Statoyl şirkətinin dəstəyi ilə yaradılıb. Əməkdaşlıq layihələri çərçivəsində hər il ADU-nun tələbə/müəllim heyətindən ümumi səkkiz nəfər olmaqla Oslo Universitetinin BYM-ində Norveç dili və digər ixtisaslar üzrə altı həftəlik kurs götürürlər. Eyni zamanda, Azərbaycanda Norveç dilinin tədrisinin və Skandinaviyaşünaslığın əsasını qoyulub. Mərkəzin kitabxanası etnoqrafiya, psixologiya, tarix, incəsənət və mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, hüquq, coğrafiya və bədii ədəbiyyat kateqoriyalarına bölünən 3000-dən artıq kitabdan ibarətdir. Mərkəzdə 4 kitab ingilis dili və Norveç dilindən Azərbaycan dilinə tərcümə edilib.

İTALYAN DİLİ MƏRKƏZİ 

İtalyan dili Mərkəzi 2009-cu ilin aprel ayında Azərbaycan Dillər Universiteti və İtaliya səfirliyi arasında qarşılıqlı razılaşmanın nəticəsi olaraq yaradılıb. Mərkəz  tədbirlərin təşkili və kitabxana kimi fəaliyyət göstərir. Mərkəzin vəsaitlərindən tələbələr, digər kurslarda bu dili öyrənənlər  və müəllimlər  istifadə edir. Digər maraqlanan şəxslər isə şəxsiyyət vəsiqəsini təqdim etməklə mərkəzə üzv ola bilərlər. 

KONFUTSİ İNSTİTUTU

ADU-nun nəzdində Konfutsi İnstitutu 2016-cı ildən fəaliyyət göstərir. İnstitutda Çin dili və mədəniyyəti üzrə kurslar, şagirdlər, tələbələr, böyüklər üçün Çin dili kursları, Biznes Çin dili kursları, fərdi və qrup şəklində Çin dili kursları, başlanğıc səviyyə üçün və Çin dili biliklərini artırmaq istəyən tələbələrə Çin dili təlimləri, Çin dili səviyyə testləri və sair təşkil olunur. 

IBT TEST MƏRKƏZİ

Mərkəz ADU-də Amerikaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Amerika Birləşmiş Ştatlarına aid istənilən informasiya ilə təmin etmək məqsədilə 2005-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılıb. 2007-ci ildən Test Mərkəzi bir çox beynəlxalq imtahanlar təşkil edir. Mərkəzin tərəfdaşları ETS, Pearson VUE, Prometric və Ankara Universitetidir. Mərkəz Cisco, Oracle, EMC, CİMA, İİA-CİA, CompTİA kimi  bir çox beynəlxalq imtahanlar təklif edir. Həmçinin, mərkəz GMAT imtahanını Azərbaycanda təşkil edən yeganə mərkəzdir. TOEFL iBT effektiv kommunikasiya üçün vacib olan bütün dörd dil bacarığını (danışmaq, dinləmək, oxumaq və yazmaq) yoxlayır. Universitetdə hər il Ankara Universitetinə abituriyent qəbulunu nəzərdə tutan AYOS imtahanı təşkil olunur. 

ALMAN OXU ZALI

Alman oxu zalı 1998-ci ildə ADU və Almaniya Höte İnstitutunun birgə əməkdaşlığı ilə yaradılıb. Hal-hazırda Alman oxu zalı Gürcüstan Höte İnstitutu tərəfindən dəstəklənir. Mərkəz ilk öncə bir kitabxana funksiyası daşıyır və buranın ümumi fondu hal-hazırda 4528-dir və bu fonda almanca nəşr olunan kitablar, CD və DVD-lər daxildir. Oxu zalı Almaniyada aktual olan 6 qəzet və jurnala abunədir və hər ay bu qəzet və jurnalları poçt vasitəsilə əldə edilir. Alman oxu zalı, eyni zamanda “Hueber”, “Cornelsen”, “Klett-Langenscheidt” kimi məhşur nəşriyyat evləri və “Pieper-media” online kitab evləri ilə əməkdaşlıq edir və hər il Höte İnstitutunun təqdim etdiyi büdcə əsasında onlayn sifarişlər həyata keçirir, mərkəzin fondu zənginləşdirilir. Alman oxu zalı “Library Thing” səhifəsində online kataloqa sahibdir. Oxu zalı yalnız kitabxana funksiyası daşımır. Belə ki, hər yeni dərs ilindən etibarən hər həftə oxu zalında alman mütəxəssislər ilə birgə danışıq saatları keçirilir, qarşılıqlı fikir mübadilələri aparılır.  

SABAH RESURS VƏ AKADEMİK YAZI, OXU MƏRKƏZİ

SABAH qruplarının baza ali təhsil müəssisələrindən biri də Azərbaycan Dillər Universitetidir. ADU-da SABAH resurs mərkəzi 2014-cü ildən fəaliyyətə başlayıb və bura iki ixtisas - Xarici dil (İngilis dili) müəllimliyi və Tərcümə (İngilis dili) ixtisasları daxil edilmişdir.  Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından tələbələri olan SABAH qruplarında yerli və əcnəbi  müəllim fəaliyyət göstərir.

Akademik yazı və oxu Mərkəzi isə 2003-cü ildə yaradılıb. Burada mütəmadi olaraq müəllimlər üçün iki səviyyəli akademik yazı və oxu iki səviyyəli kursu, akademik ingilis dili, orta məktəblərdə ingilis dilinin xarici dil kimi tədrisində müasir metodların tədrisi üzrə CİSELT, Təlimdə İKT-nin istifadəsi və sair kurslar təşkil olunur. Mərkəz, həmçinin hər il tələbələr arasında müxtəlif mövzular üzrə esse müsabiqəsi təşkil edir, ən yaxşı esselər dəyərləndirilir və tələbələr sertifikatlarla mükafatlandırılır. 

DİL XİDMƏTLƏRİ MƏRKƏZİ 

ADU-nin Dil Xidmətləri Mərkəzi 2013-cü ildən etibarən Azərbaycanda ilk dəfə olaraq 20 əcnəbi dilin ən yüksək səviyyədə tədrisi, xaricdə təhsil və səyahət, bütün növ şifahi və yazılı tərcümə xidmətləri ilə fəaliyyət göstərir. Təcrübəli professor-müəllim heyəti ilə Azərbaycan dili (yerli və xarici vətəndaşlar üçün), İngilis dili, Rus dili, Alman dili, Fransız dili, İtalyan dili, İspan dili, Norveç dili, Yapon dili, Çin dili, Koreya dili, Hind dili, Ərəb dili, İvrit dili, İndoneziya dili, Çex dili, Qafqaz dilləri kimi dil kursları təşkil olunur.

İSRAİL VƏ YAXIN ŞƏRQ ARAŞDIRMALAR MƏRKƏZİ

İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi 2005-2006-cı illərdə İsrailin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə açılıb. İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələr ibri dilini öyrənməklə yanaşı, İsrailin tarixini, mədəniyyətini, ədəbiyyatını, dinini, sosial təhlükəsizliyini və bu kimi digər sahələri araşdırır. Mərkəzdə mədəniyyət, tarix, siyasət, ədəbiyyat, din və dil kateqoriyaları üzrə qruplaşdırılmış təxminən 2000-ə yaxın ibri, ingilis və rus dillərində kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Kitabxanadan istənilən şəxs qeydiyyatdan keçərək istifadə edə bilər. İsrail mərkəzi azərbaycanlı tələbələrin İsrailin müxtəlif universitetlərində təhsil almasında, bu istiqamətdə onları məlumatlandırmaqda və İsrailin müxtəlif universitetləri ilə əlaqə saxlayaraq oradakı təhsillə maraqlanmaqda önəmli rol oynayır. 

HİNDİSTAN MƏRKƏZİ

2010-cu ilin oktyabr ayından etibarən fəaliyyətə başlayıb. 2010-2011-ci tədris ilindən Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində Hindistanşünaslıq ixtisası açılıb. Mərkəzdə həftənin 3 günü mühazirələr oxunur. Bununla yanaşı hər il Hindistanşünaslıq ixtisası üzrə təhsil alan 1 tələbə ICCR proqramı ilə 3 illik Hindistanda təhsilini davam edir. 

İNDONEZİYA ARAŞDIRMALAR MƏRKƏZİ 

İndoneziya Araşdırmalar Mərkəzi ADU-da 2010-cu ildən fəaliyyətdədir. Mərkəz İndoneziya səfirliyinin hədiyyə etdiyi kompüterlər və İndoneziya dilinin tədrisi üçün digər texniki vasitələr, zəruri avadanlıq və tədris vəsaitləri ilə təchiz edilib. Mərkəzin İndoneziya ilə bağlı zəngin kitabxanası var. 2011-ci ildə Azərbaycanda İndoneziyanın səfirliyi açıldığı vaxtdan Mərkəz bu ölkənin universitetləri ilə daha sıx əməkdaşlıq edir. Mərkəz azərbaycanlı və indoneziyalı alimlər, müəllimlər, tələbələr və ziyalıları arasında birgə fəalliyyəti mühüm əməkdaşlıq körpüsünə çevirilməyə istiqamətlənib. Mərkəz İndoneziya hökumətinin təklif etdiyi müxtəlif təqaüd proqramları vasitəsilə ADU tələbələrini İndoneziyanın nüfuzlu universitet və mədəniyyət mərkəzlərində təcrübə keçmək, təhsil almaq və tədqiqat aparmaq üçün müxtəlif təqaüd proqramlarına cəlb edir. Mərkəz yalnız ADU əməkdaşları və tələbələri üçün deyil, bütün ölkə vətəndaşları üçün İndoneziya üzrə məlumat mərkəzi funksiyasını yerinə yetirir.

İNFORMASİYA RESURS KOMPLEKSİ

ADU-da İnformasiya Resurs Kompleksi 2008-ci ildə Azərbaycan prezidentinin maliyyə dəstəyi ilə yaradılıb.  Məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin Dünya Ali təhsil məkanına inteqrasiyasına yardımçı olmaq, İnformasiya Resurs Kompleksinin imkanları vasitəsilə Azərbaycan təhsil sisteminin Dünya standartlarına uyğun inkişafına xidmət etməkdir.  Milli səviyyədə qlobal informasiya cəmiyyəti quruculuğuna yardımçı olan elm və mədəniyyətin informasiyalaşdırılması proseslərini himayə etmək və bu sahədə maarifləndirici fəaliyyət göstərmək, elm, təhsil  və mədəniyyətin informasiyalaşdırılması, Azərbaycanın gələcəyi üçün yüksək səviyyəli mütəxəssis kadrların yetişdirilməsinə köməklik göstərmək, dünya elm, təhsil və mədəniyyət dəyərlərirnin Azərbaycanda təbliğidir. 

YAPON MƏRKƏZİ 

Yapon Mərkəzi ADU-da 2012-ci ildən yaradılıb. Mərkəzdə yapon dilini öyrənmək istəyən tələbələr və digər Azərbaycan vətəndaşları üçün hazırlıq kursları təşkil olunur, ixtisasca yaponşünas tələbələrlə birlikdə yapon mədəniyyəti nümunələri, o cümlədən, oriqami, ikebana, çadou, şodou və s. ilə bağlı tədbirlər keçirir.  Mərkəzin Yaponyanın Azərbaycandakı səfirliyi ilə sıx əlaqələri var. Səfirlik nümayəndələri Yapon mərkəzi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak edir, tədbirlərin təşkilində köməklik göstərirlər. Mərkəzdə mini kitabxana və “Kurosaka adına kitabxana” fəaliyyət göstərir. Mini kitabxanadakı kitablar yapon dilinin öyrənilməsində istifadə olunan dərs vəsaitlərindən və dərsliklərdən ibarətdir. Lakin “Kurosaka adına kitabxana” da  yapon, rus, ingilis dillərində kitablar müxtəlif sahələri əhatə edir. Hazırda Mərkəz bir sıra dərsliklərin tərcüməsi işi ilə məşğuldur.

REKTORDAN TƏKLİF 

ADU-nun rektoru, akademik Kamal Abdulla deyir ki, rəhbəri olduğu universitetdə bir çox dilləri təbliğ edən, öyrədən, dil və mədəniyyət mərkəzləri var. Həmin dillərin xalqlarının mədəniyyəti, tarixi, ədəbiyyatı təbliğ olunur. Ancaq təəssüf ki, o ölkələrin universitelərində Azərbaycan dilini və mədəniyyətini təbliğ edən mərkəzlər yoxdur: “Mən buna çox təəssüf edirəm. Ona görə biz artıq bu istiqaməti ikitərəfli etməyə çalışırıq. Yəni, Koreya mədəniyyətini təbliğ ediriksə, öyrəniriksə və bu istiqamətdə tələbələrimiz varsa, qarşımıza məqsəd qoymalıyıq ki, biz də mədəniyyətimizi Koreyada təbliğ edək, eləcə də digər ölkələrdə. Biz artıq bu istiqamətdə müəyyən işlər görürük, səfirliklərlə əlaqə saxlayırıq. Hər şey qarşılıqlı olmalıdır. Onlar da Azərbaycan həqiqətlərini, mədəniyyətini öz universitetlərində təbliğ etməlidirlər. Necə ki, onlar burada mərkəzlərin yaradılmasında müəyyən maddi yardım göstəriblər, eləcə də bizim universitet həmin ölkələrdə Azərbaycan mədəniyyətinin yayılması ilə bağlı müəyyən vəsait qoymağa hazırdır. Əlavə maliyyə ilk növbədə həmin xarici ölkələrdə Azərbaycanın təbliği istiqamətində qurulacaq işlərə yönəldiləcək. ADU-ya gələn xarici ölkə səfirlərinə onların ölkələrində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması barədə təkliflər verilir”.

Bu mərkəzlərin əhəmiyyətindən danışan akademik görüləcək işlərin Azərbaycan dili, tarixi və mədəniyyətinin təbiliği baxımından mühüm rol oynayacağını xüsusi vurğulayıb. 

ADU-da YENİ MƏRKƏZLƏR

Rektor əlavə edib ki, ADU-da yeni mərkəzlərin açılması planlaşdırılır: “Məlumat üçün bildirim ki, artıq universitetdə yeni Azərbaycanşünaslıq, Rusiyaşünaslıq və Multikulturalizm elmi-tədqiqat laboratoriyaları da yaradılıb. Laboratoriyaların açılmasında məqsəd sadalanan istiqamətlərdə elmi-tədqiqat işlərinin aparılması və bu sahədə universitetdəki boşluğun aradan qaldırılmasıdır”.

S.QARAYEVA

 





12.08.2017    çap et  çap et