525.Az

QAFQAZ – doğma evimiz


 

QAFQAZ – doğma evimiz<b style="color:red"></b>

Abel MƏHƏRRƏMOV
BDU-nun rektoru, akademik

Qafqaz UniversitetlƏr Birliyinin III konfransı günlərində düşüncələr 

Mürəkkəb və xüsusi strateji əhəmiyyət daşıyan Qafqazın yüksək inkişaf etmiş ölkəsi kimi diqqətçəkən Azərbaycanda son illər ərzində dünya ölkələrinin, o cümlədən Avropanın bir çox beynəlxalq tədbirlərinin keçirilməsi son dərəcə təqdirəlayiqdir. Bu gün həmin tədbirlər silsiləsinə Qafqaz Universitetlər Birliyinin III konfransının əlavə edilməsi universitetlərimizin, ümumən ölkəmizin həyatında əlamətdar hadisələrdən biri kimi qiymətləndirilməlidir. Azərbaycanın uğurları, bu ölkənin vətəndaşları kimi yalnız bizim deyil, Qafqaz Universitetlər Birliyinin III konfransının işinə qatılan bütün qardaş ölkələrin nümayəndələrinin qürur mənbəyi olduğuna şübhə yoxdur. Bu günlərdə bütün xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi günlərində ölkəyə gələn çoxsaylı qonaqlar da qeyd etdilər ki, Bakı dünyanın ən gözəl paytaxtlarından birinə çevrilmişdir. Aparılan böyük yenidənqurma və abadlıq işləri qədim şəhərimizə müasir ton verməklə yanaşı, ölkədə iqtisadi inkişafın dinamikasının göstəricisi kimi çox əhəmiyyətlidir. Təbii ki, bu gün işinə başlayan konfrans da öz miqyasına və coğrafiyasına görə elmin və təhsilin inteqrasiyasına müsbət təsir göstərməklə bərabər, həm də ölkəmizin qədim mədəniyyət mərkəzi kimi tanınmasında əhəmiyyətli hadisə olacaqdır.

Azərbaycan universitetlərinin, o cümlədən Bakı Dövlət Universitetinin beynəlxalq elm və təhsilə inteqrasiyası üçün güclü potensialı, dünya birliyinin yaxşı tanıdığı görkəmli alimləri vardır. Məhz bu elmi potensialın sayəsində Bakı Dövlət Universitetinin əməkdaşları dünyanın reytinqli jurnallarında müntəzəm çap olunur, tanınmış elm mərkəzlərinə, beynəlxalq simpoziumlara dəvət alırlar. Bir faktı xüsusilə qeyd etmək yerinə düşər ki, Bakı Dövlət Universiteti dünyanın 50 ölkəsinin 200-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalamışdır. Eyni zamanda, beynəlxalq və regional səviyyədə əməkdaşlıq inkişafımıza, beynəlxalq reytinqimizə çox böyük təsir göstərməkdədir.

Qeyd etmək istərdim ki, Bakı Dövlət Universiteti 1991-ci ildən Avroasiya Universitetlər Şəbəkəsinin, 1996-cı ildən Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının, 1997-ci ildən Qara Dəniz Ölkələri Universitetləri Assosiasiyasının, 2003-cü ildən isə Avropa Universitetlər Şəbəkəsinin üzvüdür. Bakı Dövlət Universiteti olaraq qeyd etdiyim qurumlarda sadəcə müşahidəçi üzv deyil, rəhbər vəzifələrdə də təmsil olunmuşuq. Avroasiya Universitetlər Şəbəkəsinin İdarə heyətinin üzvü olaraq fəaliyyətimiz, dünya miqyasında tanınmış alim və ictimai xadim olan Assosiasiyanın prezidenti, M.V. Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçi ilə çox sıx əlaqələrimiz, onun bir neçə dəfə Bakı Dövlət Universitetinin mühüm tədbirlərinə qatılması ümumi işimizin xeyrinə olmuşdur. Eyni zamanda, BDU-nun bir neçə il dünyanın 11 ölkəsinin 100-dən çox universitetini birləşdirən Qara Dəniz Ölkələri Universitetləri Assosiasiyasında təmsilçiliyimiz, qurumun prezidenti kimi fəaliyyətimiz nəticəsində ali məktəblər arasında inteqrasiyanı yaxşı təşkil etmiş və buna görə mərkəzi qərargahın yerləşdiyi Rumıniya dövləti bizi ölkənin ən yüksək mükafatı ilə təltif etmişdir.

Ötən ilin may ayında Gürcüstanın Batumi şəhərində II konfransı keçirilən və  2008-ci ildə təsis edilərək hal-hazırda özündə 8 ölkədən 42  universiteti birləşdirən Qafqaz Universitetlər Birliyi adını çəkdiyim qurumlar arasında bizim üçün ən doğma olanıdır. Yaranma tarixinə görə gənc olsa da, müzakirə etdiyi məsələlərin masştabına və əhəmiyyətinə görə bu birlik Qafqaz xalqları üçün çox önəmli səciyyə daşıyır və fikrimcə daha böyük işlər görməyə qadirdir.

Məlum olduğu kimi, qloballaşan dünyada elm və təhsilin inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Heç də təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri elan edilmişdir. Bu gün biz elmin vətənsizliyi haqda danışırıq və hesab edirik ki, elmi kəşflər də, bir çox digər ali dəyərlər kimi, beynəlxalq səciyyə daşıyır və bütün bəşəriyyətə aiddir. Bəzən dünyanın ucqar ölkələrinin birində yaşayan çox istedadlı bir alimin müasir texniki vasitələrə əli çatmır, bəzən isə innovasiyalara malik insanın elmi səviyyəsi qənaətbəxş olmur. Nəticədə ümumi bəşəriyyətin qazana biləcəyi elmi kəşflər, ixtiralar, necə deyərlər, beşikdə boğulur.

Fikrimizcə, təhsil də elm kimi qlobal xarakter daşımalıdır, yəni təhsilin də vətəni olmamalıdır. Bu gün bəşər sivilizasiyası haqda qlobal mənada danışırıqsa, burada  ümumi evimiz olan yer kürəsində əhalinin bir hissəsini yüksək intellektual səviyyədə, digər hissəsini isə tamam savadsız təsəvvür etmək çətindir. Digər tərəfdən, cəmiyyətin qloballaşması bütün dünyada təhsil sisteminin  eyni də olmasa, yaxın struktura malik olmasını tələb edir ki, insanlar  təhsillərini istənilən ölkədə və məktəbdə, universitetdə davam etdirə bilsinlər. Bu mənada Qafqazda vahid elm və təhsil məkanının yaradılması imkanları vardır və bu baxımdan Qafqaz Universitetlər Birliyinin III konfransından çox şey gözləyirik. Qloballaşma prosesində biz əvvəl regional inteqrasiya barədə düşünməli, müəyyən ərazilər üzrə bir çox məsələlərdə ümumi məxrəcə gələrək Avroatlantika məkanına birgə qoşulmalıyıq. Bunun üçün Qafqaz Universitetlər Birliyinin çox yaxşı şansları vardır. Burada digər regional şəbəkələrdən fərqli olaraq vahid dil bağlılığı olmasa da, mənəvi dəyərlər, təhsilə, elmə bağlılıq baxımından çox yaxın olan mental keyfiyyətlər mövcuddur. Biz bu dəyərləri lazımınca qiymətləndirib, onlardan səmərəli yararlanmalıyıq.

Bu arada başqa bir məqama da toxunmaq yerinə düşərdi. Nə qədər istedadlı və beynəlxalq aləmdə məşhur olan insanlar yetirməsinə baxmayaraq, bu günə qədər Qafqaz regionundan bir nəfər də fundamental elm sahələri üzrə Nobel mükafatı ala bilməmişdir. Əlbəttə,  bunun sırf texniki, müasir elmi avadanlıqlarla, yaxud dillə bağlı məqamları da vardır. Bununla belə, həmin elmi mühiti, şəraiti, dünyaya təbliğ olunma və çatdırılma mexanizmini yaratmalı, həmçinin digər obyektiv və subyektiv problemləri həll etməliyik. Qloballaşma dövründə bu məsələləri həll etmək üçün inteqrasiyanı sürətləndirmək, əlaqələri genişləndirmək lazımdır. Fikrimcə, bundan ötrü tələbə-müəllim mübadiləsini və elmin innovasion sahələri, həmçinin qrantlar və proqramlar  üzrə birgə əməkdaşlığı genişləndirmək, Avropa birliyində çoxdan tətbiq olunan və böyük səmərələr verən Elmin vahid inkişaf fondlarının yaradılması, elm və təhsilin stimullaşdırılması üçün mükafat institutlarının yaradılması, birgə texnoparkların, injener-hausların hazırlanması kimi layihələr reallaşdırılmalıdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, bu problem son illərdə yalnız bizim regionu yox, bütün dünyanı narahat edir. Bu- elmə qoyulan investisiyalarla bağlıdır. Məsələ orasındadır ki, son illərdə elmə qoyulan investisiyalar özünü bir neçə hallarda 10 dəfələrlə doğrultduğuna görə bura böyük məbləğdə sərmayələr yatırılır. Bu zaman  nəsillərin dəyişməsi, yeni kadrların əvəzlənməsi, bir növ, yaddan çıxır, yəni təhsilə ayrılan vəsaitlə elmə verilən investisiya arasında böyük fərq olur. Nəticədə universiteti bitirən gənc mütəxəssis öyrəndiklərindən xeyli artıq imkanlara malik elmi mühitə düşür və bir neçə illik adaptasiya burulğanında çapalayır. Əgər elmə ayrılan vəsait hesabına təhsil müəssisələrində həmin avadanlıqlar alınarsa və tədris edilərsə, bu yalnız nəsillərarası boşluqları doldurmaqla  yekunlaşan müsbət nəticələr verər.

Avroatlantika məkanına inteqrasiya ilə yanaşı regional, o cümlədən Qafqaz xalqları universitetləri arasında elm və təhsil sahəsində əməkdaşlıq çərçivəsində aşağıdakı məsələlərin həllinə xüsusi önəm verilməlidir:

* Tələbə, müəllim və elmi işçi mübadiləsi;

* Tələbə mobilliyi;

* Elm və təhsil sahəsində birgə layihələrdə iştirak;

* İnnovasiya sahələri üzrə əməkdaşlıq;

* Qafqaz xalqları çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək və elmi tədqiqatları stimullaşdırmaq məqsədi ilə birgə mükafat fondlarının təsis edilməsi.

Ümid edirəm ki, bu gün işinə başlayan Qafqaz Universitetlər Birliyinin III konfransda qaldırılan məsələlər yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

 





21.05.2013    çap et  çap et