525.Az

Azər Mirzəyev: “Müalicə prosesi uğurla davam edir”


 

Azər Mirzəyev: “Müalicə prosesi uğurla davam edir”<b style="color:red"></b>

“Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Fəsil dəyişikliyi səhhətimə mənfi təsir etsə də, müalicə prosesi uğurla davam edir”.

Bu sözləri APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Azər Mirzəyev deyib.
 
Aktyorun sözlərinə görə, ürək və nəfəs yollarında yaranmış problemdən əziyyət çəkir: “İflic keçirdiyimdən bədənimdə güc yox idi. Amma indi irəliləyiş hiss edirəm. Ümumiyyətlə fəsil dəyişikliyi olanda bu xəstəlik bir az narahat edir. Ümid edirəm ki, havan dəyişkənliyi aradan qalxan kimi özümü daha yaxşı hiss edəcəyəm”. 
 
Azər Mirzəyev həkimlərlə məsləhətləşdikdən sonra ürəyində əməliyyat aparılmasından imtina etdiyini deyib: “Mərhələli şəkildə üç ürək əməliyyatı keçirməli idim. Amma sonra Mərkəzi Neftçilər Xəstəxanasının həkimi və İtaliyadan gələn həkim birgə konsilium etdilər və belə qərar verdilər ki, müalicə üsulu ilə də sağalmaq mümkündür. Düzdür, bu üsul bir az çətin və uzun bir prosesdir, amma mən həkimlərlə razılaşdım. İndi də müalicə prosesindəyəm. İrəliləyişləri hiss edirəm və ürəyimin harada olduğu belə yadımdan çıxıb”.
 
Teatr üçün darıxdığını deyən aktyor yerimə problemi aradan qalxan kimi teatra gedəcəyini deyib: “Xəstəlikdən sonra bir dəfə də olsun teatra getməmişəm. Düzü, teatrımızın aktyorları və rəhbərlik tez-tez mənə baş çəkir, darıxmağa qoymurlar. Amma səhnə üçün darıxmışam. İnşallah yerişimdəki problemlər aradan qalxan kimi, ən azından tamaşaçı kimi teatra gedəcəyəm”.
 
Qeyd edək ki, Azər Mirzəyev 2012-ci ilin sentyabrında ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Əvvəl onun ürəyində cərrahiyyə əməliyyatı nəzərdə tutulsa da, sonradan həkimlər əməliyyat keçirməməyə qərar veriblər.

 





22.05.2013    çap et  çap et