525.Az

Aqrar sahənin inkişafına dövlət dəstəyi davam etdirilir


 

Aqrar sahənin inkişafına dövlət dəstəyi davam etdirilir<b style="color:red"></b>

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində tədbirlər davam edir. Xüsusilə 2014-cü ildən sonra qeyri-neft sektoru sahəsində ixrac imkanlarının genişləndirilməsi, eləcə də aqrar sektor daxil olmaqla bu sahədə istehsalın gücləndirlməsi və dövlət tərəfindən dəstəyin verilməsi istiqamətində xeyli addımlar atılıb.
 
Postneft dövrünə qədəm qoyan Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixracatda diversifikasiyaya nail olunması əsas hədəflərdən birini təşkil edir.

Azərbaycan prezidentinin mütamadi olaraq rayonlara səfərlər etməsi, müşavirələrdə öz tapşırıq və göstərişlərini verməsi regionların inkişafı ilə yanaşı, aqrar və sənaye sahələrinin inkişafı və onların ixrac qabiliyyətinin genişləndirilməsinin prioritet olaraq qaldığını nümayiş etdirir. Bu gün ölkədə ənənəvi aqrar sektorun inkişafı ilə bağlı konkret proqramlar həyata keçirilməkdədir. Qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı heç şübhəsiz ki, məşğulluğun təmin edilməsinə də yol açır. Yalnız pambıqçılığın yenidən dəstəklənməsi və inkişafı nəticəsində əlavə olaraq 100 min iş yerinin yaradılması nəzərdə tutulub.  Fındıqçılıq, baramaçılıq, eləcə də tütünçülük də nəticə etibarı ilə yeni iş yerlərinin yaradılması baxımından vacibdir. Azərbaycan ixracatının strukturundakı diversifikasiya neftdən asılılığın aradan qaldırılması baxımından olduqca vacibdir.

Milli Məclisin deputatı Kamilə Əliyeva hesab edir ki, Azərbaycanda son illər qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm uğurlara nail olunub. Bu isə birbaşa olaraq prezidentin qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsinə göstərdiyi diqqətin nəticəsidir. Son iki ildə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında müəyyən irəliləyişlərin olduğunu dilə gətirən deputat söyləyib ki, ölkə başçısının bu sahələrin inkişafı ilə bağlı müvafiq sərəncam və fərmanları aqrar sahədə yüksək nailiyyətlər əldə edilməsinə imkan verəcək: "Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının potensialı kifayət qədər böyükdür. Görülən tədbirlər sayəsində tütünçülük və baramaçılıq daha da inkişaf edəcək və xarici ölkələrə ixracı daha da artacaq. Bütövlükdə həyata keçirilən tədbirlər bu sahənin iqtisadiyyatımızdakı yerini daha da artıracaq".

K. Əliyeva əlavə edib ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir: "Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. Bir sözlə desək, ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və bu ilin birinci yarısında əldə edilən nailiyyətlər bunu təsdiqləyir".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə deyib ki, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənmiş və reallaşdırılmış regionların sosial-iqtisadi inkişafı üzrə 2004-2008, 2009-2013 və 2014-2018-ci illər üçün Dövlət Proqramları çərçivəsində ölkədə ümumi daxili məhsul, o cümlədən, qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, investisiyalar, əhalinin gəlirləri və orta aylıq əməkhaqqı dəfələrlə artıb: "Məhz bölgələrin inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət Proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib".

S. Vəliyeva əlavə edib ki, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığı təmin ediləcək, infrastruktur və sosial xidmətlər daha da yaxşılaşdırılacaq.

PƏRVANƏ

 





18.08.2017    çap et  çap et