525.Az

Şeirimizin səməndər quşu, yaxud sözün ucalığındakı Məmməd Aslan ünvanı


 

Şeirimizin səməndər quşu, <b style="color:red">yaxud sözün ucalığındakı Məmməd Aslan ünvanı</b>

(Əvvəli ötən sayımızda)

Məmməd Aslan poeziyasında söz olduqca dinamikdir və daim canlı bir bədii obraz kimi çıxış edir.

Şair özü də hər zaman sözə canlı bir varlıq kimi yanaşmış, onunla mükaliməyə girişmiş, dərd-sərini onunla bölüşmüş, ən mübhəm ürək sirrini də sözə pıçıldayıb ondan nicat ummuşdur. Ona görə də yerindən və məqamından asılı olmayaraq onun şeirlərində söz dipdiridir, daim ayaqdadır və söz əhlinin ən yaxın sirdaşıdır:

... Sözün də canı var, söz də canlıdır,
Söz nadan yanında həyəcanlıdır.

Şairin ədəbiyyat yönündəki ən böyük xidmətlərindən biri də dilimizin qorunması yolunda həyatı boyu apardığı barışmaz mübarizəylə bağlıdır. Ədib mədəniyyətin bir sıra sahələrində olduğu kimi, bədii ədəbiyyatda da əllaməçiliyin, "yeni forma və məzmun" ixtiraçılarının, ucuz "şou-mou" düşkünlərinin at oynatmasına dözməmiş, "yeni düşüncə tərzi" adıyla naşı qələm sahibləri tərəfindən poeziyamızın, ana dilimizin, ümumən ədəbiyyatımızın başına açılan oyunlara sərt reaksiya vermiş, bir vətəndaş yanğısı ilə bu ağrıları ədəbi ictimaiyyətə, bütövlükdə xalqa çatdırmağa çalışmış, dilimizin və mədəniyyətimizin sabahkı narahat taleyi ilə bağlı "sos" siqnalı vermişdir:

Qılıncdan kəskin olan
Qələm nə kökə düşdü.
Sözün sirli meyvəsi
Kəlam nə kökə düşdü...
 
...Hər şey boş, SÖZ - bir aləm;
Söz xətrinə diriləm.
Sözdən qalxıb görüləm,
Biləm: Nə kökə düşdü.

Məmməd Aslan poeziyasının əsas özəyini onun heca vəznində yazıdığı şeirlər: bayatılar, gəraylılar, qoşmalar təşkil edir. Bu da təbii bir amillə - onun böyüyüb ilkin dünyagörüşünün, bədii zövqünün formalaşdığı Kəlbəcər və Göyçə ədəbi mühitinin təsiri ilə bağlıdır. Şairin erkən yaradıcılığında Aşıq Alının, Aşıq Ələsgərin, Ağdabanlı Qurbanın, Aşıq Şəmşirin, Növrəs İmanın, Bimar Əlinin, şair Firudinin, Zal Cabbarlının, Səməd Vurğunun və digər böyük söz adamlarının təsiri aydın hiss olunur. Bu təsir özünü daha çox onun təbiət, məhəbbət və vətən mövzusunda yazdığı şeirlərində büruzə verir.

O çağlayan gur bulaqlar
Çağlar mənim ürəyimdə.
Neçə şirin xatirəni
Saxlar mənim ürəyimdə.

... Loğmanımsan gözəl məkan,
Sənsən verən Məmmədə can.
Səndən əziz, Azərbaycan,
Nə var mənim ürəyimdə?!

Məmməd Aslanın bədii dünyaduyumunun formalaşmasında bayatıların, xüsusilə Sarı Aşıq və Lələnin cinaslı bayatılarının da güclü təsiri olmuşdur. Bu təsir şairin bütün yaradıcılığı boyu özünü göstərmişdir:

Obam-elim bayatı!
Pərgar dilim bayatı!
Mənim dörd həndəvərim,
İçim-çölüm bayatı!

Bayatı, xas bayatı!
Qəlbə qəvvas bayatı!
Gör neçə rəngə çalır -
Bircə cinas bayatı!

Ədəbiyayyatşünaslar Məmməd Aslanı təbiət şairi də adlandırırdılar. Çünki dünyanı dərk edən gündən o, təbiətlə sıx təmasda idi. Gününü ana təbiətin min bir sirrinə vaqif olub bu gözəlliyi poeziyaya daşımaq uğrunda yorulmaz axtarışda keçirirdi. Bəzən çoxunun yanından laqeyd keçdiyimiz bir qaya qoltuğuna sığınmış boynu bükük bənövşə, kimsənin diqqətini çəkməyən qar altından boylanan yaz gülü, sal qayaların sinəsini deşərək öz zümzüməsi ilə qulaqlara min bir həzinlik, ürəklərə sərinlik gətirən dağ bulaqları şairi duyğulandırar, ilhamını yerindən oynadar, az sonra həmin mənzərə şair qələminin qüdrəti ilə şaqraq bir şeirə, lirik bir nəğməyə çevrilərdi:

Yasəmənlər, süsənlər,
Əsim-əsim əsənlər...
Ay xəzinə gəzənlər,
Xəzinə yan-yörəmdi.

Bir acı tarixi faktı xatırladaq ki, erməni şair və yazıçıları sovet hakimiyyətinin ən sərt idarəçiliyi dövründə də türk - müsəlman xalqlarına qarşı iyrənc böhtanlarını sərbəst şəkildə ədəbiyyata gətirir, tarixi saxtalaşdırır, öz xalqlarının beynini zəhərləyərək gələcək münaqişələrə zəmin hazırlayırdılar. Bunun müqabilində isə Azərbaycan yazıçılarına düşmən böhtanına cavab vermək, onları vaxtında susdurmaq haqqı mərkəz və milli düşüncədən uzaq olan yerli idarəçilərimiz tərəfindən tanınmırdı. Lakin vətənpərvər yazarlarımız bütün basqılara baxmayaraq, böyük ustalıqla tarixi həqiqətlərə güzgü tutur, müxtəlif ədəbi "priyomlardan" istifadə edərək düşmənin ünvanını birbaşa göstərərək xalqın qan yaddaşını oyatmağa çalışırdılar. O illərdə - Sovet hökumətinin kəsəkəs vaxtında hələ gənc olmasına baxmayaraq, Məmməd Aslan qələmə aldığı "Sümüklü Dərə" şeirində mənfur düşmənlərimizin qədim Göyçə mahalında törətdiyi vəhşi qətliamı nifrətlə lənətləyir, xalqı öz keçmişinə sahib çıxmağa çağırırdi:

Mən dərə görmüşəm: moruq qoxulu,
Mən dərə görmüşəm: nərgiz yuxulu...
Bu dərə nə qədər müdhiş, qorxulu -
Sümüklü dərə.

... Bura şəhidlərin gorsuz gorgahı,
Bura qatillərin məhşər Günahı!
Uçqun dodağında saxlar min ahı -
Sümüklü dərə.

Məmməd Aslan milli məsələdə, vətən təəssübü lazım gələn yerdə ölümün gözünə dik baxmağı, xalqın sözünü açıq şəkildə deməyi bacarırdı. 1990-cı ilin 20 yanvarında imperiya qoşunları vətənimizin paytaxtında qanlı qırğın törədəndə, mətbuata və azad sözə basqılar artanda şairin bu vəhşi qətliamı lənətləyən, cəlladların ünvanını aydın göstərən "Ağla, qərənfil, ağla" şeiri işğalçıların sifətinə vurulmuş tərs şapalaq kimi xalqın böyük faciəsini bütün dünyaya yayırdı:

Qırırlar - bizik deyə!
Haqqına düzük deyə!
Astarsız üzük deyə,
Ağla, qərənfil, ağla!

...Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi...
Ağlamalı gün gəldi:
Ağla, qərənfil, ağla!

Elə o ağır illərdə, imperiyanın bütün silahlarıyla - tankıyla-topuyla üstümüzə yeridiyi, Bakıda qanlı qırğın törədib, küçələrdə silahlı əsgərlərdən, tanklardan "divar çəkdiyi", ermənilərin Qarabağda vəhşətlər törətdiyi günlərdə millətin zülm önündə sınmayaraq, azadlıq uğrunda mübarizəyə qalxıb öz haqqına qovuşmaq üçün ölüm-dirim savaşı apardığı günlərdə, şair nicat yolunun yalnız azadlıqdan keçdiyini bəyan edirdi:

Bir sirli qönçədi; açsa, gül olar!
Bir dəndi: becərsək, bir sünbül olar!
Qaydına qalmasaq, yanıb kül olar -
Çırpınır bir çimdik qorda Azadlıq.

... Sonuyla ölçülür insan əməli:
Qılı qırxa bölüb, haqqı deməli!
"Haqdı, Ədalətdi mülkün təməli!"
Harda Ədalət var - orda azadlıq!

Məmməd Aslan milli olduğu qədər də bəşəri şairdir. Onun poeziyası məhdud millətçilikdən uzaqdır.

Yaradıcılığının əsas qayəsini də elə insanların bir Adəmin övladı olmaları, dünyanın yalnız barış və sülh içində xilas tapacağı kimi bəşəri ideyalar təşkil edir. Şair haqlı olaraq həyəcan təbili çalır ki, bu gün dünyanın başı üzərində nüvə silahlarının Domokl qılıncı kimi asıldığı qorxunc bir zaman kəsiyində bəşəriyyətin daha çox müdrik sözə, qarşılıqlı etimada, mənəvi birliyə böyük ehtiyacı var. Müəllifin "Dünyanı uşaqlara verdik ki..." şeiri də bu mənəvi ehtiyacdan doğur, insanları dünyamızın sabahı üçün birgə narahat olmağa səsləyir:

Uşaqlara vermişik dünyanı bir illiyə,
Sarsılmış əsəbləri dincəlsin kainatın.
Bu körpələr öyrətsin böyükləri birliyə
O südəmər çağları geri dönsün həyatın.
... Vədəsiz soluxmasın çəmən,
çiçək, göy otlar,
Qayıtsın nizamına qoy, iqlim qurşaqları.
Barıt-qurşun yükünü
yerə qoysun buludlar,
Əyilsin, qanadına mindirsin uşaqları.
  

Qeyd etdiyimiz kimi, Məmməd Aslanın bədii yaradıcılığı yalnız poeziya ilə məhdudlaşmamışdır. O, uzun illər ədəbi prosesdə özünəməxsus üslubu ilə seçilən yazıçı-publisist, ictimai həyatın müxtəlif hadisələrini, günün və həyatın ağrılı problemlərini qələmə alan yorulmaz jurnalist kimi də tanınmışdır. Müxtəlif mövzularda qələmə aldığı yazıları ilə bədii nəsrin də böyük ustası olduğunu təsdiq etmişdir. Ədibin 1979-cu ildə "Gənclik" nəşriyyatında çap olunmuş "Bizdən sonra nə qalır?.." adlı kitabına müxtəlif mətbuat orqanlarında dərc olunmuş publisist əsərlərindən seçmələr daxil edilmişdir. Bu yazılar coğrafiyası etibarı ilə Azərbaycanın əksər bölgələrini əhatə edərək vətənə, vətəndaşa, həyata, ictimai-siyasi hadisələrə lirik-psixoloji münasibət sərgiləmişdir.

Kitabda toplanmış "İnsan", "Qanla möhürlənmiş vəsiqə", "Çırağını yanan görüm", "Şah tut", "Küçəyə işıq düşür", "Dünya gülməsəydi, yaşamazdı", "Barmaqların nağılı", “Dəlidağda qalanım var", "Leyləyin xətrinə", "Fəsillər qovuşan yerdə", "O Kürün, Arazın Tərtəriyəm mən", "Yeddi qardaş"ın ömrü", "Bizdən sonra nə qalır?", "Perik düşər bənövşələr", "Heykəllər qocalmır" başlıqları ilə dərc olunmuş oçerklər və publisist yazılar janrından, formasından asılı olmayaraq, qiymətli jurnalistika nümunələridir. Çünki bu yazıların qəhrəmanları real həyatdan götürülmüş canlı insanlar - bizim müasirlərimiz, vətən, onun təkrarsız təbiəti, zəngin flora və faunasıdır.

(Ardı var)

İlham MƏMMƏDLİ
Filologiya üzrə fəlsəfə doktoru

 





22.08.2017    çap et  çap et