525.Az

"Kürdlərin Azərbaycana ərazi iddialarına dair fikir söyləməmişəm"


 

AKADEMİK GÖVHƏR BAXŞƏLİYEVA ETİRAZ BƏYANATI YAYIB

"Kürdlərin Azərbaycana ərazi iddialarına dair fikir söyləməmişəm"<b style="color:red"></b>

Milli Məclisin deputatı, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva avqustun 20-də mətbuata verdiyi açıqlamada bəzi fikirlərinin təhrif olunması ilə bağlı bəyanat yayıb.

G.Baxşəliyeva uzun illərdir Azərbaycan elminin və Azərbaycan dövlətçiliyinin xidmətində olan bir şəxs kimi media vasitələrində ümumiyyətlə söyləmədiyi ifadənin sensasiya xatirinə bəzi saytlar tərəfindən səhifələrinə və xəbər başlığına çıxarılmasına qəti etiraz edir: "Mənə İraq Kürdüstanında referenduma dair suallar verib və mən imkanım daxilində onları cavablandırmışam. Həmin saytda yayımlanan xəbərdə isə mənim adımdan guya kürdlərin heç zaman Azərbaycan torpaqlarına iddialarının olmalarını gizlətmədiklərini söyləməyim qeyd edilib və bu fikir yazının başlığına çıxarılıb".

Deputat bildirib ki, kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməyib: "Bu, sadəcə sensasiya axtaran sayt nümayəndəsinin öz təxəyyülünün məhsuludur. Belə sensasiyalı fikri dərhal köçürüb tirajlayan digər sayt nümayəndələri isə həmin fikrin həqiqətən deyilib-deyilmədiyini zəng edib məndən öyrənə bilərdilər. Bütün bunlar yalnız təəssüf doğurur".

Azərbaycanla bağlı qeyd edilən həmin fikrin dövlətçiliyimizə zidd olduğunu deyən akademik bəyan edir ki, Azərbaycanda kürdlərlə bağlı heç bir problem və ya ərazi iddiası məsələsi mövcud deyil və olmayıb: "Bu fikri ancaq Azərbaycan dövlətçiliyinə və Azərbaycanda millətlər arasındakı səmimi münasibətlərə zərər vurmaq istəyən insanlar ortaya ata bilərlər".

Ceyhun ABASOV

 

 





22.08.2017    çap et  çap et