525.Az

Azərbaycan dünyada beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınır


 

Azərbaycan dünyada beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınır <b style="color:red"></b>

“Artıq Azərbaycan dünyada beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınmağa başlayıb. Belə ki, son illər ərzində Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib ki, onlardan da biri Skaut forumu və konfransı oldu”.
 
Belə bir açıqlama ilə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov çıxış edib. Ölkəmizdə gənclər siyasətinə böyük diqqət ayrıldığını dilə gətirən deputat söyləyib ki, ötən dövrə nəzər salsaq, Azərbaycanda bu sahə ilə bağlı bir sıra yerli və beynəlxalq tədbirlərin keçirildiyinin şahidi olarıq: “Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Çünki konfransda iştirak etmək üçün ölkəmizə dünyanın 157 ölkəsindən, ümumilikdə 1500-dən artıq skautla yanaşı, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvləri, eləcə də müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar gəldi. Bütün bunlar, ümumilikdə ölkəmizin, iqtisadiyyatımızın, burada həyata keçirilən siyasətin gücünü göstərir”.

Ş.İsmayılov qeyd edib ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin nə dərəcədə tolerant olduğunu bir daha nümayiş etdirir: “Baxmayaraq ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub, Azərbaycan regionda stabillik adası kimi tanınır. Bunu ölkəmizə gələn qonaqlar özləri söyləyir”.

Komitə üzvü vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsinin arxasında böyük araşdırmalar, kriteriyalar dayanır: “Yalnız uzun müddət müzakirələrdən, təhlillərdən, təşkilat komitəsinin dəyərləndirməsindən sonra hər hansı beynəlxalq tədbirin harada keçirilməsi ilə bağlı qərar qəbul edilir”. Onun sözlərinə görə, belə tədbirlər ölkəmizin tanıdılması baxımından da böyük əhəmiyyətə malikdir: “Tədbirə gələnlər Azərbaycanla yaxından tanış olmaqla yanaşı, burada baş verən prosesləri öz gözləri ilə görmüş olurlar. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycanın tanınması ilə bağlı heç bir problem yoxdur. Azərbaycan deyəndə ölkəmizə qarşı müsbət fikirlər söylənilir. Çünki biz ölkəmizin beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirən ölkə kimi tanınmasına nail olmuşuq”.

Siyasi şərhçi Arzu Nağıyev isə vurğulayıb ki, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi  gənclərin Azərbaycandakı reallıqları, aparılan iqtisadi reformaları, siyasi məsələləri, ümumiyyətlə isə Azərbaycanın hərtərəfli inkişafını görməsi mühüm amil kimi qeyd olunmalıdır.

Onun sözlərinə görə, bu gün Azərbaycanın ən prioritet məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Dağlıq Qarabağ münaqişəsinin həqiqətən nədən ibarət olduğunu və işğalçının kim olduğunu birinci mənbədən görməsi özü də mühüm məsələdir. Ümumi götürdükdə gənclərə məhz Azərbaycan reallıqlarının aşılanması önəmli addımdır. Düşünürəm ki, təşkilatçılar da bu istiqamətdə çox mühüm addımlar atıb. Keçirilən görüşlərdən onların Azərbaycanın müxtəlif yerlərində olması, ölkəmizin reallıqlarını görməsi də düşünürəm ki, gələcəkdə Azərbaycan haqqında mühüm məlumatların dünyaya yayılmasında çox önəmli hadisə olacaq”.

Azərbaycan-Türkiyə Evinin içraçı direktoru Toğrul Allahverdi də bu cür tədbirlərin keçirilməsinin vacibliyini önə çəkib: “Azərbaycan 21-24 avqust tarixlərində başqa bir mühüm beynəlxalq tədbirə, Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi edəcək.
 
Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun artması, Azərbaycan xalqının Mədəniyyətinin, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında əhəmiyyətli rol oynayır”.  Onun sözlərinə görə, tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir: “Dörd gün davam edəcək Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən, nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması gözlənilir. Forumda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və sair məsələlər öz əksini tapacaq. Bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadı da diaspora və lobbi siyasəti ilə bağlıdır. Yaxın keçmişdə azərbaycanlıları dünyada qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb. Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz. Qeyd etmək istərdim ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə xaricdə fəaliyyət göstərən Azərbaycan diasporasının birgə fəaliyyəti öz müsbət nəticələrini verir. Tək elə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın, Heydər Əliyev Fondunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir”.

PƏRVANƏ

 





19.08.2017    çap et  çap et