525.Az

Azərbaycanın uğurla ev sahibliyi etdiyi 41-ci Dünya Skaut Konfransı başa çatdı


 

“BAKIDA KEÇİRİLƏN KONFRANS SKAUTİNQİN GƏLƏCƏKDƏ NECƏ İNKİŞAF EDƏCƏYİNİ MÜZAKİRƏ ETMƏK ÜÇÜN UNİKAL PLATFORMAYDI”

Azərbaycanın uğurla ev sahibliyi etdiyi 41-ci Dünya Skaut Konfransı başa çatdı<b style="color:red"></b>

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb. Avqustun 18-də, tədbirin sonuncu  günündə Dünya Skaut Komitəsinin sədri və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib.

AZƏRTAC-ın məlumatına görə, ötən gün Dünya Skaut Komitəsinin yeni seçilmiş 12 üzvünün gizli səsverməsi nəticəsində təşkilatın yeni sədri Böyük Britaniya nümayəndəsi Qreq Turpi seçilib. Sədrin müavinləri vəzifəsinə isə ABŞ nümayəndəsi Edvard Endryu Çapman və Qana nümayəndəsi Cemima Narti seçiliblər.

Tədbirdə dünyada skaut hərəkatında öz töhfəsini vermiş 11 nəfərə “Bürünc canavar mükafatı” (“Bronze Wolf Award”) təqdim olunub.

Daha sonra 8 skaut təşkilatının və assosiasiyasının rəhbərlərinə 2014-2017-ci illərdə milli skaut hərəkatının 100 illik yubileyini qeyd etmiş ölkələrin nümayəndələrinə diplomlar verilib.

Qeyd edək ki, “Bürünc canavar mükafatı” britaniyalı lord Baden Pauell tərəfindən təsis olunub. Mükafatın məhz bürünc canavar olması rəmzi xarakter daşıyır. Lord Baden Pauellin fikrincə, əgər canavar qızıl olsa, insanlar maddi tərəfi düşünəcək, burada isə əsas gördüyün işlərin mənəvi tərəfidir.

Britaniyalı skaut Qreq Turpi qeyd edib ki, Bakıda keçirilən Dünya Skaut Konfransı skautinq tarixində ən genişmiqyaslı tədbirdir: “Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram. Çox həyəcanlıyam. Gələcək üç il ərzində təşkilatın və skautların məsuliyyətini daşıyacağam, bunu fərəh hissi ilə deyirəm”.

Q.Turpi Bakı konfransının işindən çox razı qaldığını, burada səmərəli müzakirələr aparıldığını, vacib qərarlar qəbul edildiyini söyləyib: “Bu, çox maraqlı səyahət oldu. Dünyanın müxtəlif ölkələrindən gəlmiş skautlar yeni dostlar qazandılar, qiymətli təcrübə əldə etdilər. Burada çox önəmli qərarlar qəbul olundu. İnanıram ki, bu konfrans Dünya Skaut Hərəkatının inkişafına böyük töhfə verəcək. Azərbaycan Skaut Assosiasiyasının işini isə xüsusi vurğulamaq istəyirəm”.

Dünya Skaut Komitəsinin yeni sədri deyib ki, axşam saatlarında Bakı bulvarında bir neçə dəfə yürüş edib, paytaxtın gecə görüntüsü onda xüsusi olaraq təəssürat yaradıb: “Bakı çox səliqəli, abad və gözəl şəhərdir. Buranı çox bəyəndim. Azərbaycanda skautinqin inkişaf edib sıralarını daha da genişləndirəcəyinə inanıram”.

Komitəyə yeni sədr müavini seçilən amerikalı skaut Edvard Endryu Çapman isə bildirib ki, azərbaycanlı skautla ilk dəfə 2013-cü ildə Gürcüstanda keçirilən konfransda tanış olub: “Növbəti dəfə skautların Bakıda toplaşacağını ondan öyrəndim və çox sevindim. Biz bu konfransa geniş heyətlə qatılmışıq. Bakıda ilk dəfə olmağıma baxmayaraq, burada özümü çox rahat hiss edirəm. Azərbaycanın çox zəngin mədəniyyəti var. Odlar Yurduna yenidən qayıdacağımı arzulayıram”.

E.E.Çapman qeyd edib ki, Bakıda keçirilən konfrans skautinqin gələcəkdə necə inkişaf edəcəyini müzakirə etmək üçün unikal platformadır: “Bir neçə gün ərzində biz səmərəli müzakirələr apardıq, yeni üzv ölkələr seçildi”.

Amerikalı lider-skaut Dünya Skaut Konfransını belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Şri-lankalı  Raxşan Pereyra da Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının belə yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edir: “Buradakı insanlar çox qonaqpərvər olmaqla yanaşı, həm də mehribandırlar. Azərbaycanın mədəniyyətini, mətbəxini çox bəyəndim. Mətbəxiniz də musiqiniz kimi zəngindir. Yaradılan bütün şəraitdən razı qaldıq. Azərbaycan hökuməti bu tədbirin təşkil olunmasına böyük dəstək göstərib. Başqa ölkələrdə keçirilən konfranslarla müqayisədə Bakıdakı konfrans daha yüksək səviyyədə təşkil olunub. Özümüzü çox rahat hiss edirik. Şəhərin quruluşu, möhtəşəm binalar, paytaxtınızın gözəlliyi və qonaqpərvər insanlar məni yenidən Azərbaycana qayıtmağa həvəsləndirir. Bir sözlə, Azərbaycandan xoş təəssüratlarla qayıdacağam”.

Koreyalı skaut Eun Ha Li  isə Azərbaycanda keçirilən 41-ci Dünya Skaut Konfransının Koreya Respublikası üçün uğurlu olduğunu bildirib. Onun sözlərinə görə, məhz Bakı konfransında 25-ci Dünya Skaut Camborisinin ev sahibliyi hüququnu Koreya Respublikası əldə edib: “Bakıdakı xoş xatirələrim heç vaxt yadımdan çıxmayacaq”. Azərbaycanın zəngin adət-ənənələrə və mədəniyyətə sahib olduğunu bildirən E.H.Li diqqətə çatdırıb ki, Bakı konfransında dünya skautları qeyri-adi və kreativ ideyalarını paylaşıblar: “İştirak etdiyim gərgin müzakirələrin nəticəsi olaraq gələcəkdə bu sahədə daha həvəslə çalışacağam. Bu konfrans mənim həyatımda yeni səhifə açdı. Çünki burada skautinq barədə biliklərimi kifayət qədər genişləndirdim”.

Ölkəmizə heyran qalmasından məmnunluqla danışan qonaq deyib ki, Azərbaycan xalçalarının gözəlliyi onu valeh edib: “Rəngarəng naxışlar insan beynində silinməz izlər buraxır. Bakıda olarkən Azərbaycan xalçaları haqqında ətraflı məlumat toplamışam. Azərbaycanın milli mətbəxinin nümunələri isə çox ləzzətlidir”.

Bakı konfransı ilə bağlı ölkəmizdə səfərdə olan Banqladeşin Fövqəladə Hallar və Xilasetmə Nazirliyinin katibi Şah Kamal Azərbaycanda skautinqin inkişafı üçün hər cür şəraitin olduğunu bildirib. O qeyd edib ki, bu sahənin Azərbaycanda inkişafı ölkənin turizm imkanlarının genişlənməsinə, turistlərin sayının artmasına xidmət edir.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən banqladeşli qonaq bildirib ki, Azərbaycanın çox gözəl təbiəti var: “Qəbələ və Bakı ilə tanış olmaq imkanım olub. Paytaxtınızın möhtəşəm görüntüsü məni heyran etdi. Xəzər dənizi isə Bakının gözəlliyinə əlavə rəng qatır. Ümid edirəm ki, növbəti illərdə yenidən Azərbaycana gəlib istirahət etmək imkanım olacaq”.

“Banqladeşdə skautinqin inkişafı üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Azərbaycanda da dövlət qayğısını hiss etdim. Ölkə skautları üçün hər cür şərait yaradılıb. Dünya Skaut Konfransının Bakıda möhtəşəm təşkili bu qayğının bariz nümunəsidir”, - deyə Şah Kamal əlavə edib.

Hindistanlı iştirakçı Singh Guman isə qeyd edib ki Azərbaycan kimi gözəl bir ölkəyə səyahət etməkdən çox məmnundur: “İnsanlarınız çox qonaqpərvər və mehribandırlar. Burada gördüklərimiz biz skautlarda unudulmaz hisslər yaradıb. Hamımız ölkələrimizə gözəl təəssüratlarla qayıdacağıq”.

Qonaq bildirib ki, Bakı konfransı hətta onların gözlədiklərindən də yüksək səviyyədə təşkil olunub: “Burada skautinqin gələcək inkişafı ilə bağlı çox səmərəli müzakirələr aparılır. Son illərdə skaut hərəkatının artan önəmini nəzərə alsaq bu müzakirələrin çox əhəmiyyətli olduğunu deyə bilərik”.

“Bakıda bir çox insanlarla əlaqələr qurduq, Azərbaycanla yanaşı, digər ölkələrdən yeni dostlar qazandıq. Burada apardığımız fikir və təcrübə mübadilələri gələcəkdə fəaliyyətimizi daha yaxşı təşkil etməyə imkan yaradacaq”, - deyə Singh Guman qeyd edib.

41-ci Dünya Skaut Konfransının isveçrəli iştirakçısı Martin Jurq Diezelm  isə bildirib ki, Bakıda dünyanın hər yerindən gələn skautlar toplaşıb: “Bu, ən geniş əhatəli forum və ən böyük məkandır. Forumun təşkili çox xoş təsir bağışlayır, hər şey ən yüksək səviyyədə, gözəl təşkil olunub. Biz forumun sessiyaları çərçivəsində kreativ ideya mübadiləsi aparır, qarşıdakı üç ildə görüləcək işləri müzakirə edirik. Forum dünyanın bütün guşələrindən yeni dostlar tapmağa imkan verir”.

Skaut qeyd edib ki, Azərbaycanda təşkil edilmiş bu genişmiqyaslı forumda iştirak etmək onu çox sevindirir: “Burada olmağıma çox şadam. Azərbaycan zəngin mədəni ənənələrə malik olan çox gözəl ölkədir. Bakıya gələnə qədər Azərbaycan haqqında, xüsusən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi haqqında çox eşitmişdim. Həmvətənlərim bu müsabiqə ilə bağlı təşkilati işi çox təriflədilər, heyran olduqlarını bildirdilər. Mən Azərbaycana gəlməyi çoxdan istəyirdim”.

İsveçrəli skaut Azərbaycan hökumətinə və Dünya Skaut Konfransının təşkilatçılarına təşəkkürünü bildirərək deyib ki, skautlar bu tədbir çərçivəsində Azərbaycanın əlamətdar mədəni və tarixi yerlərində olurlar.

M.J.Diezelm sonda deyib ki, konfransdan əvvəl Qəbələdə olub: “Ora da çox xoşuma gəldi. Sonra biz Bakıya gəldik. Burada gördüklərim mənim gözlədiklərimdən yüzqat güclü təsir bağışladı. Sözün yaxşı mənasında təəccübləndim və həyəcanlandim. Hər şey əladır”.

Kamerun Skaut Assosiasiyasının İdarə Heyətinin üzvü Nathaniel Likabi hesab edir ki, Bakıda təşkil olunan Dünya Skaut Konfransı skautinqin inkişafına təkan verəcək: “Burada müzakirə olunan mövzular və skautların yeni ideyalarla çıxış etmələri skautinqin yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir”.

Bakı konfransında mühüm qərarların qəbul olunduğunu bildirən kamerunlu skaut ölkəsində bu sahənin inkişafı üçün əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb.

“Bakı gözəlliyi ilə məni heyran etdi. Modern üslubda tikilən binalar isə göz oxşayır. Tədbirin təşkil olunduğu Bakı Konqres Mərkəzini və Heydər Əliyev Mərkəzini xüsusi vurğulamaq istərdim. Paytaxtınızın gecə görüntüsü möhtəşəmdir. Xəzər dənizi isə Bakının gözəlliyini daha da artırır”, - deyə Nathaniel Likabi əlavə edib.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralında Dünya Skaut Hərəkatı Təşkilatının əsas tədbirləri olan və üç ildən bir keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdü. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Qeyd edək ki, 1907-ci ildə lord Baden-Pauell tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır.

Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda təşkilatın 16 regiondan 1750-dən artıq üzvü var. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir.

Ceyhun ABASOV

 





19.08.2017    çap et  çap et