525.Az

Azərbaycan Yaponiya televiziyasının diqqət mərkəzində


 

ƏLİBƏY MƏMMƏDOV: "YAPONLAR “Expo-2025" SƏRGİSİNƏ EV SAHİBLİYİNDƏ OSAKANIN ƏSAS RƏQİBLƏRİNDƏN BİRİ OLAN BAKINI DAHA YAXINDAN TANIMAQ İSTƏYİBLƏR"

Azərbaycan Yaponiya televiziyasının diqqət mərkəzində <b style="color:red"></b>

Avqustun 9-u və 10-da Yaponiyanın nüfuzlu "Kansay" Televiziyasının "Hodo Ranna" proqramında Azərbaycana həsr olunmuş xüsusi verilişlər yayımlanıb. Verilişlərin hazırlanmasında Hokkaydo Universitetinin doktorantı, Yaponiya hökuməti təqaüdçüsü, həmyerlimiz Əlibəy Məmmədov yaxından iştirak edib.

Həmyerlimiz qeyd edib ki, verilişi hazırlamaqda məqsəd Bakı şəhəri və Azərbaycan haqqında osakalıları məlumatlandırmaqdır: "Çünki həm Osaka, həm də Bakı şəhəri "Expo-2025" Dünya universal sərgisinə ev sahibi olmaq üçün namizədliyini irəli sürüb. Verilişi hazırlayan "Kansay" televiziyasının baş ofisi də məhz Osaka şəhərində yerləşir. Onlar Osakanın rəqibi olan Bakı şəhərini daha yaxından tanımaq üçün Azərbaycana öz nümayəndələrini göndəriblər".

Ə.Məmmədov vurğulayıb ki, veriliş təkcə Bakının deyil, ümumilikdə Azərbaycanın Yaponiyada tanıdılmasında çox mühüm rol oynayıb: "Yaponlar Bakı şəhərinin həddindən artıq təmiz olmasına, burada həyat səviyyəsinin yüksək olmasına heyran qalıblar. Təsadüfi deyil ki, verilişdə paytaxtın küçələrinin təmizliyi dəfələrlə vurğulanıb. Yaponiyalı qonaqlar Bakının görməli yerləri - Qız Qalası, Şirvanşahlar sarayı, Xalça muzeyində olublar. Onlar Nizami küçəsində, Dənizkənarı milli parkda yerli insanlardan və xarici turistlərdən müsahibələr alıblar".

Azərbaycanda artmaqda olan turistlərin sayının yaponiyaların diqqətindən yayınmadığını deyən həmyerlimiz qeyd edib ki, proqramda ölkəmizin mətbəxinə xüsusi yer verilib: “Verilişdə qeyd olunub ki, plov Azərbaycan mətbəxinin şahıdır. Ölkəmizdə çəkilişlərdə iştirak edən yaponiyalı aparıcı xüsusilə qutab və kətəni çox bəyənib. Aparıcı, eyni zamanda, Yanar dağda olub. O qeyd edib ki, Azərbaycan zəngin neft ölkəsidir. Yaponiyada büdcə əsas etibarilə vergi ilə tənzimlənsə də, Azərbaycanda bu, daha çox neftlə tənzimlənir. Azərbaycan höküməti neftdən gələn vəsaitlərlə ölkə iqtisadiyyatını inkişaf etdirib. Yaponiyalı xanım aparıcı həm də Naftalan neft vannası qəbul edib. Verilişdə Naftalan neftinin insan sağlamlığına olan xeyri və müsbət nəticələri haqqında geniş müzakirələr aparılıb".

Həmçinin, Ə.Məmmədov bildirib ki, proqramda Azərbaycanın Avropa və Asiyanı qovşağında yerləşməsi, geosiyasi cəhətdən kifayət qədər əlverişli mövqedə olması xüsusi qeyd olunub. O da bildirilib ki, Azərbaycanda Yaponiyanı çox sevirlər.

Sonra yaponiyalı aparıcılar Bakı şəhərinin Yaponiyanın Osaka şəhəri üçün çox güclü, çətin və səviyyəli bir rəqib olduğunu bildiriblər.

Qeyd edək ki, "Expo-2025" üçün Bakı, Osaka ilə yanaşı, Paris və Yekaterinburq şəhərləri də öz namizədliyini irəli sürüblər.

Ceyhun ABASOV

 





15.08.2017    çap et  çap et