525.Az

Ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənməsinə başlanılıb


 

Ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənməsinə başlanılıb <b style="color:red"></b>

“Azərbaycan prezidentinin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar sayəsində ölkəmiz son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı və uğurlu addımlar atıb”.

Belə bir açıqlama ilə millət vəkili Məlahət İbrahimqızı ölkəmizdə postneft dövründə həyata keçirilən islahatlar barədə danışarkən çıxış edib. 

O bildirib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrinin iqtisadi böhranlar və maliyyə problemləri ilə qarşı-qarşıya qaldığı bir şəraitdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur. “Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda davamlı olaraq həyata keçirilən geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlərin görüldüyünü dilə gətirən deputat söyləyib ki, son olaraq iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası buna bariz nümunədir.

2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğulayan deputat sözügedən proqramların bölgələrdə işsizliyin aradan qaldırılmasına mühüm töhfələr verdiyini deyib: “Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,6 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 190 minə yaxın yeni iş yeri açılıb ki, onun da 148 mini daimidir. Onu da qeyd edim ki, 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla davam etdirilir. Sadalananlarla yanaşı, ölkəmizdə iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələrin uğurla yerinə yetirilməsi də əhalinin məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir”.

İqtisadçı ekspert Vüqar Bayramov isə vurğulayıb ki,  2014-cü ildən sonra subsiyalaşdırma mexanizminin təkminləşdirilməsi, yalnız hektara deyil, həm də istehsal olunan məhsulun həcminə görə subsidiyaların verilməsi,  əlavə subsidiyaların tətbiq edilməsi istehsalı stimullaşdırır. Digər tərəfdən isə ixraca tətbiq edilən subsidiyalar həmin məhsulların ixrac imkanlarını genişləndirir. O xatırladıb ki, yalnız 2016-cı ildə fındıq ixracatından 105 milyon dollar gəlir əldə etmək mümkün olub ki, cari ildə, həmçinin  növbəti illərdə bu rəqəmin daha da artırılmasına nail olunacaq. Digər məqam isə ixracın yalnız neft üzrə deyil, həm də qeyri-neft sektoru üzrə diversifkasiyasına nail olmaqdır.  Ekspert əlavə edib ki, 2017-ci ilin birinci yarım ilinin iqtisadi yekunlarına diqqət etsək və nəzərə alsaq ki, qeyri-neft sektorunda ixracat 27 faiz, kənd təsərrüfatında 40 faiz artıb, bu, ondan xəbər verir ki, mərhələli şəkildə Azərbaycan ixracatının strukturunda diversifikasiya meyilləri müşahidə olunmaqdadır: “Bu da neftdən asılılığın aradan qaldırılması baxımından olduqca vacibdir. Bu gün regionlarda yalnız ənənəvi sahələr deyil, həm də emaledici və sənaye sektorunun inkişafı da diqqət mərkəzindədir. Növbəti illərdə biz xüsusilə qeyri-neft sektorunda regionların payının daha çox olacağını müşahidə edə biləcəyik”.

Ekspert vurğulayıb ki, ərzaq təhlükəsizliyi və ərzaq təminatı da çox önəmlidir: “Nəzərə almaq lazımdır ki, idxaldan, xüsusilə ərzaq məhsullarından asıllığın aradan qaldırılması prioritetdir. 2014-cü ildə postneft dövrü elan edilən zaman həm qeyri-neft sektorunun inkişafı, həm də idxalın məhdudlaşdırılması hədəf kimi irəli sürüldü. İdxaldan asılılığın aradan qaldırılması üçün ərzaq təhlükəsizliyi və ərzaq təminatı həm də ölkədə valyutanın qalması baxımından əsas amillərdən hesab olunur. İdxaldan asılılığın aradan qaldırılması yerli istehsalın genişləndirilməsi hesabına mümkündür. Bu da ərzaq təhlükəsizliyinin formalaşmasına müsbət təsir göstərir. 2016-cı ilin yekunu, eləcə də cari ilin göstəriciləri bir sıra məhsullar üzrə ümumi tələbə yaxın istehsal formalaşmaqda olduğunu göstərdi. Son illərdə idxalın payındakı azalma ondan xəbər verir ki, ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi prosesi başlayıb”.

PƏRVANƏ

 

 





19.08.2017    çap et  çap et