525.Az

Prezident İlham Əliyev 3 naziri qəbul etdi


 

Prezident İlham Əliyev 3 naziri qəbul etdi<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Türkiyənin milli təhsil naziri Nabi Avçının və İspaniyanın müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin başçılıq etdiyi nümayəndə heyətlərini, eləcə də Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvilini qəbul edib. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Avcı ilə görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.
 
Qəti əminlik ifadə olunub ki, ölkələrimiz arasında təhsil sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək. Əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından Avçının ölkəmizə səfərinin önəmi qeyd olunub.
 
Alvaro de Eulate ilə görüşdə isə prezident İlham Əliyev Azərbaycan ilə İspaniya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, ikitərəfli münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edərək bu cür səfərləri intensiv həyata keçirməyin vacibliyini bildirib. Prezident İlham Əliyev səfərin hərbi əməkdaşlığın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

İspaniyalı nazir isə paytaxtımızda böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, Azərbaycana səfərinin əlaqələrimizin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.
 
Gürcüstanlı nazir isə baş naziri Bidzina İvanişvilinin salamlarını prezident İlham Əliyevə çatdırıb. Nazir vəzifəsində ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Ğaribaşvili Gürcüstanın Azərbaycan ilə strateji tərəfdaşlığa xüsusi önəm verdiyini deyib. O, Gürcüstanın yeni hökumətinin səyləri sayəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bütün sahələrdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə əmin olduğunu bildirib. Ğaribaşvili İvanişvilinin ilk səfərlərindən birini Azərbaycana etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirib.

İki ölkə arasında qədim tarixi əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan prezident İlham Əliyev Gürcüstanın yeni hökumətinin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı Azərbaycanın da öz növbəsində ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi və geniş sahələri əhatə etməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. O, hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunaraq, cinayətkarlığa qarşı birgə mübarizəni və informasiya mübadiləsini daha da genişləndirməyin önəmini vurğulayıb.
 
Prezident İlham Əliyev İvanişvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

 





21.05.2013    çap et  çap et