525.Az

“İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib”


 

“İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib”<b style="color:red"></b>

EMİN HƏSƏNLİ: “BU BAXIMDAN BİZ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI KOALİSİYASI NÖVBƏTİ PREZİDENT SEÇKİLƏRİNDƏ İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYƏCƏYİK”

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatları Koalisiyası tərəfindən “Hərbi-vətənpərvərlik və müharibədən zərər çəkmiş vətəndaşlarla iş sahəsində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları Koalisiyasının Bəyanatı” ilə bağlı tədbir keçirilib. Tədbirdə 24 QHT, Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, keçmiş hərbçilər, Çernobıl əlilləri və digər şəxslər iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atdığını deyən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli beynəlxalq aləmdə ölkənin nüfuzunun xeyli artdığını qeyd edib. O, İ.Əliyevin 2003-cü ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirdiyini deyərək, ölkə vətəndaşlarının rifahının xeyli yüksəldiyini, qaçqın və məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb: “Aparılan uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olunub. Azərbaycanın yalnız hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini ötüb. Ölkənin iqtisadi durumu xeyli dərəcədə yüksəlib, bütün sahələrdə böyük inkişafa nail olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində də xeyli işlər görülüb. Orduda xidmət edən, habelə ehtiyata buraxılan zabitlərin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilib”.

O, bu baxımdan növbəti prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyinin vacibliyini vurğulayıb və bütün təşkilatları onun namizədliyini dəstəkləməyə çağırıb. E.Həsənli Azərbaycan xalqının böyük əksəriyyətinin prezident İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəklədiyini qeyd edib.

Digər çıxışçılar da prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlardan söz açaraq, növbəti Prezident seçkilərində İ.Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.

Sonda koalisiya adından dövlət başçısının növbəti dəfə Prezidentliyə namizədliyinin dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda bunlar yer alıb: “Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya əsasında mütərəqqi inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son on ildə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində cəmiyyətin bütün sahələrində mühüm nailiyyətlər əldə edilərək, ölkəmiz beynəlxalq birlikdə böyük nüfuz qazanıb. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən müharibədən zərər çəkmiş insanların sosial məsələlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir. Hazırda ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün, minlərlə şəhid ailəsi, Qarabağ müharibəsi əlilləri, veteranları və sosial imtiyazlara malik digər insanlar vardır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ağır durumla üzləşmiş soydaşlarımızın problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Artıq ölkədə bütün çadır şəhərcikləri ləğv edilərək, məcburi köçkünlər yeni salınmış, hər cür şəraiti olan qəsəbələrdə yerləşdirilib. Yataqxanalarda, məktəblərdə və digər inzibati binalarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin də sosial şəraitinin yaxşılaşdırılması yönündə görülən işlər ardıcıl olaraq davam etdirilir. Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, həmçinin Çernobıl əlillərinin sosial müdafiəsi həmişə diqqət mərkəzində saxlanılır, onların mənzil-məişət və digər ehtiyaclarının təmin olunması üçün mütəmadi olaraq zəruri tədbirlər görülür. Bu kateqoriyadan olan vətəndaşlarımızın müalicəsi və istirahəti təşkil edilir, övladları üçün xüsusi düşərgələr yaradılır. Milli Qəhrəmanlar, şəhid ailələri, müharibə və Çernobıl əlilləri üçün prezident təqaüdü də təsis edilib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən orduda xidmət edən, habelə ehtiyata buraxılan zabitlərin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi tədbirlər görülüb. Prezident mütəmadi olaraq hərbi hissələrə baş çəkir, hərbi qulluqçuların bütün problemləri ilə maraqlanır. Dövlət başçısının müvafiq fərmanına əsasən, 20 ildən artıq hərbi qulluq edən zabitlərə mənzil verilməsi nəzərdə tutulub.

Hər bir müstəqil dövlətin dünya birliyində özünə layiq yer tutmasını təmin edən amillər içərisində onun silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu strateji sahəyə çox böyük önəm verir. Bunun nəticəsidir ki, müasir Azərbaycanın keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, güclü, istənilən döyüş tapşırığını yerinə yetirməyə qabil olan ordusu vardır. Azərbaycan əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə bölgənin lider dövlətidir. Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır. Belə bir şəraitdə Azərbaycana idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı, prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir”.

Bəyanatda məhz bu məqamlar nəzərə alınaraq İ.Əliyevin namizədliyinin dəstəkləndiyi qeyd edilir: “Bütün bunları nəzərə alaraq, biz ölkəmizin bu günü və gələcəyi naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edir, bir çox vətəndaş cəmiyyəti təsisatları tərəfindən cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsini alqışlayırıq. Hərbi-vətənpərvərlik və döyüş əməliyyatlardan zərər çəkmiş vətəndaşlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının koalisiyası da, bu təşəbbüsə qoşulur və qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirir”.

Aqil LƏTİFOV

 





22.05.2013    çap et  çap et