525.Az

Ay işığına bələnən ömür


 

SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU, MƏRHUM AYTƏKİN HƏSƏNOVANIN XATİRƏSİNƏ

Ay işığına bələnən ömür<b style="color:red"></b>

Bəzən adam özünə ən yaxın bildiyi doğması, dostu, tanışı, daha yaxşı tanıdığı qohumu haqqında belə ürəklə, istədiyi kimi söz aça bilmir, lap elə özü barəsində də. Amma bacarsaydı bir dastan bağlayardı, çünki sinəsi dolu olur axı.

Elin, xalqın, millətin ən sevimliləri haqqında da, məncə, onların olduğu səviyyədə yazılmır. Belə olmasaydı,  "sağlığında qiymət verin insana"  fikri elin dilində bitməzdi.

Bəlkə də sənətimlə bağlıdır, tanıdığım, şəxsiyyətinə və sənətinə böyük qiymət verilən  sadə insanlar, eləcə də elm adamları, sənət dostlarım, müəllim həmkarlarım az deyil. Bir çoxları haqqında fikrimi nəzmə çəkmiş, bəzilərinin portretini sözlə cızmağa çalışmışam.

Hazırda çalışdığım Mədəniyyət və İncəsənət Universitetində də belə - yaxından tanıdıqlarım, sənətinə və şəxsiyyətinə dəyər qoyduran, özünü saydıran, sayılıb-seçilən ziyalılarımızla birlikdə çalışmaq, onlarla eyni sırada dayanıb, xalqımızın milli-mənəvi dəyərlərinin təbliğatçısına çevrilmək mənim üçün də şərəfdir. Onların bəzilərinin doğum günləri, yubileyləri üçün qələmə aldığım ürək sözlərim səmimiyyətdən gəldiyi üçün bəyənildiyini duyduqca qürur hissi keçirmişəm...

Həyat həm də özünün rəngarəngliyi ilə maraqlıdır. İnsan ömrünün təbiətin fəsillərinə bənzədilməsi təsadüfi deyil. O da doğulur, böyüyür, bar-bəhrə verir və budağından qopub  düşən yarpaq kimi, torpağa düşərək yenidən  dünyaya gəlmək üçün əriyib gedir...

Haqqında ağrılı-acılı söz açmaq istədiyim həmkarım, Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mərhum Aytəkin Həsənova da belə sənət fədailərindən biri kimi yazıldı mədəniyyətimizin və incəsənətimizin tarixinə.  Həmin səhifələr Ay işığında nurlandığı üçün daim nurlu görünəcək, oxunacaq və nümunə kimi nəsillərdən-nəsillərə yadigar qalacaq.

Aytəkin Tofiq qızı Həsənovanın qısa ömür yolundan bəhs edən bir kitabı neçə vaxtdır ki, vərəqləyir, haqqında qələmə alınan ürək sözlərini və unudulmaz xatirələri yaddaşıma köçürürəm. "Aytəkin - əbədi işığa doğru" toplusunu həyəcansız oxumaq mümkün deyil. Bu əsər, əslində, yarımçıq ömrün simfoniyasıdır. Azərbaycan  Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayevin kitabdakı xatirələrindən cilalanmış portret-oçerki oxuyan oxucu bir anlıq düşüncələrə qərq olur: gendən gələn istedad nəsil-nəsil yaşayarmış, xalqımızın sevimli və unudulmaz yazıçısı Mir Cəlal Paşayevin mənsub olduğu nəslin şəcərəsində də bu tendensiya özünü bariz şəkildə göstərir və təsdiqləyir. Aytəkin xanım sevimli, ölməz yazıçımızın nəvəsi idi, onun ocağında dünyaya göz açmışdı. Elə  musiqiyə, yaradıcılığa doğmalıq da buradan - gendən gəlmişdi.

Kitab unudulmaz  musiqişünas alimin həyat və yaradıcılığına olduqca gözəl və dəyərli bir töhfədir. Kitabın redaktoru Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, hörmətli professor Fərəh xanım Əliyeva, tərtibçiləri Kamilə xanım Dadaş-zadə ilə Səbinə xanım Mehdiyeva, məsləhətçisi isə Aytac xanım Qasımovadır.  Qısa və mənalı ömrünü  musiqi sənətinə həsr etmiş Aytəkin xanım haqqında kitabda bir-birindən maraqlı fikirlər, xatirələr özünə yer tapıb. Zəngin həyat və yaradıcılıq yolu keçmiş həmkarımız haqqında bundan sonra da zaman-zaman söz açılacaq, acılı-şirinli xatirələr dilə gətiriləcək və qələmə alınacaq. Çünki:

Mələklərin sırasında,
Gül-çiçəklər arasında.
 Düz cənnətin ortasında,-
Behiştdədir sənin yerin,
Pak olubdur əməllərin.

Mənə gəlincə, poeziya nümunələrində daim baş obraza çevrilmiş xanımlarımıza dərin ehtiram göstəricisi kimi, qələmə aldığım, elə bu yazını yazarkən xəyalımda canlandırdığım Aytəkin müəlliməni bacı kimi belə təqdim edərdim:

Dünyaya ən xoşbəxt  bir gündə gəldin,
Sən bəstəkar alim, filosof idin.
Ömrünü-gününü sənətə verdin,
Aləmə bəllidir təmiz məsləkin,
Sən sənət aşiqi - bacım Aytəkin!

 Şairlər görübən yazdığı düzdü,
Bizə doğma idi, bizə əzizdi.
Dağ havası kimi könlün təmizdi,
Zərrəcən qəlbində olmamışdı kin,
Sən sənət aşiqi - bacım Aytəkin!
 
Sevdin musiqini, könül bağladın,
Dənizdə dalğaydın, dağda bulaqdın.
Mir Cəlal nəslində  fidan, budaqdın,
Sevildin ailədə, çox oldu ərkin,
Sən sənət aşiqi - bacım Aytəkin!

Anan  layla çalıb həzin, beşikdə,
Sübhəcən yatmayıb,  durub keşikdə.
Musiqin dil açdı evdə-eşikdə,
Duydun nəğmələri çox erkən, yetkin,
Sən sənət aşiqi - bacım Aytəkin!
 
Zəkada alimdin, dərindən-dərin,
Əhliman deyər ki,  görünür yerin.
Mən yaza bilmədim heç mindən birin,
Ömrün qısa oldu, şərəfli, bitkin,
Sən sənət aşiqi - bacım Aytəkin!

Aşıq Əhliman ŞİRVANLI
Şənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti

 





16.08.2017    çap et  çap et