525.Az

“Elə təbliğat aparılmamalıdır ki, kim kimi istəyir, təhqir edə bilər”


 

“Elə təbliğat aparılmamalıdır ki, kim kimi istəyir, təhqir edə bilər”<b style="color:red"></b>

“Azərbaycan cəmiyyətində bəzən bu qanunun qəbul olunması təşəbbüsünün mahiyyətini anlamırlar”
 
“Diffamasiya haqqında” qanunun hazırlanması ilə bağlı neçə illərdir ATƏT-in Bakı Ofisi ilə fikir mübadiləsi aparırıq. Hazırda əlimizdə olan mövcud layihəni ATƏT-in Venesiya Komissiyası ilə razılaşdırma ərəfəsindəyik”.

APA-nın məlumatına görə, bu fikirləri “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
 
PA rəsmisi təəssüflə qeyd edib ki, Azərbaycan cəmiyyətində bəzən bu qanunun qəbul olunması təşəbbüsünün mahiyyətini anlamırlar: “Təəssüf ki, bəzən bu qanunun qəbulu təşəbbüsünü düzgün olmayan şəkildə izah edirlər. Xüsusilə də bu sahə ilə məşğul olan media təşkilatlarını nəzərdə tuturam. “Diffamasiya haqqında” qanuna Azərbaycanda fəaliyyət göstərən peşəkar, məsuliyyətli, peşəsinə sayğı ilə yanaşan jurnalistlər üçün əlavə yaradıcılıq imkanı kimi baxırıq. Bu qanun peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Elə təbliğat aparılmamalıdır ki, sanki qanunun qəbulundan sonra Azərbaycan cəmiyyətində kim kimi istəyir, necə istəyir təhqir edə, şərəf və ləyaqətini alçalda bilər. Bu tamamilə yanlış fikir və təqdimatdır. Qanunlarımızda insanların şərəf və ləyaqətinin tapdanması cinayət kimi həmişə qalacaq, bu, cəmiyyətin, qurduğumuz dövlətin əsas prinsiplərindən biridir. Çünki insanlar kiminsə şərəfini tapdaladığına görə məsuliyyətini bilməlidir. Məsuliyyət nə qədər sərt olarsa, bizim cəmiyyət üçün bir o qədər keçərli olacaq”.
 
Əli Həsənovun sözlərinə görə, “Diffamasiya haqqında” qanunun qəbulu azad sözə geniş imkan yaratmaq məqsədi daşıyır: “Bəziləri Milli Məclisdə şərəf və ləyaqətin təhqirinə görə cəzanın ağırlaşdırılmasını mətbuat və söz azadlığının sərtləşdirilməsi kimi təqdim edirlər. Qətiyyən belə deyil. Azərbaycanda mətbuat və söz azadlığının təminatı tamam başqa qanunla həyata keçirilir. Mətbuat, teleradio haqqında qanunlar var və jurnalistika ilə Jurnalistlərin Peşə Etikası Kodeksi var. Bu prinsiplərə əməl edən hər bir jurnalist istənilən sahəyə müdaxilə edə bilər, informasiya toplaya, yaya, təhlil edə bilər. “Diffamasiya haqqında” qanun da ona yönəlib ki, bəzən jurnalistlər bilərəkdən və ya bilməyərəkdən informasiya yanlışlığına yol verirlər. Qanun ona görə qəbul olunur ki, bu insanlar dərhal cinayət məsuliyyətinə cəlb olunmasın, məhkəmə qarşısına çıxmasın, onlarla bağlı inzibati tədbir görülsün”.

 





22.05.2013    çap et  çap et