525.Az

"Prosesə qarşı yönələn bütün cəhdlər neytrallaşdırılmalıdır"


 

ELÇİN MİRZƏBƏYLİ: "HƏMSƏDR DÖVLƏTLƏR TƏNZİMLƏMƏ MEXANİZMLƏRİNİN İŞƏ DÜŞMƏSİ İLƏ BAĞLI ADDIMLAR ATMALIDIR"

"Prosesə qarşı yönələn bütün cəhdlər neytrallaşdırılmalıdır"<b style="color:red"></b>

ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Riçard Hoqland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirib.

Amerikalı diplomat ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə işə sadiq olduğunu bildirib.

O qeyd edib ki, ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqın və məcbur köçkünlərin öz torpaqlarına qayıtması, güc tətbiq edilməməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri hərtərəfli həll prosesinin vacib detallarıdır: "Tərəflər bunları müzakirə etməlidirlər. Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə çalışırıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez bir zamanda təşkil edək. Mən xatırlatmaq istərdim ki, həmsədrlər vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik".

R.Hoqland onu da bildirib ki, yaxın həftələrdə və aylarda diplomatik fəaliyyətin genişlənəcəyi müddətdə həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, prinsip etibarilə amerikalı həmsədr Riçard Hoqlandın son açıqlamasında yeni bir fikir yoxdur: "Söhbət masa üzərində mövcud olan sənəd və detallardan gedir. Amerikalı diplomatın da bu sənəd və detallardan kənar hər hansı bir mövqe sərgiləməsi mümkün deyil. Çünki tərəflərlə təklif olunan detallar konkret olaraq bu məqamlardan ibarətdir".

E.Mirzəbəyli hesab edir ki, Riçard Hoqlandın son açıqlamasını obyektiv dəyərləndirmə kimi qiymətləndirmək olar: "Səsləndirilən fikirlərdə yeni bir şey yoxdur. Həmsədrin son açıqlamasında dediyi sözlər reallığı əks etdirir".

Politoloqun sözlərinə görə, yaxşı olar ki, həmsədrlər, xüsusilə Birləşmiş Ştatlar tənzimləmə mexanizmlərinin işə düşməsi ilə bağlı konkret addımlar atsınlar: "Həmsədr dövlətlər prosesin qarşısını almağa yönəlmiş bütün addımları neytrallaşdırmağa çalışmalıdır. Söhbət Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar, danışıqları pozmaq cəhdlərindən gedir".

Ceyhun ABASOV

 





18.08.2017    çap et  çap et