525.Az

Nazir problemlərdən danışdı


 

Nazir problemlərdən danışdı<b style="color:red"></b> "Ümumi təhsilin keyfiyyət səviyyəsi ilə bağlı istənilən nəticə hələ əldə olunmayıb".
 
Bunu 525.az-a açıqlanmasında təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, etiraf etmək lazımdır ki, uzun illərdən bəri ciddi cəhdlərə baxmayaraq, ümumi təhsilin keyfiyyət səviyyəsi ilə bağlı istənilən nəticə hələ də əldə olunmayıb:

“Keyfiyyət problemi təkcə bizim ölkənin qayğısı deyil. Belə güman etmək olmaz ki, ən qabaqcıl ölkələrdə belə, təhsilə cəlb olunanların hamısı orta təhsili bitirə bilir, yaxud ali təhsil almaq istəyən məzunların əksəriyyəti ali məktəblərə daxil olur. Ancaq bu, bizim üçün, əlbəttə, təsəlli ola bilməz, problemin həlli istiqamətində daha təsirli tədbirlər nəzərdə tutulmalıdır".

Nazir vurğulayıb ki, ümumi təhsil sahəsində bu gün ictimaiyyəti narahat edən problemləri, nöqsan və çatışmazlıqları yalnız inzibati yolla aradan qaldırmaq mümkün deyil.

M.Mərdanov hesab edir ki, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün məsuliyyət mədəniyyəti formalaşmalıdır. Məsuliyyət mədəniyyəti qanunlara, qanunçuluğa, konkret halda təhsil qanunvericiliyinə hörmətdən başlanır: “Təhsil sahəsində hər bir şəxsin müvafiq qanunvericilik sənədlərinə bələdliyi, öz fəaliyyətini hüquqi normativ aktların tələbləri əsasında qura bilməsi, dövrün, zamanın diktə etdiyi tələblərə uyğunlaşması, innovasiyaları mənimsəyib qiymətləndirməsi onun səriştəliliyinin ilk göstəricisidir. Etiraf etmək lazımdır ki, indiki vaxtda bir sıra təhsil işçilərində çatışmayan cəhət məhz bundan ibarətdir".

S.QARAYEVA
 





02.10.2012    çap et  çap et