525.Az

Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başladı


 

"AZƏRBAYCAN BEYNƏLXALQ ƏHƏMİYYƏTLİ TƏDBİRLƏRƏ YÜKSƏK SƏVİYYƏDƏ EV SAHİBLİYİ EDƏN ÖLKƏ KİMİ TANINIR"

Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başladı<b style="color:red"></b>

Avqustun 7-dən 10-dək Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu keçirilib.

Qəbələdə forum iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparıb, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi ediblər. Forumda 133 ölkədən 320 gənc iştirak edib. Forum çərçivəsində "Mədəniyyət axşamı"nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirib. Azərbaycanlı təmsilçilərin milli mədəniyyətimizi təqdim etməsi maraqla qarşılanıb.

Dünən isə Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başlayıb.

Dünyanın 157 ölkəsindən, ümumilikdə 1500-dən artıq skautun qatıldığı bu beynəlxalq tədbirdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar iştirak edir.

Dünən konfrans çərçivəsində paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında foto-sərgi açılıb.

Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində avqsutun 18-dək keçiriləcək Dünya Skaut Konfransında əsas mövzu skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədr və üzvlərin seçilməsidir.

13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirdir.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralında Dünya Skaut Hərəkatı Təşkilatının əsas tədbirləri olan və üç ildən bir keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdü. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Qeyd edək ki, 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır.

Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda təşkilatın 16 regiondan 1750-dən artıq üzvü var. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir.

Konfransla bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq əhəmiyyətli tədbirlərin mərkəzinə çevrilib. O, SİA-ya bildirib ki, bunun üçün ötən illər ərzində Azərbaycanda müvafiq infrastruktur yaradılıb: "Azərbaycan istənilən tədbiri yüksək səviyyədə keçirmək imkanına malikdir. Bakıda 41-ci Dünya Skaut Konfransının keçirilməsi isə Azərbaycanda gənclərlə işə böyük əhəmiyyət verildiyini və ölkə gənclərinin beynəlxalq əlaqələrinin güclənməsinə böyük diqqətin yetirdiyini bir daha göstərir. Azərbaycanda Skaut hərəkatının böyük tarixi var. Ölkəmiz müstəqillik qazandığı dövrdən Azərbaycanda Skaut dəstələri yaranıb".

Deputat hesab edir ki, Dünya Skaut Hərəkatı Təşkilatının forum və konfransının ölkəmizdə keçirilməsi müxtəlif dünya ölkələrinin skaut təşkilatlarının nümayəndələrinin dövlətimizin tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olmağa imkan verəcək.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Şahin İsmayılov isə qeyd edib ki, artıq ölkəmiz dünyada beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınmağa başlayıb: "Son illər ərzində Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib ki, onlardan da biri dünən paytaxtımızda işə başlayan 41-ci Dünya Skaut Konfransıdır".

Azərbaycanda gənclər siyasətinə böyük diqqət ayrıldığını deyən deputat söyləyib ki, ötən dövrə nəzər salsaq ölkəmizdə bu sahə ilə bağlı bir sıra yerli və beynəlxalq tədbirlərin keçirildiyinin şahidi olarıq: "Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Çünki konfransda iştirak etmək üçün ölkəmizə dünyanın 157 ölkəsindən, ümumilikdə 1500-dən artıq skautla yanaşı, Dünya Skaut Hərəkatı Təşkilatı üzvlərinin nümayəndələri, eləcə də müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar gəlib. Bütün bunlar, ümumilikdə ölkəmizin, iqtisadiyyatımızın, burada həyata keçirilən siyasətin gücünü göstərir".

Ş.İsmayılov onu qeyd edib ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin nə dərəcədə tolerant olduğunu bir daha nümayiş etdirir: "Baxmayaraq ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub, Azərbaycan regionda stabillik adası kimi tanınır. Bunu ölkəmizə gələn qonaqlar özləri söyləyirlər".

Komitə üzvü vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsinin arxasında böyük araşdırmalar, kriteriyalar dayanır: "Yalnız uzun müddət müzakirələrdən, təhlillərdən, təşkilat komitəsinin dəyərləndirməsindən sonra hər hansı beynəlxalq tədbirin harada keçirilməsi ilə bağlı qərar qəbul edilir".

Ş.İsmayılov əlavə edib ki, Dünya Skaut Konfransının Azərbaycada keçirilməsi həm də ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyətə malikdir: "Tədbirə gələnlər ölkəmizlə yaxından tanış olmaqla yanaşı, burada baş verən prosesləri öz gözləri ilə görmüş olurlar. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycanın tanınması ilə bağlı heç bir problem yoxdur. Azərbaycan deyəndə ölkəmizə qarşı müsbət fikirlər söylənilir. Çünki biz ölkəmizin beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirən ölkə kimi tanınmasına nail olmuşuq".

Ceyhun ABASOV

 





15.08.2017    çap et  çap et