525.Az

Umud Mirzəyev "Front Line Defenders"in icraçı direktoruna müraciət ünvanladı


 

Umud Mirzəyev "Front Line Defenders"in icraçı direktoruna müraciət ünvanladı<b style="color:red"></b>

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev "Front Line Defenders"in icraçı direktoru Endryu Andersona müraciət ünvanlayıb.

BAMF-ın mətbuat xidmətindən verilən məlumata görə, müraciət Azərbaycanın Dağlıq Qarabağ problemi və münaqişə zamanı 1 milyondan çox qaçqın və məcburi köçkünün pozulan hüquqları ilə bağlıdır.

Qeyd olunub ki, Azərbaycan 25 ildir torpaqlarının 20 faizinin işğal olunması, 1,2 milyona yaxın qaçqın və məcburi köçkünün didərgin düşməsi ilə nəticələnən Ermənistanın hərbi təcavüzünə məruz qalıb: "Mən hər bir hüquq müdafiəçisinin əməyini yüksək qiymətləndirirəm. Ancaq anladığım qədər 8 vətəndaşından biri qaçqın və ya məcburi köçkün olan bir ölkədə qaçqınların və məcburi köçkünlərin hüquqları gərək xarici müşahidəçilər tərəfindən geniş şəkildə dəstəklənsin və ictimailəşdirilsin. 1988-ci ildən başlayaraq, Ermənistanda yaşayan 270 min azərbaycanlı deportasiya edilib. Ermənilər işğal etdikləri ərazilərimizdə bizim mədəniyyət abidələrimizi  təhqir edirdilər. Onlar abidələri, qəbrləri, onların baş daşlarını dağıdıb, heykəlləri güllələyiblər. Hətta uşaqları böyük boruya salıb, onu qaynaq edib dağdan atıblar. Bütün bu cinayətlər Sovet rəhbərliyinin dəstəyilə törədilib. O zaman bütün bu faktların hamısı təhrif olunur, gizlədilirdi. Bu, 20-ci əsrin böyük faciəsidir. Bu, soyqırım idi və belə görünür ki, dünya real faktları eşitmək və ya görmək, eləcə də bu cinayət barədə danışmaq istəmir".

U.Mirzəyev bildirib ki, özünü "hüquq müdafiəçisi" adlandıranlar var ki, Azərbaycanda insan hüquqlarının pozulmasından danışarkən qaçqın və məcburi köçkünlərin hüquqları barədə bir söz belə demirlər: "25 ildən çoxdur ki, bu insanlar erməni işğalı altında olan evlərinə qayıda bilmirlər. Ermənistan silahlı qüvvələri demək olar ki, hər gün cəbhə xəttinə yaxın kəndləri atəşə tutur. Bu yaxınlarda, iyulun 4-də 18 aylıq qız uşağı və nənəsi erməni əsgərlərin növbəti təxribatı nəticəsində öldürülüb. Biz bu barədə beynəlxalq strukturların bəyannamələrini görmürük. Buna görə də artıq Azərbaycanda insanların çoxu hüquq müdafiəçilərinə inanmır. Onları siyasiləşmiş hesab edirlər. Onların üzv olduğu təşkilatlara, qruplara Azərbaycanı zəiflətmək istəyənlər kimi baxırlar. Biz demirik ki, Azərbaycanda problem yoxdur, lakin unutmaq olmaz ki, Azərbaycan müstəqilliyi bir neçə il bundan öncə, Sovet İttifaqı dağıldıqdan sonra əldə edib. İndi böyük dövlətlər Azərbaycanla ikitərəfli münasibətlərində yalnız öz xeyirlərini güdürlər. Maraqların siyasəti prinsipi işləyir. Onlar Azərbaycanı bölmək və stabilliyi pozmağa çalışırlar. Eyni zamanda, bütün bunlar, həmçinin, qaçqın və məcburi köçkünlərin hüquqları barədə susan həmin hüquq müdafiəçiləri bununla böyük dövlətlərin öz maraqlarını təmin etməsinə kömək edirlər".

Bundan başqa, U.Mirzəyev qeyd edib ki, o, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən şəxsən zərər çəkib: "Ana tərəfdən bütün qohumlarım 1980-ci illərin sonunda Ermənistandan deportasiya edilib. Ata tərəfdən qohumlarım isə işğal nəticəsində Qarabağı tərk etməyə məcbur olublar. Buna görə də müharibənin həqiqətlərini və dəhşətlərini lap əvvəlindən şəxsən yaşamışam. 1992-ci ildən başlayaraq bizim Beynəlxalq Avrasiya Mətbuat Fondu yaradılan vaxtdan mən regional, eləcə də, qlobal səviyyədə bu insanların hüquqlarını müdafiə edirəm. Bu insanlara kömək edə biləcək hər kəslə əməkdaşlıq etməyə çalışıram. Biz bu qaçqın və məcburi köçkünlərin uzun illər boyu hansı çətinliklərlə üzləşdiyini daha çox insana çatdırılması üçün müxtəlif layihələr həyata keçiririk. BMT-nin əsas ofislərində baş tutanlar da daxil olmaqla, müxtəlif konfranslarda iştirak edirik. Çətinliklər isə həqiqətən də ciddidir. Təsəvvür edin, təmas xəttinə yaxın yaşayan bu insanlar necə yaşayır".

U.Mirzəyev "Front Line Defenders"in icraçı direktoru Endryu Andersonu Azərbaycana dəvət edib: "Sizdən bizim təşkilata baş çəkməyinizi və vəziyyətlə yaxından tanış olmağınızı istərdim. Azərbaycana belə bir səfəri həyata keçirmək üçün vaxtınız olarsa, mən şad olaram. Bir daha qeyd eləmək istəyirəm ki, sizi tanıdığıma çox şad oldum və ümid edirəm ki, biz gələcəkdə məhsuldar əməkdaşlıq quracağıq".

Qeyd edək ki, "Front Line Defenders" təşkilatı risk qrupuna daxil olan insanların hüquq müdafiəçilərini müdafiə etmək məqsədilə 2001-ci ildə Dublində yaradılıb. İnsan hüquqları haqqında ümumi bəyannamədə təsbit olunan bütün hüquqların müdafiəsi üçün çalışan bu təşkilatın qərargahı elə Dublində, Avropa Birliyinin Brüsseldəki ofisində yerləşir. Həmçinin, təşkilatın Şimali və Cənubi Amerikada, Asiyada, Afrikada və Yaxın Şərqdə regional şöbələri var.

Ceyhun ABASOV

 

 





15.08.2017    çap et  çap et