525.Az

Bakıda 41-ci Dünya Skaut Konfransı


 

Bakıda 41-ci Dünya Skaut Konfransı <b style="color:red"></b>

Avqustun 14-də Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başlayıb.

AzərTAc-ın da informasiya dəstəyi verdiyi bu beynəlxalq tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən çox skautun qatıldığı tədbirdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksəkvəzifəli rəsmilər iştirak edirlər.

Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Konfransda müzakirə olunan əsas mövzular skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarətdir.

13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlərdir.

Qəbələdə keçirilən Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparılıb, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi aparıblar.

Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.

Dünya Skaut Hərəkatı Təşkilatı fəal vətəndaşlara çevrilən, yaşadıqları cəmiyyətdə müsbət dəyişikliklər edən milyonlarla gənci bir araya gətirən dünyada aparıcı gənclər hərəkatından biridir. 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır. Azərbaycan Skautlar Assosiasiyası, həmçinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının üzvüdür və 2000-ci il avqustun 20-dən Assosiasiya Dünya Skaut Hərəkatı Təşkilatına qoşulub.

Təşkilat 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda onun Azərbaycanın 16 regionundan 1750-dən artıq üzvü vardır. Dünya Skaut Gənclər Forumu skautinqin gələcəyinə laqeyd olmayan 18-26 yaş arası gənc liderlər arasında iş, ünsiyyət və ideya mübadiləsi üçün platformadır. Dünya Skaut Konfransı Skaut hərəkatının “hesabat-seçki assambleyası” adlanan ali idarəedici orqanıdır və burada Dünya Skaut Təşkilatının bütün iştirakçı ölkələri təmsil olunurlar.

 





14.08.2017    çap et  çap et