525.Az

Həmsədrlər danışıqların müsbət nəticələnməsi üçün məsuliyyət daşıyırlar


 

Həmsədrlər danışıqların müsbət nəticələnməsi üçün məsuliyyət daşıyırlar<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşünü təşkil etmək niyyətindədirlər.
 
Dünən açıqlama verən Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib ki, hazırda bu istiqamətdə səylərini davam etdirirlər. Amma bununla belə, o, xatırladıb ki, həmsədrlər sadəcə vasitəçidirlər və biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik.

Prezidentlərdən əvvəl isə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub.
 
Məlumat üçün xatırladaq ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq.

Hoqlandın açıqlamasından bəlli olur ki, vasitəçi dövlətlərin münaqişənin nizamlanması ilə bağlı mövqelərində dəyişiklik yoxdur. Yəni ABŞ, Fransa və Rusiyanı təmsil edən diplomatlar mütamadi olaraq regiona səfərlər edir, görüşlər keçirir, sonda isə yekun qərarı münaqişə tərəflərinin verməli olduğunu bəyan edirlər. Belə olan halda qarşıda gözlənilən görüşlərdən hansı nəticəni gözləmək olar?

Siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, artıq uzun müddətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili üzərində çalışdıqları ilə bağlı eyni bəyanatı yayırlar. Onlar bu addımları ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesinin iflasa uğramadığı barədə təəssürat yaratmağa çalışırlar.

Siyasi şərhçi bildirib ki, istər XİN başçılarının görüşündə müsbət nəticə əldə etmək, istərsə də Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları bərpa etməsi üçün əlverişli zəmin araşdırılmalıdır: "İndiki şəraitdə Ermənistanın davranışları ortadadır. Düşmən ölkə nəinki işğal altında olan Azərbaycan ərazilərindən mülki əhalini atəşə tutur, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində təxribat törətməklə üçüncü qüvvənin bu prosesə cəlb edilməsinə çalışır. Belə bir şəraitdə yalnız bəyanatlar və ya XİN başçılarının görüşünə ümidlə keçinmək təbii ki mümkün deyil".
 
E. Mirzəbəyli qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin müsbət nəticələnməsi üçün məsuliyyət daşıyırlar: "Əgər Ermənistan təxribatlarını davam etdirsə, bu ölkəyə qarşı konkret tədbirlər həyata keçirilməlidir. Əgər düşmən ölkə yenə cəzasız qalacaqsa, o zaman nə xarici işlər nazirlərinin görüşündə hər hansı nəticə əldə edilməyəcək, nə də prezidentlərin görüşü üçün əlverişli zəmin yaranacaq. Bu aspektdən, ümumilikdə həmsədrlərin, o cümlədən də amerikalı həmsədr Riçard Hoqlandın söylədiyi növbəti informasiya boş və mənasızdır".
 
Siyasi şərhçinin sözlərinə görə, ümumiyyətlə, həmsədrlər öz dövlətlərinin siyasətini ortaya qoyur, onların hər hansı formada qərar vermək imkanları yoxdur: "Həmsədrlər dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı strategiyalarının həyata keçirmək istiqamətində diplomatik missiya gerçəkləşdirirlər. Bu baxımdan həmsədrin dəyişib, dəyişməməsi məsələyə yanaşmasının dəyişməsi demək deyil. Yanaşmanın dəyişməsi konkret dövlətlərin fəaliyyətdə, əməldə Ermənistana qarşı sanksiyaların, təzyiqlərin həyata keçirilməsidir. Əks təqdirdə, verilən bəyanatlar boş informasiyadan başqa bir şey deyil".

Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı isə hesab edir ki, Ermənistan dövləti  və pozuculuq bir-birinə ən çox yaraşan sözlərdir.

Ermənistanın dövlət səviyyəsində törətdiyi pozuculuq hərəkətləri  acizliyin, sağlam mübarizə apara bilməməyin təzahürüdür: "Sən həm elan olunmamış müharibə başladasan, həm günahı müharibə açdığın ölkənin, xalqın üzərinə yıxasan. Min bir bəhanə ilə dialoqdan, sülh danışıqlarından qaçmaqla birgəyaşayış norması ödənmir. Bunlar özünə hörmət qoyan dövlətə yaraşan işlər deyil. Bu oyunbazlıqlar qondarma "dövlət" atributlarının qəhrəman əsgərlərimizin ayaqqabısı altında qaldığı günü, Xankəndində Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikasının səsinin eşidiləcəyi günü daha da yaxınlaşdırır".
 
Onun fikrincə, düşmən öz üzərindəki "elan olunmamış müharibə başladan tərəf" statusundan qurtulmaq istəyir. Amma bu, mümkün olan məsələ deyil: "Silahlı Qüvvələrimizin gücünü bilir və ciddi şəkildə çəkinirlər. Azərbaycan dövlətinin ordu quruculuğu ilə yanaşı, diplomatiya sahəsində də əldə etdiyi uğurlar, haqq səsimizin dünyaya getdikcə daha geniş, daha dərindən çatdırılması erməni məkrini işləməz hala gətirir, necə deyərlər, "şifrələri çözülür”. Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatını əzici şəkildə üstələməsi də, dediyimiz şəkillənməni ortaya çıxan səbəblər içindədir. Dünyada, bölgəmizdə baş verən proseslərdən 100 il hiyləgərliklə istifadə edib, başqa ölkələrin maraqlarına uzlaşıb, bizim torpaqlarda özlərinə qondarma dövlət quranlar, 80 il, 70 il, 25-30 il öncə yenə başqa maraqlara uyğunlaşıb xalqımıza ağır zərbə vuranlar elə başa düşür, bu yaramaz "ənənə"ni davam etdirə biləcəklər. Amma yanılırlar, bu, mümkün deyil". 

Onun sözlərinə görə, indiki vaxtda ilkin olaraq dünya birliyi, həmsədr dövlətlər Ermənistanı tutduğu işğalçı, pozuculuq mövqeyindən geri çəkilməyə məcbur etməlidirlər. Əks halda, danışıqlar, keçirilən görüşlər də istənilən nəticəni veməyəcək.

PƏRVANƏ

 





17.08.2017    çap et  çap et