525.Az

Tütünçülüyün inkişafında yeni mərhələ: Azərbaycanın qazancı nə olacaq?


 

Tütünçülüyün inkişafında yeni mərhələ: <b style="color:red">Azərbaycanın qazancı nə olacaq? </b>

Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramının təsdiqlənməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir ki, qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.

Qeyd edək ki, respublikamızda tütünçülüyün inkişafı ötən əsrin 70-ci illərinin başlanğıcına təsadüf edir. Həmin illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülüyün çox sürətlə inkişaf etməsi, bu sahənin böyük sənaye potensialının yaradılması, tütünçülüyün elmi bazasının gücləndirilməsi hesabına 1970-1980-ci illərdə tütünün əkin sahəsi 17 min hektar, istehsalının həcmi isə 60 min tondan çox olub. Son 10 ildə isə bəzi ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən, tütünçülükdə tənəzzül müşahidə olunub. Belə ki, 2016-cı ildə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal həcmi isə 3,6 min ton təşkil edib ki, bu da sahənin potensial imkanlarından xeyli aşağıdır. Son illər isə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştlər və subsidiyalar, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək, torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə tütünçülüyün inkişafına təkan verib.

Dövlət Proqramının məqsədi də ölkədə bu istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə təkan verməkdir. Sənəddə tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırması, yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının, tütün toxumçuluğu təsərrüfatlarının yaradılması və s. tədbirlər nəzərdə tutulub.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafında aqrar sektor prioritet istiqamətə çevrilib. Onun sözlərinə görə, rəsmi olaraq qəbul edilib ki, artıq ölkəmizdə ənənəvi sahələri inkişaf etdirmək lazımdır: "Çünki ölkəmizin iqtisadi keçmişi var və burada ənənəvi inkişaf etmiş sahələr olub ki, müxtəlif səbəblərə həmin sahələr zəifləyib. Bunlardan biri də tütünçülükdür ki, hazırda həmin sahənin inkişaf etdirilməsi üçün həm torpaq ehtiyatı, həm təcrübə, həm də bazar - yəni tələbat var".

 Azərbaycanda tütün istehsal edən şirkətlərin olduğunu deyən ekspert bildirib ki, lakin bu şirkətlər qeyd edilən məhsulların çoxunu xaricdən idxal edirlər: "Statistikaya nəzər saldıqda görərik ki, il ərzində təxminən Azərbaycana 145-150 milyon ABŞ dolları dəyərində tütün məhsulları idxal edilir. Bu, xüsusilə siqaret istehsalında ehtiyac olan xammal xarakterli məhsullardır. Daxili bazarda alıcılıq imkanlarının olmasından istifadə edərək Azərbaycanda aqrar sahənin məhz tütünçülük istiqamətinin inkişaf etdirilməsi məqsədəuyğun və müsbət tendensiyalardan biridir".

R. Həsənov bildirib ki, bu sahənin inkişafı ilə bağlı müxtəlif problemlər var idi ki, onlardan da biri tədarüklə bağlı idi: "Sözügedən problem şirkətlərin daha aşağı qiymətə məhsul alıb, tədarük etməsinə səbəb olurdu ki, bu da nəticə etibarı ilə sahibkarlar üçün səmərəli olmadığından təsərrüfat subyektlərinin bu sahəyə marağının azalmasına gətirib çıxarırdı. Bundan başqa, tütünçülüyün inkişafında maliyyə çatışmazlığı, sığortanın zəif inkişafı və digər problemlər var idi ki, hazırda bu problemlərin aradan qaldırılması nəticə etibarı ilə Azərbaycanda bu istiqamətdə müəyyən inkişafın əldə olunmasına gətirib çıxara bilər".

İqtisadçı-ekspert qeyd edib ki, tütünçülüyün inkişafı ilə bağlı əsas məqamlardan biri dövlət başçısı tərəfindən təsdiqlənən Dövlət Proqramının icrası zamanı proseslərin inkişafına bir başa nəzarətin olmasıdır: "Dövlət proqramlarının, qanunların mövcudluğu, subsidiya mexanizmlərinin tətbiq edilməsi müsbət haldır. Lakin onların icrası əsas məsələdir. Ümid edirik ki, növbəti dövrdə bu proqramların icrası ilə bağlı daha təkmil mexanizmlərin hazırlanmasına ehtiyac yaranacaq. Misal üçün aqrar sektorda əvvəlki dövrlərdə subsidiyalaşma sahəyə görə gedirdisə, artıq son 2 ildə yeni subsidiya mexanizmləri məhsula tətbiq edilir. Bunun özü müsbət haldır və məhsuldarlığın artırılması, prosesin effektivliyi, intensiv təsərrüfatçılığın inkişaf etdirilməsinin əsas məqamlarından biridir. Bu mexanizmlərin tütünçülük, baramaçılıq, ipəkçilik sahələrinə tətbiqinin müsbət nəticələri ola bilər".

Ekspert vurğulayıb ki, əvvəllər Azərbaycanda tütünçülük daha çox Qax, Zaqatala, Balakən bölgələrində inkişaf etsə də, sovet dövründə ölkənin bütün rayonlarında dövrü olaraq tütünçülük olub: "Hətta ən quraq bölgələrindən olan Culfa rayonunun özündə belə tütün əkini həyata keçirilib. Lakin hazırda söhbət planlı deyil, effektiv təsərrüfatçılıqdan, mənfəətdən gedir. Belə olan təqdirdə, Azərbaycanda hazırda bu istiqamətdə yararlı torpaqlarını üzə çıxarılmasına və müəyyən qədər səmərəsiz hala düşmüş torpaqların yararlı hala gətirilməsinə ehtiyac var. Düşünürəm ki, tütünçülük növbəti dövrdə də əsasən Qərb rayonlarında inkişaf etdiriləcək. İlkin mərhələdə Qax, Zaqatala Balakən, daha sonra isə digər Aran rayonlarına doğru müəyyən irəliləyişlər görəcəyik".

Azərbaycanda istehsal edilən məhsullarının digər ölkələrə ixracı ilə bağlı imkanların olduğunu deyən R. Həsənov əlavə edib ki, bu imkanları üzə çıxarıb, aktivləşdirməyə ehtiyac var: "Bu, növbəti dövrdə həm məhsulluğa, həm aqrar sektordan gəlir əldə edilməsinə müsbət təsir etməklə yanaşı, həm də ölkədən valyuta axınının qarşısını ala bilər".

PƏRVANƏ

 





16.08.2017    çap et  çap et