525.Az

Türkiyə Avropanın casus şəbəkəsini ifşa edir


 

Ankara Qərbin islam dünyasını parçalamaq planlarının qarşısını da alır

Türkiyə Avropanın casus şəbəkəsini ifşa edir<b style="color:red"></b>

Türkiyənin qlobal coğrafiyada və regionda artan nüfuzu Qərbi rahat dayanmağa qoymur, təxribatçı qüvvələrdən istifadə etməklə Ankaranın güclənməsinə mane olmağa çalışırlar.

PKK və YPG-yə sığınacaq verən Avropa ölkələri FETO-ya arxa duraraq bütün antimilli qüvvələri Türkiyəyə yönəltməyə cəhd göstərir. Son bir ayda Ankara və İstanbulda 10-dan artıq casusun saxlanılması, bir neçəsinin həbs olunması, xüsusi təlimat əsasında Türkiyəyə yerləşdirilmiş Peter Steudtnerin ətrafında hələ də davam edən qalmaqal Avropanın casus xidmətində fəallaşdığını təsdiqləyir. Türk istihbaratının hazırda xarici kəşfiyyata işləyən qüvvələrin aşkarlanması istiqamətində araşdırmaları davam etdirməsi Avropanın Türkiyədə sabitliyi pozmağa çalışmasından xəbər verir.

PKK-nın əsas maliyyə və siyasi mərkəzlərindən sayılan və Türkiyə ilə son bir ildə siyasi əlaqələri ən gərgin həddə çatan Almaniya hökumətinin casusluğu daha qabarıq şəkildə diqqəti cəlb edir. Almaniyada hazırlanmış agentlərin Türkiyənin müxtəlif şəhərlərində açıq-aşkar ölkə əleyhinə kampaniyalar aparmasına dair xəbərləri elə Avropanın özünün mediasında da görmək olar. Almaniyanın və Belçikanın media orqanları öz ölkələrinin kəşfiyyat materiallarına istinad edərək ən böyük casus şəbəkəsinin Türkiyədə yerləşdirilməsini etiraf edən yazılar dərc edir. Alman casusların əslində bir neçə il əvvəldən Türkiyədə iğtişaşlar törətməyə çalışan, ölkənin milli birliyini sarsıtmaq üçün fürsət gözləyən FETO və onun əlaltılarına xidmət etməsi sirr deyil. Türkiyədə “Gəzi parkı” hadisələri zamanı insanlara siyasi vərəqələr paylayan, gəncləri dağıdıcılığa təhrik edən xarici ölkə vətəndaşlarının içərisində alman vətəndaşlarının olduğunu hüquq-mühafizə və təhlükəsizlik orqanları sübuta yetiriblər. 2014-cü ilin dekabr ayından indiyədək Türkiyədə Almaniyanın Kəşfiyyat Qurumu olan BND-nin 50-yə yaxın üzvü casusluğa görə, saxlanılıb. Onların bir qismi ötən illərdə FETO-nun köməyi ilə ölkədən çıxmağa nail olub.

Güclü və inkişaf edən Türkiyə Respublikası isə bütün təxribatların qarşısını qətiyyətlə alır. Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi kimi, “bunlar Gəzi hadisələrinə əl atdılar, FETO-ya ümid bağladılar, olmadı. PKK, YPG, SDG-yə ümid bəslədilər, oradan da bir şey çıxmayır. Artıq nə edirlər, etsinlər, çuvala sığmır. Bunlar bütün açıqlığı ilə ortadadır”. Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətini, kansler Angela Merkeli sərt cavabla xəbərdar edərək göndərdiyi casuslarla heç nəyə nail olmayacağını bildirib. “Agentləriniz bizim ölkədə əl-ayaq açacaq, hotellərimizdə bizə hücum çəkəcək, biz sakit qalacağıq. Artıq elə bir Türkiyə yoxdur. Casuslarınızın təpəsinə minməyə davam edəcəyik” deyən Türkiyə Prezidenti digər ölkələrin çirkin oyunlarının da qarşısının ən sərt şəkildə alınacağını bəyan edib: “Bir müddətdir ki, Amerika, Almaniya, Hollandiya başda olmaqla, bəzi ölkələrin Türkiyəyə qarşı anlaşılmaz münasibətini görürük. Onlar istəyirlər ki, ölkəmizdə öz maraqlarını bizə qəbul etdirsinlər, biz də fədakarlıq edək, razı olaq.

İstəyirlər ki, onlar bizim vətəndaşlarımızla istədikləri kimi davransınlar, Türkiyənin Prezidentini, nazirləri öz ölkələrində çıxışlarına imkan verməsinlər, amma agentləri gəlib mənim ölkəmi hissələrə ayırsınlar. Yox, belə bir şey. Ya bizimlə bərabər şərtlərdə müttəfiqlik edəcəksiniz, ya da tutduğunuz hər bir hörmətsizliyin cavabını alacaqsınız". Maraqlıdır ki, Türkiyəyə qarşı bir mərkəzdən idarə olunan bu oyunların ssenaristləri “casus və terror layihəsi” uğursuz alınanda Türkiyəni ən həssas nöqtədən vurmağa çalışırlar. İslam dünyasının liderinə çevrilən, bütün müsəlmanların ümid yeri hesab olunan Türkiyəni Yaxın Şərqdəki müsəlmanlara divan tutmaqla mənəvi cəhətdən məyus etməyə çalışırlar. Son günlər İsrailin Fələstinə qarşı haqsız hücumları və Məscid-i Axsada təxribatların törədilməsi də eyni ssenarinin tərkib hissəsidir. Türkiyə bu məsələdə də fəal və əzmkarlıqla qarşıdurmaların dayandırılmasına nail olmaqdadır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Qüdsdə Məscid-i Axsa fonunda yaşanan gərginliklə bağlı sərt təpki göstərərək zorakılığın qəbuledilməz olduğunu diqqətə çatdırıb. "Məscid-i Axsa bütün müsəlmanların göz bəbəyidir. Bir daha İsraili hüquqa insanı dəyərlərə uyğun davranmağa dəvət edirəm" deyən Ərdoğan dini dəyərlərin ayaqlar altına alınmasına, səssiz qalmayacaqlarını, Türkiyənin cavabının ağır olacağını xəbərdar edib: “İsrail bu hüquqa zidd hərəkəti ilə təkcə özünə deyil, bütün regiona ziyan vurur. Məscid-i Axsa bütün müsəlmanların göz bəbəyidir. İsraili hüquqa, normal vərdişlərə və humanitar dəyərlərə uyğun davranmağa dəvət edirəm. Kim olursa olsun, zorakılığı qəbul etmirik”. Rəcəb Tayyib Ərdoğanın İsrailin baş nazirinə zorakılığı dayandırmağı xəbərdar etməsi və “qırmızı cizgi”ni keçməməyə məcbur etməsi 2009-cu ildə Davosdakı sərt təpkinin başqa bir nümunəsidir.

Qüdsün işğaldan azad edilməsi üçün dönməz siyasi iradə nümayiş etdirməsi Türkiyə haqqında ədalətin müdafiəçisi və həmrəyliyin təşəbbüskarı obrazını yaradır. Türkiyənn dövlət başçısı bu əməlləri ilə islam dünyasının hamisi olduğunu, Fələstinə arxa-dayaq olduğunu təsdiq edir. Bunun nəticəsidir ki, Yaxın və Orta Şərqin, ərəb dünyasının üzü Türkiyəyə çevrilib. Hazırda Yaxın Şərqdə hər 4 nəfərdən 3-ü Türkiyəyə rəğbət bəsləyir. 2003-ci ildə İraq müharibəsinə Türkiyənin daxil olmaması, Davos hadisəsi, Qəzza ilə bağlı problemin həllində Türkiyənin sərt mövqe sərgiləməsi Türkiyəni etibarlı dövlət kimi gücləndirib. Ərəp dünyasının 79 faizi, o cümlədən, Fələstinin 90 faizi Türkiyəyə güvənir. Rəsmi Ankaranın bölgədə baş verənlərə həssas yanaşması, islam ölkələrinin problemlərinə öz problemi kimi baxması, həmin ölkələrin mili məsələsini özünün milli maraqlarının tərkib hissəsi kimi dəyərləndirməsi Türkiyənin mənəvi-fiziki baxımdan regionda üstünlüyünə dəlalət edir. Bu gün güclü Türkiyə Yaxın və Orta Şərq ilə bağlı mühüm siyasi və diplomatik proseslərdən kənar qalmaq niyyətində deyil, 2016-cı ildən regionda fəal nizamlayıcı rolunu daha da artırmaqdadır. Rəsmi Ankara xüsusilə də İraq və Suriya münaqişəsinin həlində digər güc mərkəzlərinin rəyini nəzərə almadan irimiqyaslı antiterror əməliyyatlarına həyata keçirir. Türkiyə bütün tərəflərlə danışıqlara cəlb olunaraq mühüm vasitəçi kimi problemlərin həllinə çalışır, müəyyən situasiyalarda özü aktiv güc olaraq vəziyyətə müdaxilə edir. Bu, Ankaranın müsbət mənada "oyun qurmaq" və "oyunu dağıtmaq” kimi xarakterik geosiaysi obrazını təcəssüm etdirir.

 





21.08.2017    çap et  çap et