525.Az

Beynəlxalq münasibətlər sistemində arxaizm


 

Beynəlxalq münasibətlər sistemində arxaizm<b style="color:red"></b>

Müasir beynəlxalq münasibətlər sisteminin fundamental quruluşunun əsası 1648-ci ildə imzalanan Vestfal sülh sazişi ilə başlanmışdır. Məhz Vestfal sülh sazişi “milli dövlətlərin suverenliyi” prinsipini əsas hüquq kimi tanıdı. Həmin dövrdən başlayaraq beynəlxalq münasibətlərin əsas aktorları dövlətlərdir. Bu gün də diplomatik münasibətlərdə bu prinsip öz prioritetliyini qoruyur. Baxmayaraq ki, I Dünya Müharibəsinin yekununu müəyyənləşdirənVersal-Vaşinqton sistemi, eləcə III minillikdə informasiya texnologiyalarının hesabına baş verən transformasiyalar çoxlu yeniliklər gətirmişdir. Bununla belə müasir dövrümüzdə də əsas prinsip olaraq hər bir dövlətin öz ərazisində suveren hüququnun olması və beynəlxalq birliyin həmin dövlətlə münasibətlərini bu prinsip üzərindən qurmasıdır.

Lakin beynəlxalq hüququn və münasibətlərin suveren subyekti kimi təsnif edilən qısa adı Malta Ordeni olan dövlətəbənzər qurum bütün bu yanaşmaları təkzib edir. Tam adı “Müqəddəs İohannın Qüdslü, Rodoslu və Maltalı hospitalyerlərinin suveren hərbi ordeni” olan bu qurumun öz Konstitusiyası, bayrağı, gerbi var. 104 dövlətlə diplomatik münasibətlərə malikdir. Avropa İttifaqı ilə səfir səviyyəsində əlaqələri var. BMT-də və onun bir sıra ixtisaslaşmış təşkilatlarında müşahidəçi statusuna malikdir.

Qərb elmi yanaşmasında orden dövlət kimi qəbul edilməsə belə çox təzadlı məqam yaranır. Müasir beynəlxalq münasibətlər sistemində yalnız dövlətlərin öz aralarında diplomatik münasibətlər yaratmaq hüququ var. Belə olan halda, Konstitusiyasına əsasən beynəlxalq hüququn suveren subyekti hesab edilən Malta ordeni əgər dövlət deyilsə, bu  cür diplomatik münasibətlərə nə ad vermək olar. Bu suallara cavab tapmaq üçün Malta ordeninin tarixinə nəzər salmaq kifayətdir.

Səlib yürüşlərinin həqiqi səbəbləri 

XI əsrin sonlarında xristian Avropa dövlətlərinin qarşısında dayanan ən böyük çağırış həmin dövrdə hökm sürən iqtisadi tənəzzüldən çıxış yolunun tapılması ilə bağlı idi. Quraqlıqla əlaqədar məhsul qıtlığı, aclıq, səfalət öz şərtlərini diktə edirdi. Digər tərəfdən Avropa dövlətləri bir-birləri ilə amansız müharibə aparırdılar. Belə bir şəraitdə katolik kilsəsi Köhnə qitədən kənarda düşmən tapmaqla bütün problemləri bir dəfəyə həll etməyin yolunu tapdı. Birincisi, Avropada çoxlu sayda işsiz insan kütləsi hərbi mükəlləfiyyətə cəlb olunmaqla işsizlik problemini aradan qaldırır, ikincisi hərbi qənimətlər xəzinələri doldurur, üçüncüsü kənarda düşmən tapmaqla katolik dini ardıcıllarının bir-birinə qarşı düşmənçiliyi müvəqqəti də olsa aradan qaldırılırdı. Ən uğurlu seçim dini ideya altında müharibə aparılması olmuşdu. Beləcə səlib yürüşlərinə rəvac verildi.

Səlib yürüşlərində iştirak edən hər bir təbəqənin öz maraqları var idi. Bu baxımdan cəngavərlərin yaratdığı dini-hərbi ordenlər və onların Vatikandan dəstəyi xüsusi maraq doğurur. Bu yürüşlərdə iz qoyan 3 əsas orden olmuşdur: hospitalyer, tampliyer və tevton ordenləri. Üzərindən 1000 il zaman keçməsinə baxmayaraq hospitalyer və tevton ordenləri öz mövcudiyyətlərini hələ də qoruyurlar. Malta Ordeninin timsalında hospitalyer ordeni hətta beynəlxalq hüququn suveren subyekti kimi fəaliyyətini davam etdirir. Tevton ordeni isə müxtəlif vaxtlarda Almaniyada, Baltikyanı ölkələrdə, Macarıstanda xristianlığı yaymaq və dinin sərhədlərini genişləndirməklə bağlı Katolik kilsəsinin tapşırıqlarını yerinə yetirmişdir. Bu ordenin ən böyük xidmətlərindən biri kimi Macarıstanda qıpçaqlara qarşı döyüşləri tarixdə öz əksini tapmışdır.Tevton ordeni yaradıldığı 1190-cı ildən Roma Papasına tabedir və 1809-cu ildən Vyanada qərarlaşmışdır. Hazırda hansı tarixi missiyanı həyata keçirməsi isə ayrıca bir araşdırmanın mövzusudur.

Digər bir cəngavər ordeni tampliyerlər isə öz mövcudiyyətlərini bu günə qədər saxlaya bilmədilər. Əslində səlib yürüşlərinin ən aktiv iştirakçı məhz bu ordenin üzvləri olmuşdur. Lakin maraqlıdır ki, məhz katolik kilsəsinin xeyir-duası ilə XIV əsrin əvvəllərində bu ordenin ləğvinə qərar verildi. Həmin dövr hadisələrinə nəzər saldıqda görünür ki, tampliyerlərin yaratdığı nəhəng biznes şəbəkəsi əksər Avropa monarxlarını və hətta Vatikanı da razı salmadığı üçün xaç uğrunda əsas döyüşçülər tarix səhnəsindən silindi.

Tarixdən məlumdur ki, tampliyer ordeni səlib yürüşləri dövründə Avropada böyük bank və sələm sistemi yaratmışdı. Ordenin Yaxın Şərqlə bərabər Avropanın da bir çox şəhərlərində qalaları, limanlarda iqamətgahları var idi. Məhz bu şəbəkə vasitəsilə tacirlər üçün himayə, vəsaitlərin transferi, daşınma kimi bir çox sahələrdən gəlir götürülürdü. Qazanılan pul Avropada müxtəlif monarxlara borc verilir və sələm əlavə gəlir gətirirdi. Papa II İnnokentinin 1139-cu ildə “OmniDotumOptimum” adlı bullasına əsasən tampliyerlər ordeninə qəniməti heç kimlə bölüşdürməmək, sərhədləri maneəsiz keçmək, heç bir vergi ödəməmək kimi imtiyazlar verilmişdi. Bunun nəticəsində də müasir anlayışda bank xidməti göstərən (borc- sələm) orden nəhəng maliyyə dayaqlarına yiyələnmişdi. Avropanın əksər krallarının tampliyerlərə borcu var idi. Ola bilsin ki, məhz bu məqam səlib yürüşlərində böyük xidmətləri olan dini-hərbi ordenin məhvinə apardı. İlk olaraq 1307-ci ildə Fransa kralı IV Filip ölkə ərazisində tampliyerlər ordeninin fəaliyyətinə son qoydu. Onların əmlakları əllərindən alındı, özləri isə kafir kimi tonqalda yandırıldı. Roma Papası V Klement Avropa hökmdarlarını tampliyerləri həbs etmək və əmlakını kilsənin xeyrinə müsadirə etməyə çağırdı.

Maraqlı bir mənzərə yaranır. Müqəddəs torpaqlar, dinin müdafiəsi uğrunda canlarından keçənləri artıq kilsə din düşməni elan edirdi. Ortada isə böyük bir varidat qalırdı. Kilsə həmin zənginliklərin öz nəzarətindən çıxmasına imkan vermədi. 1312-ci ildə Papa V Klementtampliyerlər ordeninin buraxılması və onun əmlakının hospitalyerlər ordeninə verilməsi haqqında qərar verdi.

Malta ordenin yaranma tarixi – Qüdsdən başlayan yol

Səlib yürüşlərindən bu günümüzə uzanan digər bir tarixi miras hospitalyer ordenidir. Bu orden Qüdsdə Müqəddəs İohanna həsr edilən zəvvar evinin açılması ilə yola başlamışdır. Sonradan əsas vəzifəsi Müqəddəs Məqbərə Kilsəsinin mühafizəsi olduğundan dini-hərbi xarakter daşımışdır. Səlibçilər 1291-ci ildə məğlub olaraq Fələstin torpaqlarından tam çıxardıqdan sonra bu orden bir müddət Kipr adasına köçmüşdür. Bütün digər dini-hərbi ordenlər kimi Katolik kilsəsi tərəfindən böyük imtiyazlar verilən hospitalyerlər də müharibədən sonra zaman-zaman əvvəlki hüquqlarından məhrum edilirdi. Kiprdə bütün imtiyazları ləğv edildikdən sonra orden öz iqamətgahını Rodos adasına keçirdi. Həmin dövrdə Rodos adası xristian dünyasının müsəlman türklərə qarşı əsas mübarizə qalası hesab edilirdi. Bu mənada hospitalyerlər yenə Katolik kilsəsinin türklərə qarşı mübarizəsində aparıcı silaha çevrildi. Artıq XV əsrdən orden dini-hərbi təsisat xarakterini itirərək, başqa dövlətlərlə səfir mübadiləsi də daxil olmaqla suveren hüquqlara yiyələndi.

Qeyd etməliyik ki, müxtəlif xristian dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizəsini əlaqələndirmək üçün hospitalyerlərə verilən bu diplomatik status bu günə qədər davam etməkdədir. Bütün müasir beynəlxalq normalara zidd olsa belə, xristian dünyası qarşısında türklərlə mübarizə qarşılığında verilən bu status Malta ordeni üçün saxlanmışdır. Belə görünür ki, lazım gələndə beynəlxalq hüquqda və ümumiyyətlə beynəlxalq münasibətlər sistemində istənilən istisnalar mövcud ola bilər.

Hospitalyerlər 1522-ci ildə Sultan Süleymanın adanı 6 ay mühasirədə saxlamasından sonra Rodosu tərk etməli oldular. Lakin katolik kilsəsinin sadiq qullarına bu dəfə də yer tapıldı. 1530-cu ildə Müqəddəs Roma imperatoru, İspaniya kralı V KarlMalta adasını daimi əsasda hospitalyerlərə bəxş etdi. Bu vaxtdan hospitalyerlər “Malta cəngavərləri ordeni” adını aldı.

Səlib yürüşləri zamanı parlayan bu dini-hərbi ordenin Avropanın əksər limanlarında qərargahları var idi. Lakin Avropada protestantlığın yayılması ilə kilsə ilə bərabər orden də öz nüfuz dairəsini itirirdi. İngiltərədə 1540-cı ildə, Fransada 1792-ci ildə hospitalyerordeninin əmlakları müsadirə edildi.

Aralıq dənizində hospitalyerlər ordeninin əsas funksiyası türklərə qarşı mübarizə olmuşdur. Malta adasında olarkən onlar əsas dəniz yollarına nəzarət etmək imkanına sahib idilər. Osmanlı imperiyasına açıq döyüşdə qalib gələ bilməsələr də, iqtisadi təzyiqlərini davamlı göstərirdilər. Hospitalyerlər vista hüququna yiyələnmişdilər və bu məsələdə Vatikan onları müdafiə edirdi. Vista hüququ ordenə türk mallarını daşımaqda şübhəli bilinən istənilən gəmiyə daxil olmağa və müsadirə etməyə səlahiyyət verirdi. Bu əksər Avropalı tacirlərin narazılığına səbəb olsa belə, katolik kilsəsinin himayəsi ordenə bu imtiyazdan istifadə etməyə imkan verirdi.

Katolik olmayan Rusiya belə hospitalyerlərə diqqət ayırmışdır. 1797-ci ildə imperator I Pavelin imzaladığı konvensiyaya əsasən Malta ordeni Rusiyada xüsusi imtiyaz və pul gəlirlərinə sahib oldu. Doğrudur bu uzun müddət davam etmədi. 1817-ci ildə Rusiya ərazisində bütün dini ordenlərin ləğv edilməsi ilə bağlı qəbul edilən qərar hospitalyerlərdən də yan keçmədi.

1798-ci ildə Napolen Bonapartın Malta adasını tutmasından sonra Malta ordeni sonuncu dəfə köç etməli oldu. Napoleonun adanı ələ keçirməsindənvə Rusiyada ordenin ləğvindən sonra hospitalyerlər heç nəsiz qaldılar. Orden bir müddət müxtəlif İtaliya şəhərlərində məskunlaşdıqdan sonra 1834-cü ildə Papanin xeyir-duası ilə Romada qərarlaşdı.Romada ViaKondatti sarayı onların rəsmi iqamətgahı oldu.Maraqlıdır ki, bu mülk İtaliyanın ərazisi hesab olunmur və müstəqil statusa malikdir.Beləliklə, XIX əsrin ortalarından etibarən Malta ordeni artıq yalnız dini xarakterini davam etdirir.

Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, Vatikanın himayəsində olan bu dini-hərbi ordenlər tarixdə daha çox türklərə qarşı xristian dünyasının qılıncı funksiyası daşımışdır. ordenlər Belə ki, Fələstində türk mənşəli məmlüklərlə, Macarıstanda qıpçaqlarla, Aralıq dənizində osmanlılarla mübarizə bu ordenlərin əsas funksiyası olmuşdur. Görünən odur ki, monax-cəngavər ordenləri türklərin qarşısını almaq üçün katolik kilsəsinin böyük imtiyazlar verdiyi bir təsisat olmuşdur. Lakin orta əsrlərdən fərqli olaraq bu gün həmin mübarizə öz meydanını dəyişmişdir. Beynəlxalq hüququn suveren subyekti hesab olunan Malta ordeninin timsalında arxaik aktorların saxlanmasının nəyə xidmət etməsi isə qaranlıq qalır.

Qeyd etməliyik ki, Vatikan türklərə qarşı vuruşanlara öz himayədarlığını indi də göstərir. Cari ilin may ayının 12-də Papa Fransisk 1480-cı ildə İtaliyanın cənubunda Otranto qalasında Osmanlı ordusuna qarşı vuruşaraq ölən 800 nəfərin müqəddəs elan edilməsi ilə bağlı sələfi XVI Benediktin qərarını həyata keçirdi. Yeni Papanın ilk “müqəddəs elan etmə” mərasimində qəbul etdiyi bu qərarın dinlərarası dialoqa xidmət etmədiyini söyləmək olar.

Beləliklə, müasir beynəlxalq münasibətlər sistemində Malta ordenini arxaizm adlandırmaq olar. Lakin görünən odur ki, xristian dünyası qarşısında xüsusi xidmətləri olan bu tarixi miras demokratik prinsiplərə çağırış edənlər üçün hələ də lazımdır. Əks halda, ərazisi, əhalisi və ümumiyyətlə dövlətə məxsus heç bir xüsusiyyəti olmayan bu dini-hərbi ordenə beynəlxalq münasibətlər sistemində bu cür status nəyə lazımdır? Beynəlxalq hüquqda dövlət, dövlətə bənzər qurum, orden və ya hansı başqa bir terminlə adlandırılmasından asılı olmayaraq digər dövlətlərlə diplomatik münasibətlər yarada bilməsi, BMT-də müşahidəçi status daşıması bu dini-hərbi ordenə verilən dəstəyin göstəricisidir. Çağdaş dünyamızda beynəlxalq münasibətlər sistemində baş verən bütün proseslər və hadisələrə müdaxiləyə çağıran Qərb isə nədənsə bu məsələnin üstündən keçməyə üstünlük verir.

 





21.05.2013    çap et  çap et