525.Az

DSMF pensiya təyinatı ilə bağlı əhaliyə müraciət etdi


 

DSMF pensiya təyinatı ilə bağlı əhaliyə müraciət etdi<b style="color:red"></b> Əhalidən 2006-cı il yanvarın 1-dək əmək stajları barədə məlumatları təqdim etmək xahiş olunur
 
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2006-cı il yanvarın 1-dək əmək stajları barədə məlumatları təqdim etmələri üçün əhaliyə müraciət edib.

DSMF-dən 525.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda əksini tapmış mühüm müddəalardan biri də pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin olunmasıdır.

Ötən müddət ərzində DSMF bu istiqamətdə zəruri işlər görüb, Dövlət Proqramında yer alan islahat tədbirlərini qrafikə uyğun olaraq həyata keçirib. Avtomatlaşdırılmış pensiya təyinatına keçidin mühüm həlqəsi kimi  “Əmək pensiyaları haqqında” qanununa dəyişikliklər edilmiş, sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) verilməsi təmin olunub. Pensiya təyinatının avtomatlaşdırılması üçün görülən tədbirlərin mühüm istiqamətlərindən biri kimi müasir infrastrukturun qurulması işləri də paralel olaraq həyata keçirilib. İndiyə qədər DSMF-nin 75-ə yaxın şöbəsində müasir kompüter infrastrukturu yaradılıb, Fondun bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilib, bütün işçilər müasir kompüterlər sistemləri ilə təchiz ediliblər. DSMF-nin bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin ediliblər və hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır. Görülən işlərin nəticəsində DSMF-nin serverlərində unikal elektron məlumat bazaları yaradılıb.
 
Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən əsas tədbirlərdən digəri isə sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılmasıdır. Artıq bu iş də tam yekunlaşmış və “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma  sistemi elektron xidmət vasitəsilə əhalinin istifadəsinə verilib. Bu xidmət  vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin edilməsində olduqca əhəmiyyətlidir və  avtomatlaşdırılmış pensiya təyinatına keçidin əsas elementidir. İndiyə qədər DSMF tərəfindən 2 milyon 530 mindən artıq sığortaolunana fərdi şəxsi hesab açılıb və həmin vətəndaşların hamısı bu xidmətdən yararlanmaq imkanına malikdirlər. Hər bir əmək müqaviləsi ilə işləyən vətəndaş DSMF-nin saytına daxil olmaqla  (www.dsmf.gov.az) sığortaedən (işəgötürən) tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər. 

Görülən bütün bu tədbirlər, yaradılan maddi-texniki baza yaxın vaxtlarda Azərbaycanda avtomatlaşmış pensiya təyinatına keçidin tətbiq olunmasına imkan verir. Bunun üçün yeganə tamamlanmayan iş vətəndaşlardan 2006-cı ilə qədər əmək stajları barədə məlumatların toplanmasıdır. Pensiyaların avtomatlaşdırılmış təyinatına keçidin tezliklə baş verməsi üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajları barədə məlumatların DSMF orqanlarına təqdim etmələri olduqca zəruridir. Hazırda Fondun orqanları sığortaedənlərdə çalışan sığortaolunanların 1 yanvar 2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatın əldə edilməsi istiqamətində zəruri işlər görməkdədir. Bununla yanaşı, vətəndaşların özlərinin bilavasitə bu prosesdə aktiv iştirakı vacibdir. İşləyən şəxslər əmək kitabçalarını işlədikləri sığortaedənlər (idarə, müəssisə və təşkilat) vasitəsilə onların uçotda olduğu DSMF orqanına (departamentə, şəhər və rayon şöbəsinə), hazırda işləməyən şəxslər isə yaşayış yeri üzrə  Fondun yerli şöbələrinə təqdim etməlidirlər.  2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatlar da “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətində yerləşdiriləcək və əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim edən vətəndaşlar avtomatlaşdırılmış pensiya təyinatından maneəsiz istifadə edə biləcəklər.
 
DSMF bir daha vətəndaşlardan özlərinin 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları Fondun orqanlarına təqdim etmələrini xahiş edir. Bu prosesdə aktiv iştirak etməyiniz sizin rahatlığınızı təmin edəcək və gələcəkdə sizin hər birinizə evinizdən kənara çıxmadan, şəffaf şəkildə və pensiya hüququnuzu tam nəzərə alan əmək pensiyası təyin olunmasına imkan verəcək.
 





22.05.2013    çap et  çap et