525.Az

Bakı Konfransı: Dünya Skaut Hərəkatı tarixində mühüm hadisə


 

"DÜNYA GƏNCLƏRİ, ONLARIN YAXINLARI BU TƏDBİR SAYƏSİNDƏ BEYNƏLXALQ SKAUTLAR HƏRƏKATININ PRİNSİPLƏRİ BARƏDƏ DAHA ÇOX MƏLUMAT ƏLDƏ EDƏCƏKLƏR"

Bakı Konfransı: <b style="color:red">Dünya Skaut Hərəkatı tarixində mühüm hadisə </b>

Məlum olduğu kimi, avqustun 14-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfransda tədbir iştirakçılarının bölgələrimizə səfərlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbir iştirakçıları bildiriblər ki, onlar Azərbaycana daha yaxşı dünya yaratmaq, skaut hərəkatının mahiyyətini cəmiyyətə bir daha çatdırmaq üçün toplaşıblar. "Azərbaycana xoş gəlmişik", - deyən iştirakçılar Azərbaycanın və skaut hərəkatının bayraqlarını səhnəyə gətiriblər.

Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı bildirib ki, ölkəmizdə keçirilən bu tarixi konfransda skautları qəbul etmək böyük şərəfdir. İ.İsmayıllı skautların buraya yüz minlərlə insanın taleyinə təsir edəcək vacib qərarlar qəbul etmək üçün toplaşdıqlarını diqqətə çatdırıb.

Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib. Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını xatırladan qonaq bu əsərin müxtəlifliyi nümayiş etdirmək baxımından gözəl nümunə olduğunu deyib və bildirib ki, ayrı-ayrı ölkələrdən gələn skautlar da öz fəaliyyətlərində bunu hər zaman nəzərə almalıdırlar və birgə işləməlidirlər. Hərəkatın qlobal həmrəylikdə oynadığı roldan söz açan Əhməd əl-Hindavi diqqətə çatdırıb ki, hazırda skautlar yeni dəyişikliklər astanasındadır və təşkilatın daha da böyüməsinə nail olmağa çalışırlar.

Əhməd əl-Hindavi deyib ki, Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir: "Bunun nəticəsində konfrans iştirakçıları nəinki son bir neçə ildə skaut hərəkatının inkişafı ilə tanış olacaq və təcrübə mübadiləsi aparacaq, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcəklər".

Baş nazirinin müavini Əli Əhmədov isə Bakı konfransının skaut hərəkatında önəmli hadisələrdən birinə çevriləcəyinə əminliyini ifadə edərək bildirib ki, belə tədbirin Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi Dünya Skaut Hərəkatının ölkəmizə etibarının və hörmətinin ifadəsidir: "Hər birimizin öz vətəni var. Amma bu gün insanları birləşdirən ümumi vətən - Yer kürəsi var və onu təhlükədən xilas etmək üçün insanlar birləşib problemləri həll etməlidirlər". Ə.Əhmədov dünyanı narahat edən problemlər sırasında miqrasiya probleminin xüsusi yer tutduğunu, Azərbaycan vətəndaşlarının öz təcrübələrində bu problemlə üzləşdiklərini qeyd edib. O vurğulayıb ki, əgər insanlar səylərini birləşdirsələr, hər bir ölkədə əmin-amanlığa nail ola bilərlər.

Əli Əhmədov deyib ki, Dünya Skaut Hərəkatı müxtəlif yaş qruplarından olan insanları öz sıralarında birləşdirir: "Bu hərəkat bir tərəfdən müxtəlif yaş qrupları, digər tərəfdən fərqli millətlərin nümayəndələri arasında anlaşmaya töhfə verir". Baş nazirin müavini əmin olduğunu bildirib ki, təşkilat bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirəcək.

Bakı konfransını bu mənada əhəmiyyətli mərhələ adlandıran Ə.Əhmədov Azərbaycanın dünyanın gənc dövlətlərindən biri olduğunu diqqətə çatdırıb, ölkəmizin qısa dövrdə böyük inkişaf yolu keçdiyini, insanların rifahının yüksəlməsi sayəsində mühüm layihələr reallaşdırdığını vurğulayıb.

Baş nazirin müavini bildirib ki, Azərbaycan təcrübəsi Dünya Skaut Hərəkatının inkişafına və müsbət dəyişikliklər axtarışına mühüm töhfə olacaq.

Daha sonra Gənclər və idman naziri Azad Rəhimov  1-ci Dünya Skaut Konfransının əhəmiyyətindən danışıb.

Nazir ölkə prezidenti İlham Əliyevin 41-ci Dünya Skaut Konfransına təbrik məktubunu oxuyib.

Prezidentin məktubunda Azərbaycan cəmiyyətinin skaut hərəkatının ideallarını asan qəbul etdiyi vurğulanır. Bildirilir ki, "Müsbət dəyişikliklərə birlikdə" şüarı altında keçirilən konfrans ölkəmizdə hökm sürən multikulturalizm ideallarına uyğundur. Məktubda vurğulanır ki, bir çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan olan Azərbaycan dialoqun mərkəzidir.

Ölkəmizdə keçirilən mötəbər tədbirlə bağlı fikirlərini bildirən Dünya Skaut Komitəsinin rəhbəri Joao Armando Qonsalves qeyd edib ki, Azərbaycanda keçirilən Dünya Skaut Gənclər Forumu və Dünya Skaut Konfransı iştirakçıların sayına, təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük tədbirləridir. O, AZƏRTAC-a bildirib ki, Azərbaycanda turizmin inkişafı və ölkənin beynəlxalq miqyasda tanıdılması baxımından Qəbələdə və Bakıda belə mühüm tədbirlərin keçirilməsi doğru addımdır: "Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Biz Azərbaycanın bu sahədə peşəkarlığına əmin olduq. Bu, təkcə mənin deyil, ilk dəfə Azərbaycana gələn yüzlərlə iştirakçının da fikridir. Qəbələdə keçirilmiş 13-cü Dünya Skaut Gənclər Forumunu xüsusi qeyd etmək lazımdır. Qəbələnin gözəl təbiəti, insanların mehribanlığı və qonaqpərvərliyi bizdə zəngin təəssürat yaradıb. Bununla yanaşı, paytaxt Bakının gözəlliyi də bizi yaxşı mənada təəccübləndirib. Əlbəttə, Azərbaycanın milli mətbəxindən də zövq aldıq. Bir sözlə, Azərbaycanla fəxr etməmək mümkün deyil. Bütün iştirakçılar öz ölkələrinə zəngin təəssüratlarla qayıdacaqlar və bu təəssüratları öz yaxınları ilə bölüşəcəklər. Dünya gəncləri, onların yaxınları bu forum sayəsində Beynəlxalq Skautlar Hərəkatının prinsipləri barədə daha çox məlumat əldə edəcəklər".

J.A.Qonsalves əlavə edib ki, skautinqin vacib tərəfi ondan ibarətdir ki, gənclər özlərini dünya hərəkatının bir parçası kimi hiss edirlər: "Bütün ölkələrdə onlarla həmfikir olan insanlar var. Eyni zamanda, bütün dünyada, o cümlədən, Azərbaycanda keçirdiyimiz tədbirlərdə skautlar bir-biri ilə ünsiyyət yaradır, ətraf mühitin qorunması kimi ciddi problemlərin həlli ilə bağlı müzakirələr aparırlar".

Tanzaniyanın sabiq prezidenti Cakayya Kikvete isə bildirib ki, o övladları ilə birlikdə skaut hərəkatının fəal üzvləridir: "Mən Tanzaniyanın prezidenti olarkən həm də Milli Skaut Assosiasiyasına rəhbərlik edirdim. Biz çalışırdıq ki, skaut hərəkatı inkişaf etsin, buna görə də onun fəaliyyətinə hər cür dəstək verirdik. Hərəkatın sıraları da yeni üzvlərlə genişlənirdi".

C.Kikvete skaut hərəkatını çox önəmli hesab edir: "Bu hərəkat gənclərdə vətənpərvərlik hissini artırmaqla, onların cəmiyyət qarşısında borcunu izah edir, cəmiyyət üçün lazımlı işlər görməyi təlqin edir. Skaut hərəkatı gəncləri yaxşı vətəndaş və məsuliyyətli lider yetişdirmək yolunda təlimləndirən mühüm bir təşkilatdır".

Azərbaycanda ilk dəfə olduğunu bildirən qonaq deyib ki, Bakı çox gözəl şəhərdir: "Paytaxtınızın çox gözəl təşkil olunmuş planlaşdırması var. Rənglərdən tutmuş binaların dizaynına qədər hər bir şey bir-birini tamamlayır. Şəhərin yaşıllığı ona əlavə rəng qatır. Mən Azərbaycanın paytaxtının gözəlliyi barədə sonsuza qədər danışa bilərəm. Baxmayaraq ki, mən burada birinci dəfəyəm. Amma qəti qərara almışam ki, tezliklə daha uzun müddətə burada qalmaq üçün geri qayıdım. Azərbaycan skautları ölkələrində keçirilən möhtəşəm tədbirlərlə fəxr edə bilərlər".

Sabiq Prezident inandığını bildirib ki, bu tədbirlər bitəndən sonra Azərbaycan skautlarının cərgəsi nəzərəçarpacaq dərəcədə genişlənəcək.

Dünya Skaut Gənclər Forumunun İrlandiyadan olan iştirakçısı Klair Mkaroy isə ilk dəfə Azərbaycanda olduğunu bildirib. İrlandiyalı skaut qeyd edib ki, Azərbaycana səfərindən əvvəl "Eurovision-2012" mahnı müsabiqəsi zamanı Bakıda olan dostları ona burada yerli sakinlərin qonaqpərvərliyi və paytaxtınızın gözəl yerləri haqda danışıblar: "Burada tarixi abidələrin və müasir arxitektura layihələrinin sintezi sehrli ab-hava yaradır. İndiyə qədər çox ölkələrdə olmuşam, lakin həmin ölkələrdən heç biri mənim ürəyimdə Azərbaycan qədər parlaq iz qoymayıb".

K.Mkaroy deyib ki, bu, onun iştirak etdiyi ən irimiqyaslı forumdur: "Mən Bakıya heyranam. Burada dünyanın müxtəlif ölkələrindən skautlar toplanıb. Mən burada özümə yeni dostlar tapmışam. Birlikdə müxtəlif mövzularda lazımi müzakirələr aparırıq. Forumun bu cür yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralında Dünya Skaut Hərəkatı Təşkilatının əsas tədbirləri olan və üç ildən bir keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdü. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Qeyd edək ki, 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır.

Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda təşkilatın 16 regiondan 1750-dən artıq üzvü var. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir.

Ceyhun ABASOV

 





16.08.2017    çap et  çap et