525.Az

Ermənilərin törətdiyi Qaralar faciəsinin arxasında nə dayanır?


 

"İŞĞALÇI ÖLKƏ HƏM DANIŞIQLARI POZMAQ, HƏM DƏ HƏRBİ ƏMƏLİYYATLARI ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNƏ ÇƏKMƏK İSTƏYİR"

Ermənilərin törətdiyi Qaralar faciəsinin arxasında nə dayanır?<b style="color:red"></b>

Ermənistan qoşunlarının növbəti dəfə dinc azərbaycanlıların yaşadığı əraziləri atəşə tutması nəticəsində baş verən faciə ölkə ictimaiyyəti tərəfindən böyük sarsıntı ilə qarşılanıb.

Düşmən ölkə hərbçilərinin Tovuzun Qaralar kəndinə endirdiyi zərbələr nəticəsində 13 yaşlı Ramin Yusifov ağır qəlpə yaraları alıb. Avqustun 7-də baş verən bu hadisə ilk belə hal deyil. Ötən ayın əvvəli Ermənistan qoşunlarının Füzulinin Alxanlı kəndini atəşə tutması zamanı 2 yaşlı Zəhra Quliyeva nənəsi Sahibə Allahverdiyeva ilə birgə həlak olmuş, 52 yaşlı Quliyeva Sərvinaz isə ağır dərəcədə yaralanmışdı.

Ümumilikdə, atəşkəs dövründə ermənilərin silahına tuş gələn 33 azərbaycanlı körpə öz həyatını itirib. Müharibə dövründə isə düşmənlərimiz tərəfindən uşaqlara qarşı törədilən cinayətlərin sayı-hesabı yoxdur. Təkcə Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc azərbaycanlı qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Qətliam nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Beynəlxalq ictimaiyyətin sərt reaksiyası, çağırışlarına məhəl qoymayan işğalçı ölkə uşaqlara qarşı cinayətlərini sistematik şəkildə davam etdirir. Bütün bunlara səbəb Ermənistana qarşı konkret tədbirlərin görülməməsidir. Diqqət yetirsək, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, 25 ildən çoxdur qərarlar icra olunmayıb. Bu ədalətsizliyə səssiz qalan dünya birliyi, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçiriən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri indi Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərliyi ilə həyata keçirilən işğal, terror siyasətinin qarşısını almaqda acizlik nümayiş etdirir.

Verilən dişsiz bəyanatlar, siyasi iradəsizlik düşmənin cəzasızlıq mühitində terror mahiyyətli siyasətini davam etdirməsinə imkan verir.

2016-cı ilin aprel ayında da Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanıb, arasında uşaq olmaqla 6 nəfər həlak olub. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirib, atəş məntəqələrini susdurub və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad edib.

Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində danışıqların intensivləşdiyi vaxtlarda bu cür terror əlatlərindən istifadə edərək prosesi ləngitməyə çalışır. Ötən ay baş verən Alxanlı faciəsi məhz Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Vyana görüşü ərəfəsində baş vermişdi. İndi isə prezidentlərin görüşünə hazırlıqların getdiyi bir vaxtda oxşar hadisələr Ermənistan-Azərbaycan sərhədində baş verib. Bu da onu göstərir ki, işğalçı rejim ölkə başçılarının görüşünə isti baxmır, münaqişənin dinc yolla həll olunmasında maraqlı deyil. Eyni zamanda, atəşkəsin işğal olunmuş ərazilərdən yox, məhz sərhəddən pozulması Ermənistanın Azərbaycanı növbəti dəfə provokasiyaya çəkməyə çalışdığını ortaya qoyur. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan öz sərhədlərində gərginlik yaradaraq Rusiyanı məsələyə cəlb etmək istəyir. Moskva sözügedən təşkilatın nizamnaməsinə uyğun olaraq Ermənistan ərazilərini istənilən təhlükədən qorumaq məsuliyyətini öz üzərinə götürüb. Ona görə də, işğal olunmuş ərazilərdə deyil, sərhəddə gərginlik yaratmaqla Ermənistan Rusiya-Azərbaycan münasibətlərini korlamağı qarşısına məqsəd qoyub. Lakin işğalçı ölkənin bu niyyəti heç bir nəticə vermir. Çünki həm Rusiya, həm də digər böyük güclər Ermənistanın bu cür addımlarının nəyə hesablandığını dərk edir. Ancaq işğalçıya qarşı qətiyyətli addımlar hələ də atılmır, düşmən cəzasızlıq mühitində terror mahiyyətli siyasətini davam etdirir.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, Tovuzun Qaralar kəndində törədilən vəhşilik çox böyük bir provokasiyadır: "Bu hadisə Ermənistanın hiyləgər planlarından xəbər verir. İşğalçı ölkə bununla həm Dağlıq Qarabağ danışıqlarını pozmaq, həm də hərbi əməliyyatları qoşunların təmas xəttindən Ermənistan-Azərbaycan sərhədinə çəkmək istəyir. Düşmən ölkə Azərbaycanı təxribata çəkməyə, provokasiyalara adekvat cavab verməyə təhrik etmək istəyir. Düşmən bundan istifadə edib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ünvanlayaraq Azərbaycanın guya Ermənistana qarşı hücumu, sözdə "təcavüzkarlığı" ilə bağlı müzakirələr açmaq istəyir. Yəni, işğalçılar Azərbaycanı birbaşa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının aparıcı gücü Rusiya ilə qarşı-qarşıya gətirməyə və rus ordusunun daha böyük kontingentinin bu ərizələrə gətirilməsinə çalışırlar".

Q.Hüseynli hesab edir ki, bu təkcə Ermənistan tərəfindən planlaşdırıla bilməz: "Ola bilsin ki, bu barədə Rusiyanın müəyyən ermənipərəst siyasi dairələrində də oxşar düşüncə var. Ona görə də ermənilər Azərbaycan ordusunun daha çox iki ölkə arasındakı sərhəddə provokasiyaya çəkirlər. Azərbaycan ordusu isə bu provokasiyalara getmir. Biz tərəfdən Ermənistanın mülki əhalisinin yerləşdiyi ərazilərə atəş açılmır. Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi nöqtələrini, döyüş postlarını hədəf alır".

Politoloqun sözlərinə görə, əgər sərhəd zonasında lokal və ya irimiqyaslı hərbi toqquşma olarsa, Ermənistan dünyaya car çəkib Azərbaycana qarşı qara kampaniya aparmağa başlayacaq: "Bununla da ermənilər bu barədə həqiqəti əks etdirməyən informasiyaları Avropanın bəzi xristian təəssübkeşlərinin mətbuatında tirajlayacaqlar".

Azərbaycanın BMT Təhlükəsizlik Şurası səviyyəsində Ermənistana qarşı 4 qətnamə qəbul edilməsinə nail olduğunu xatırladan Q.Hüseynli bildirib ki,  bu sənədlər  yeri gələndə Azərbaycanın mövqeyini kifayət qədər qüvvətləndirir: "İndi ermənilər bu cür təxribatlarla ölkəmizi bu BMT qətnamələrindən məhrum etməyə və ya heç olmasa öz xeyirlərinə qətnamə çıxarmaq üçün təşkilatın "rəğbətini" qazanmağa çalışırlar. Lakin Azərbaycan belə təxribatlara cavab vermir, bu provokasiyalardan ermənilərin yararlanması üçün şərait yaratamır".

Ceyhun ABASOV

 





15.08.2017    çap et  çap et