525.Az

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində


 

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində<b style="color:red"></b> Avqustun 6-10-da Tatarıstanın Kazan Dövlət Universiteti Alabuğa İnstitutunda 8-ci beynəlxalq müəllimlər festivalı keçirilib.

Festivala Rusiyayla bərabər ABŞ, Almaniya, Türkiyə, Astriya, İrlandiya, Belarus, İzrayıl də daxil olmaqla 30-dək ölkədən beş yüzədək iştirakçı qatılıb.
 
Tədbirdə Azərbaycanı Əməkdar müəllim, Azərbaycan Respublikası Təhsil İnstitutunun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət təmsil edib.

O, iştirakçı müəllimlərə tədrisdə yeni texnologiyaların tətbiqi ilə bağlı iki ayrı ustad dərsi (master klas) təqdim edib.

Yüksək maraqla qarşılanan dərslərdə iştirakçı müəllimlərə Azərbaycan təhsilindəki təcrübə, özəlliklə də yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yönündə aparılan işlər barədə də bilgi verilib.

Almaz Həsrət öz ustad dərslərində həm şəxsi, həm də beynəlxalq təcrübəyə əsaslanaraq iştirakçıların bir çoxu üçün yeni sayıla biləcək təqdimatlarla çıxış edib.

Azərbaycanlı müəllimin maraqlı və olduqca faydalı dərsi iştirakçılarda həm onun şəxsinə, həm də Azərbaycan təhsilinə əlavə maraq oyadıb. Ona görə də onun bu dərslərini Rusiyanın başqa ali təhsil müəssisələrində təqdim etməsi üçün təkliflər edilib.

Alabuğa İnstitutunun rektoru Yelena Merzon Azərbaycanlı ekspertin festivalda iştirakını yüksək dəyərləndirməklə bərabər qeyd edib ki, Kazan Dövlət Universiteti bu işbirliyinə xüsusi önəm verir. O, artıq ikinci dəfə ustad dərsi təqdim etmək üçün dəvət edilmiş Almaz Həsrətin Azərbaycan təhsilinin ən parlaq nümayəndələrindən biri olduğunu, öz təcrübəsini təkcə ölkəsində deyil, ondan kənarda da həvəslə paylaşdığını deyib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar və ixtisasartırma diplomları təqdim edilib. Almaz Həsrət və digər ustad dərsi keçənlər isə xüsusi diplomla təltif edilib. Təntənəli təltifetmə mərasimində ustad müəllim Almaz Həsrətə əlavə olaraq işlədiyi qurumun rəhbərinə ünvanlanmış təşəkkür məktubu da təqdim olunub.
 





15.08.2017    çap et  çap et