525.Az

Dünyaya Adəm baxışı...


 

Dünyaya Adəm baxışı...<b style="color:red"></b>

Hər kəsin söz dediyi, "nəsə" yazdığı zamanda həqiqi söz sahiblərini fərqləndirmək getdikcə daha da çətinləşir.

Nə yazıq ki, bu, təkcə ədəbiyyata aid deyil, həyatda da belədir: seçim çox olanda qərar vermək, yaxşını pisdən ayırmaq hər zaman doğru qərarlarla nəticələnmir. Ancaq söhbət ədəbiyyatdan, SÖZdən, şeirdən gedirsə, bu mənada son dərəcə diqqətli olmaq gərəkli olmaqdan əlavə, həm də mənəvi borcumuzdur. Çünki SÖZ İlahi bir nemətdir. Təsadüfi deyil ki, Allah bu boyda dünyanı bircə "OL!" sözünə yaradıb. Budur sözün qüdrəti, hikməti. İlahi nemət olan sözün çağdaş dövrümüzdə hər kəsin əlində özünü tanıtmaq vasitəsinə çevrilməsi heç də ürəkaçan iş deyil. "Şairlərin artıb, şeirlərin olmadığı" zamanda əsl şairi tapdınsa, onun haqqında söz demək, onu digərlərindən fərqləndirib xalqa nümunə göstərmək lazımdır deyə düşünürəm.

Alt-alta düzülən hər misra şeir olmadığı kimi, onları alt-alta düzən hər adam da şair sayıla bilməz. Şair əsl poetik təfəkkürün yaradıcısı, bu ovqatın adamı olmalıdır. Ədəbiyyatın çoxəsrlik tarixində bütün mövzular hələ çoxdan, lap çoxdan-antik zamandan yazılıb və bitib. Əsl qüdrət sahibi odur ki, hər kəsin yazdığı mövzu haqqında yeni baxış bucağı, orijinal fikir, fərqli təxəyyül ortaya qoya bilsin.

Klassik ənənələrə sadiq qalaraq özünəməxsus poetika yaradan şairlərdən biri də Adəm Asnıdır. Adəm müəllimin şeirləri ilə tanış olduqdan sonra ondakı özünəxas düşüncə tərzi diqqətimi cəlb etdi. Onun yaradıcılığı haqqında görkəmli filoloq alim, Milli Məclisin deputatı Nizami Cəfərovun "Həvəskarın peşəkarlığı" və AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyevin "Adəmin sözü və sözün adamı" məqalələrini oxuduqdan sonra onun poeziyasına marağım artdı. "Giley dolu, tənə dolu sözlərin, Sinəmə çəkdiyi dağına qurban"- deyən şair kimdirsə, elə bu misralarla öz şairliyini sübut etməyi bacarır.

Adəm Asnı ruhuyla, canıyla, qanıyla torpağına bağlı olan şairdir. Bu şeirləri oxuduqca burnuna haradansa bir yerlərdən yenicə biçilmiş otun qoxusu gəlir, torpağın ətri duyulur, sanki üzünü meh sığallayır, hardansa qoyun-quzunun mələrtisini eşidirsən. Məsələn, "Aparacaq neçə səhərə" şeiri başdan-başa bu poetik əhvalla süslənib:

Qovuşdum kəndimə, ölmərəm daha,
Burada ölməzlik deyildir baha,
Təmiz dağ havası, sərin bir kaha,
Baxışı oxşayan hər dağ, hər dərə,
Aparacaq məni, neçə səhərə. 

Gör necə əlvandı dağların rəngi,
Yamacların gül-çiçəkli çələngi,
Yağışa bax, qarşında çay pürrəngi,
İldırım gurlayıb çəkdikcə nərə,
Aparacaq məni, neçə səhərə. 

Başqa bir şeirində gəncliyini "ömür salxımında bircə giləyə" bəzədən Adəm Asnının şeirlərində bəzən uşaq kövrəkliyi, bəzən həyatın hər üzünü görmüş ağsaqqal kamilliyi, bəzən nikbin ruhun həyat sevgisi, bəzən isə insanlardan xəyanət, riya, ikiüzlülük görmüş birinin küsgünlüyü nəzərə çarpır. Bu baxımdan onun poeziyası yeknəsəklikdən çox uzaqdır, mövzu və ideya baxımından çox zəngindir. Ancaq bir mövzu var ki, Adəm müəllim demək olar ki, hər şeirində ona sətiraltı da olsa, toxunur. Bu da əxlaqi-didaktikadır. Buradan hiss olunur ki, Adəm Asnı bir insan olaraq mənəvi dəyərlərin, əxlaqi keyfiyyətlərin qorunub saxlanmasına xüsusi önəm verir. Məhz buna görə də öz şeirlərində bunu ən yüksək şəkildə təbliğ edir. "Gənclikdən qocalığa", "Varsa, tapın, göstərin" kimi şeirlər bu fikirlərimizə misal ola bilər.

"Gözəldir" şeirində şair xarici gözəlliyin aldadıcı, bir zamandan sonra ötüb keçəcəyini deyir, bununla öyünməyin əbəs olduğunu hesab edir. Şairin həyatdan çıxardığı əsas qənaət bundan ibarətdir ki, insanın daxili dünyası, əməlləri, xasiyyəti gözəl və ətrafdakılara, elinə, yurduna faydalı olmalıdır:

Dalğalıq, coşqunluq telə yaraşıq,
Vüqarlı dağ, sonalı göl gözəldir.
İncəlik, naziklik belə yaraşıq,
Hər xeyirxah olan əməl gözəldir.

Adəm Asnı həm də ailəsinə bağlı, sədaqətli, övladlarını, nəvəsini ən ülvi məhəbbətlə sevən ailə başçısıdır, atadır, babadır. Əgər bir baba şair olarsa, onun nəvəsinə, övladına şeir yazmadığını düşünmək, xəyal etmək belə yersiz olardı. Nizami Cəfərov onun bu şeirlərini şərti olaraq, "ailə şeirləri" adlandırır. Elə bizim də fikrimizcə, bu, ən uyğun addır. Buraya onun həyat yoldaşına, övladlarına, nəvəsinə yazdığı şeirlər daxildir. Bu şeirlərində də biz nəsihətamiz fikirlərə çox rast gəlirik. Ancaq bu dəfə nəsihət verən təkcə şair deyil, həm də atadır, babadır. Milli ədəbiyyatımızda bu cür nümunələrə ta Nizamidən, Füzulidən başlamış çox rast gəlmişik. Bu qəbildən olan şeirlərə "Həyat yoldaşım", "Nurgül", "Körpə qığıltısı" və başqalarını misal göstərə bilərik.

Adəm Asnı yaradıcılığı ilə qısa tanışlıqdan sonra bir daha əmin oldum ki, Azərbaycan poeziyası bəzilərinin dediyi kimi, "süqut dövrü"nü nəinki yaşayır, o dövrə hələ əsrlər qədər uzaqlıqdadır. Bir daha əziz professorumuz Nizami Cəfərovun fikirlərinə müraciət edib, onun dili ilə desək, Adəm Asnı kimi "həvəskar" peşəkarlar çox olduqca ədəbiyyat da, şeir də, söz də hələ çox yaşayacaq!

 





16.08.2017    çap et  çap et