525.Az

Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına töhfə verəcək


 

"SKAUTİNQİN İDEYALARI İLƏ AZƏRBAYCANDA HƏYATA KEÇİRİLƏN DÖVLƏT GƏNCLƏR SİYASƏTİNİN PRİNSİPLƏRİ ÜST-ÜSTƏ DÜŞÜR"

Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına töhfə verəcək<b style="color:red"></b>

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı yekunlaşmaq üzrədir.

Avqustun 14-dən 18-dək Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirdə iştirak etmək üçün dünyanın 157 dövlətindən ümumilikdə 1500-dən artıq skaut ölkəmizə səfər edib. Bakı Konqres Mərkəzi ilə Heydər Əliyev Mərkəzində keçirilən Dünya Skaut Konfransında əsas mövzu skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədr və üzvlərin seçilməsidir.

Avqustun 7-dən 10-dək isə Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu keçirilib. Forum iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparıb, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi ediblər. Forumda 133 ölkədən 320 gənc iştirak edib. Forum çərçivəsində "Mədəniyyət axşamı"nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirib. Azərbaycanlı təmsilçilərin milli mədəniyyətimizi təqdim etməsi maraqla qarşılanıb.

13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçirilən ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirdir.

Ölkəmizdə keçirilən mötəbər tədbir bağlı fikirlərini bildirən Gənclər və idman nazirinin müavini İntiqam Babayev AZƏRTAC-a bildirib ki, Dünya Skaut Konfransı həm ölkələrin, həm də nümayəndələrin sayına görə Azərbaycanda gənclər arasında keçirilən ən genişmiqyaslı beynəlxalq tədbirdir: "Bir neçə gün ərzində Azərbaycanda qonaq olan dünya skautları ölkəmizdə çəkdikləri fotoşəkilləri sosial şəbəkələrdə paylaşmaqla tariximizi, mədəniyyətimizi nümayiş etdirirlər. Onlar öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanla bağlı həqiqətləri yayacaqlar, xalqımızın qonaqpərvərliyini, tariximizi, mədəniyyətimizi öz yaxınlarına çatdıracaqlar. Bunlar çox önəmlidir".

İntiqam Babayev vurğulayıb ki, bu forum həm də Azərbaycan skaut hərəkatına müsbət təsirini göstərəcək: "Bu günlər ərzində Azərbaycanda skaut ideyalarının təbliği kifayət qədər aparılır. Azərbaycanda skaut hərəkatının inkişafı üçün münbit şərait var. Çünki skautinqin ideyaları ilə Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin prinsipləri üst-üstə düşür. Vətənpərvərlik, gənclərin bir vətəndaş olaraq formalaşması, onların mənəvi, fiziki, intellektual inkişafı - bütün bunlar bizim ölkəmizdə həyata keçirilən gənclər siyasətində öz əksini tapıb”.

Nazir müavini əmin olduğunu bildirib ki, Azərbaycanda keçirilən Dünya Skaut Forumu və 41-ci Dünya Skaut Konfransı ölkəmizin beynəlxalq arenada daha da yaxşı tanıdılmasına müsbət təsir göstərəcək.

Bu mötəbər tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edən xarici ölkə nümayəndələri də təşkilatçılığın yüksək səviyyədə olmasından razılıqlarını ifadə ediblər.

Kamerunun Gənclərlə İş və Vətəndaş Təhsili Nazirliyinin rəsmisi Luk Valere Nko`O Zeh qeyd edib ki, Dünya Skaut Konfransının Bakıda təşkil olunması Azərbaycanda bu sahənin inkişafına təkan verəcək: "Ölkənizin geniş turizm potensialı var. Səfər çərçivəsində Qəbələ və Bakı ilə yaxından tanış oldum. Burada gördüklərim məni heyran etdi".

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq deyib ki, Azərbaycan gənclərinin fəaliyyəti ilə maraqlanmaq imkanı olub: "Ölkə gəncləri kreativ düşüncələri, potensialları, yüksək intellektləri və dünyagörüşləri ilə fərqlənirlər. Sevindirici haldır ki, Azərbaycan Skaut Assosiasiyasında da bacarıqlı gənclər toplaşıb. Könüllülərin işini də xüsusi qeyd etməliyəm. Çünki onların əməyi olmadan heç bir irimiqyaslı tədbirin təşkilindən söhbət gedə bilməz. Azərbaycan könüllüləri yüksək qonaqpərvərlikləri, gülərüzlükləri və intellektləri ilə seçilirlər".

"Bakı sanki xəyallarımın şəhəridir. Özümü burada çox rahat və xoşbəxt hiss edirəm. Şəhərin quruluşu, möhtəşəm binalar, paytaxtınızın gözəlliyi və qonaqpərvər insanlar məni yenidən Azərbaycana qayıtmağa həvəsləndirir. Bir sözlə, Azərbaycandan xoş təəssüratlarla qayıdacağam", - deyə Luk Valere Nko`O Zeh əlavə edib.

"Mindfulness scout" təşkilatının prezidenti, fransalı skaut Bastiyen İzabelle isə qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən mindən çox skaut yeni plan və ideyaları, gələcək tədbir və layihələri müzakirə etmək üçün Bakıya toplaşıb: "Azərbaycanda Dünya Skaut Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir. Tədbir yüksək səviyyədə təşkil edilib. Belə mehriban və qonaqpərvər qəbula və skaut hərəkatının irəlilədilməsi işində səylərə görə hamıya təşəkkür edirəm".

Bakı Konqres Mərkəzinin binasına heyran qaldığını, Azərbaycan Skautlar Assosiasiyasının gördüyü işlərin onda xoş təəssürat oyatdığını bildirən fransalı skaut ASA-ya gələcək fəaliyyətində uğurlar arzu edib.

B.İzabelle vurğulayıb ki, skaut hərəkatı Azərbaycanda daha geniş vüsət alacaq.

Koreyalı iştirakçı Dohyun Kim Bakıya ilk dəfədir gəlməsinə baxmayaraq, burada özünü çox rahat hiss etdiyini deyib. Onun sözlərinə görə, getdiyi çox az şəhərdə belə xoş hisslər yaşayıb: "Buna görə, Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox şadam".

Bakı konfransının mükəmməl səviyyədə təşkil edildiyini deyən koreyalı skaut bildirib ki, Dünya Skaut Hərəkatını daha da genişləndirmək və bu hərəkata daha çox gənc cəlb etmək lazımdır: "Bakı konfransında bu istiqamətdə ətraflı müzakirələr aparılır. Bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir. Dünyada ilk dəfədir ki, bu qədər skaut bir araya gəlib. Konfransın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarıq".

D.Kim deyib ki, o, Bakıdan əvvəl Qəbələdə olub: "Qəbələnin də çox gözəl təbiəti var".

Koreyalı skaut Azərbaycandan ölkəsinə çox gözəl təəssüratlara qayıdacağını söyləyib.

Konfransın Finlandiyadan olan iştirakçısı Lasse Roiha da Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının yüksək səviyyəli təşkilatçılığı, iştirakçıların çoxluğu, müzakirələrin səmərəliliyi ilə seçildiyini deyib: "Tədbirin keçirildiyi məkan - Bakı Konqres Mərkəzi çox gözəldir. Burada skautlar üçün əlverişli şərait yaradılıb. Əminəm ki, Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək".

Qvatemalanı təmsil edən Rikardo Vaqner isə bildirib ki, Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox məmnundur: "Təşkilatçılıq yüksək səviyyədədir. İştirakçıların rahat şəkildə müzakirə aparmaları üçün hər cür şərait yaradılıb. Azərbaycan dövləti belə mühüm beynəlxalq tədbirlərin keçirilməsində yaxşı təcrübəyə malikdir. Xəzər dənizi sahilində yerləşən Bakıda olmağımdan çox şadam. Azərbaycanda gedən inkişaf proseslərinin şahidi oldum".

Braziliyalı skaut Arcangelo Safanelli konfransda skautların gələcək inkişaf strategiyalarını müzakirə etdiklərini söyləyib. O, ən əsası yaxşı ünsiyyət qurduğunu, azərbaycanlı skautlarla tanış olduğunu və dostluq əlaqələri yaratdığını deyib.

Danimarka təmsilçisi Morten Trampedak da hesab edir ki, Bakı skautların beynəlxalq konfransına uğurla ev sahibliyi edir: "Müxtəlif ölkələrdən gələn skautlar burada çox faydalı müzakirələr aparırlar. Bizə yaradılan şəraitdən çox razıyıq. Düşünürəm ki, Azərbaycanın dünyaya tanıdılması üçün bu cür böyük tədbirlərin Bakıda keçirilməsi düzgün addımdır".

Pakistanlı skaut Sajjad Masood isə bildirib ki, Azərbaycan Pakistan üçün qardaş ölkədir:  “Ona görə, biz burada özümüzü vətənimizdəki kimi hiss edirik. Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Hər dəfə də ecazkar təbiətiniz məni heyrətləndirir. Bakı gözəl və təmiz şəhərdir. Konfransda yüksək əhval-ruhiyyə hökm sürür. Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir. Biz dəfələrlə bunun şahidi olmuşuq".

Hindistanı təmsil edən skaut Azan Abzari isə ilk dəfə Azərbaycana səfər etdiyini deyib. O qeyd edib ki, Bakını çox bəyənir: "Düzü Bakının belə gözəl şəhər olduğunu təsəvvür etmirdim. Azərbaycanın digər şəhərlərinə də səyahət etmək istəyirəm. Belə irimiqyaslı konfransın yüksək səviyyədə təşkil edilməsi də məni heyrətləndirdi. Təşkilatçılıq mükəmməldir".

Moldovalı Natalia Curusinin sözlərinə görə, o, Azərbaycan haqqında çox eşidib və buraya gəlməyi çox istəyirdi: "Hava limanından çıxan kimi məni mehribanlıqla qarşıladılar. Yolboyu Bakının gözəlliyinə və təmizliyinə heyran oldum. İnsanlarınız çox qonaqpərvər və dostcanlıdır. Konfrans yüksək səviyyədə təşkil edilib. Bu tədbir Dünya Skaut Hərəkatının inkişafında mühüm rol oynayacaq".

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralında Dünya Skaut Hərəkatı Təşkilatının əsas tədbirləri olan və üç ildən bir keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdü. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Qeyd edək ki, 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır.

Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda təşkilatın 16 regiondan 1750-dən artıq üzvü var. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir.

Ceyhun ABASOV

 





18.08.2017    çap et  çap et