525.Az

Vəfalı dost


 

Vəfalı dost<b style="color:red"></b>

Səhv etmirəmsə, üç ay əvvəl idi, maşını park edəndə gözüm uzaqdakı olduqca zəif, bitkin, uzun müddətdir kimsəsiz, çox ac qaldığı, öz soyu ilə Sibir canavarının qarışığı olduğu bilinən itin çarəsiz yerişinə sataşdı.

Maşından düşüb qarşı prospektə keçəndə yanımda insan səsinə bənzəyən inilti eşitdim. Eynilə ağrılarından şikayətlənən xəstənin inləməsi kimi... Ürəyə toxunan acı dolu səs... Tünd rəngli it üç ayağı üzərində güclə hərəkət edirdi, dördüncü ayağı bükülmüşdü, yerə basa bilmirdi. Danışırmış kimi acı dolu səslə ağrısını izah etməyə çalışırdı. Sanki uzun illərdir, bir-birimizi tanıyırıq.

İlk işim ona yemək vermək oldu. Amma cahillik edib hazır yemək verdim. Çox ac olsa belə, yeməyə dilini də vurmadı. Əlbəttə! Küçə iti hazır yemək yeyər? Yeyə bilər?

Qarnını təbii yeməklə doydurub, suyunu içdikdən sonra yenə eyni səs tonuyla inildəməyə başladı. Qəribə səs tonu idi... İzah edir, izah edir, izah edirdi... Mən bütün izah etdiklərindən təəssüf ki, yalnız ağrısını başa düşə bildim.

İti baytara apardıq. İtin ayağına əvvəldən əməliyyatla platin taxılmışdı. Baytar rentgen görüntülərinə baxıb əməliyyat olunan hissənin təkrar zərbə, ya da əzik nəticəsində sümüklərində zədələnmə olduğunu dedi.

Bir müddət keçdikdən sonra baytar iti əməliyyat etdi. Tam sağalması mümkün deyildi, amma əvvəlki vəziyyətindən daha yaxşı olduğunu dedi. Burdan küçəyə atılmaması üçün əlimizdən gələn hər şeyi etdik. Evdə öz itimiz - Darçın - olduğu üçün onu evə apara bilməzdik. Ona görə də baytarda qalmasına qərar verdik. Bu hadisələrin üstündən uzun müddət keçdi.

Keçən günlərin birində Bakırköy və Ataköyün dəyərli mətbu orqanı, mənim də köşə yazısı yazmaqdan məmnun olduğum “Ataköy qəzeti”nin təşkil etdiyi gəmi ilə Boğaz turuna qatıldığımız günün axşamında uzaqdan qapımızın ağzında bir it gördüm.

Məni görən kimi sevinərək axsayan ayağı ilə mənə doğru qaçdı. Mümkün olsa, boynuma sarılıb öpəcəkdi. O idi!

Üç ay keçsə də, məni unutmamışdı, təşəkkür edirdi. Vəfa budur!

Çox sevindim. Duyğulandım. Dəyər bilməyin, hörmət etməyin, sevməyin, qarşılıqsız sevməyin ən gözəl göstəricisi idi.

Frans Kafkanın “Bütün sualların cavabları bir itin baxışlarında gizlənib” sözlərini xatırladım.

 





14.08.2017    çap et  çap et