525.Az

Səs - Tənhalığın rəsmidi


 

Alim Qasımova

Səs - <b style="color:red">Tənhalığın rəsmidi</b>

Söz ruhun, səs tənhalığın rəsmidi.

Səs tənhalığın rəsmidi - rəngləri ahdan, nalədən, iniltidən. Sən rəsm çəkirsən göy üzünün boşluğuna.

...Gündüzlərin axşamlara, gecələrin səhərlərə qarışdığı, keçmişlə gələcəyin birlikdə göründüyü olmayan bir yerdəyəm. Cəhənnəmdə bir mövsümdü bu ömür! Oxu, Alim!

Günahlar və günahkarlar, əzab və iztirab, cılızlığa sığınmış möhtəşəmlik, tanrı ilə iblis arasında razılaşma... Alovlar içində rəqs edən adamlar. Və mən - atəşlər içində bir damla su. Və bir də sən - atəşlərin ləçəklərinə toxuna bilmədiyi qıpqırmızı alma çiçəkləri. Oxu, Alim!

Tanrım! Artıq ürəyimdə deyil, ürəyimin içindəki qandasan. Boğulursanmı? Oxu, Alim!

Dünyanın ən böyük sevincləri sənin səsinin hüznündə dəfn olunacaq, oxu!

Səni atəşlər içində görürəm hər gecə. Sən cəhənnəmdə donan bir mələksən. Mən atəşlərlə oynayan söz adamı.
Cəhənnəm atəşləri qarışıb sözlərimə. Oxu! Yoxsa üşüyəcəksən.

Səni dərd çəkdiyin (oxuduğun) anında gördüm. Atəşlər içində yalnızlıq və tanhalığın heykəli kimi üzündəki, gözlərindəki iztirabı göy üzünə çəkirdin. Hönkürürdün. Hönkürtün pıçıltıya çevrilirdi yavaş-yavaş! Oxu! Adsız bəndələrin adı ilə oxu:

Oxu dərdli-dərdli oxuyan adam,
Qəmdən çeşid-çeşid nəğmələr toxu...
Öz ana dilində bəlkə bir zaman,
Bunu da oxuya bilmədin oxu...

Oxu! Göy üzünü sevib, yer üzündə yaşamağın acısı, hüznü var canında. Oxu! Boş bir məzar var uzaqlarda, başdaşını atəşlər yonur cəhənnəmdə. O atəşlərin üstünə oxu!
Oxu! 
Bu qosqoca şəhərdə, zalım,
Heç kim sənintək tək deyil.
İblis-mələk davasıdı,
Bu davan bitəcək deyil.

Kiminsə keçmişi, kiminsə gələcəyi, kiminsə gələcəyi kiminsə keçmişidi. Bəs onda hara can atırsan, zalım adam! Can atmadan oxu.
Oxu, Alim!

Kim istəməz bu bayağı,
Sözdən dönüb səs olmağı,
Mən hərdən nəfəs almağı
Unutdum, zalım qardaşım.

Sənin kimi adamın nə düşündüyü, nə istədiyi bilinməz. Sən ancaq hiss etdiyini deyə bilərsən. Uzaqların nə olduğunu bilən adamın yaxınları olmur. Yaxınların hönkürtüsündən qaçıb uzaqların pıçıltısına sığınmaqdan gözəl nə var dünyada? Oxu, zalım adam! Oxu və çıx get:

Səsin üşüyəcək çıx get
Gedənmi, qalanmı, kim haqq?!
Çıx get, getməsən dəlilər,
Təzədən dəli olacaq.

Çıx get! Bir sərxoş boş qədəhdən nə umursa, buralardan umacağın o qədərdi sənin. Çıx get, uzaqların yolu uzaqdı. Səni gözləyən uzaqlara get. Elə bir yerdəyik ki, nə oxusan tanrı günaha yazacaq. Burdan İsanın, Musanın, Məhəmmədin belə duası yetməz allaha. Qanın allah kitabının üstünə tökülmədən oxu. 
Oxu!
Öldüm allahsız zalım adam, oxu: Sən oxuyanda
  
Sənin allahın olmur,
Mənim allaha yolum.
Belə allahsız olma,
Oxu qurbanın olum!

Oxu, durmadan oxu. Bu gün deyilsə də sabah bitəcək bu ömür. Oxu, zalım adam. Axı:

Sən ölən bir mələksən,
Səsin tabutun üstə çiçək.
Nə bu çiçək solacaq,
Nə o matəm bitəcək.

Oxu! Bəndələri gücsüz allahdan qaçıb iblisin bərbəzəkli arabasına minməyə qoymamaq üçün oxu.
Bir məmləkətdə ağaclar yarpaqlarından əvvəl ölürsə, torpaq vətən olmaq istəmirsə, İblisin cibindən İncil və Quran çıxırsa, Allahın yazdığı qəza-qədərdən qaçıb sığınmağa bir yer yoxdusa, oxu.
Allah qorxusu var, allah sevgisi yoxdu bu məmləkətdə. Ancaq allah qorxuda yox sevgidə yaşayır. Oxu, Alim! Allaha olan sevgi ilə qorxunu barışdırmaq üçün oxu!

Səsində qiyamət pərdəsi
Çək pərdəni, dua elə.
Dua elə, arxasından
Görünəcək Tanrı belə.

Çək pərdəni, bax gör sonu,
Çək ruhundan bədən donu
Gəl ruhumun alovunu
Sonra söndür külün ilə.

Çıxıb zaman adlı həddən
Tanrıya çox yaxınsan sən.
Musa, İsa, Məhəmməddən
Bu divanə halın ilə.

Yarı iblis, yarı mələk,
Sözündəki pərdəni çək.
Ordan əksin görünəcək,
Tələdəsən dilin ilə.

Sözündə Tanrı fərmanı,
Dolandın düzü, ormanı.
Enəcəyin məzar hanı?
Durum qazım əlim ilə.

Hüzurunda ruhum sözdü.
Səndən nə vaxt sözün üzdü?!
Demək daha üzbəüzdü
Ölüm ilə, qalım ilə.

Dərdli-dərdli ötə-ötə
Düşündüm ki, bu dərd bitə.
Dərd bitməz ki! Qiyamətə
Çıxım gedim yolum ilə.
  
Hər gün göy üzündən bir səs mənə baxır. O səs sənin səsindi, Alim! Nə yaxşı bu səs var və göy üzü boşluq deyil. Boşluq, ölümdən və tənhalıqdan qorxuludu, zalım dost.
  
Səndən mənə o səs baxdı,
Ağıllıdan dəli haqdı.
Olsa da bil fərqi yoxdu
Kimin nəyin divanəsi.

Bütün hallarda dəli haqlıdı, təkcə dəli olduğuna görə deyil, bizim yerimizdə olmadığına görə haqlıdı. Heyrətlənməməkdənsə, nəyinsə divanəsi olmaqdan gözəl şey yoxdu dünyada zalım dost, oxu! Tanrının adına dua oxu. Bizim hamımızın əvəzindən oxu.

Biz dua oxuduq, dua
Dərdi sevinci bir udum
Hamı mələklərin xorunda
Sən təkbaşına oxudun.

Oxu! Dua bağışlanmağın insan əlində olan son və ümidsiz yoludu. Başqa nəyə gücü çatır ki, insanın.
   
Hamını oynatdı yordu vaxt zaman,
Səni oynatmağa havası yoxdu.
Oxu dərdli-dərdi oxuyan adam
Sənin dərdlərinin davası yoxdu.

P.S.
Çox şeyləri bilirəm
bu yer üzündə;
Bilirəm cənnətdə
Buğdanı hansı mələk.
Göstərib Həvvaya
Və hansı mələk
Küləksiz sovurub-sovub;
Bilirəm Adəm
Nə cür cənnətdən çıxıb,
Allah iblisi dərgahından
nə sayaq qovub
Bilirəm niyə İblisi
öldürməyib,
əfv eyləyib Adəmi.
Və bilirəm sonradan
Niyə nəfsinə qul eləyib
adamı.
Çox şeylər bilirəm,
Ancaq sirrini açmadan allahın
Yaşayıram bildiklərimi
unuda-unuda...
Bilirəm -
Allahın düşməni İblisin
Gizlində allahın
Dostu olduğunu da.

Zalım adam! Sən də bilirsən bunları, bilirəm. Oxu tanrıdan başqa hər şeyi unuda-unuda. Oxu! Adsız bəndələrin adı ilə oxu.

Dərddən ölmərəm, bilirəm.
Ölsəm, ölə biləm nə qəm.
Sözə çevrilib ölürəm,
Dirilirəm günah kimi.
 
Oxu, məni günaha batmağa qoyma, zalım dost.

 





15.08.2017    çap et  çap et